Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hüquq elmindən kəsilənlər...



Keçmiş baş prokurorlar İxtiyar Şirinov, Əli Ömərov, Bəhrəm Zahidov, bir də mən idim. Üçümüz də 2005-ci ildə Milli Məclisin üzvülüyünə eyni dairədən namizədlyimizi vermişdik. İmişli rayonunun 80 saylı dairəsi 80 dəfə oyun açdı başımıza.

İxtiyar Şirinovun, Əli Ömərovun, Bəhrəm Zahidovun, xarici maşınları var idi.  Mənim də türklər demiş, arabam yox. Onların JİP-lə getdikləri yolu mən  payi-piyada gedirdim.  

Məni kimi  gələcəyin deputatını seçicilərimin ağzı qara itləri tutsa idi,  lap yaxşı olardı mənə. Axı mənim  tək–tənha bu yollarda nə işim var?

İmişli camaatı əsasən prokuror sevən camaatdır, saz nədi, söz nədi,   bunlar hamısı onların nəzərində çoban–çoluq işidir. Ona görə də Əli Ömərov, İxtiyar Şirinov və Bəhrəm Zahidovun adı gələndə az qala məni ayaqları altına alsınlar. Az qala, belə adamların qarşısında namizədliymi verməyimə peşiman eləsinlər, lap  belə namizədliyimi geri götürməyə məcbur eləsinlər. Hətta  bəziləri  deyirdi  ki, böyük adamların qarşısında namizədliyini vermək sənin ağlına hardan gəlib? Bəlkə, səni bir öyrədən var?

Rəngli plakatları çıxan İxtiyar Şirinov idi, Əli Ömərov idi, Bəhrəm Zahidov idi, mənim pasport boyda şəklim vardı, onu da vurmuşdum sinif yoldaşım Sabirin dükanın qapısına, bir də sinif yoldaşım Məmmədin  traktorunun arxa süşəsinə.

İxtiyar Şirinovun, Əli Ömərovun, Bəhrəm Zahidovun çoxlu vəkilləri vardı. Yaxın adamları şəkilləri vururdular kolxozun köhnə binasının ön divarına və orta məktəbin bütün divarlarına.

Mənim vəkilim yox idi, daha doğrusu, vəkilə verməyə pulum yox idi.

İxtiyar Şirinov, Əli Ömərov, Bəhrəm Zahidov hüquqdan dərs deyirdilər  ədəbiyyatdan iki verdiyim  adamlara.  

Mən bu kəndlərdə uzun illər dərs demişdim.

İxtiyar Şirinov, Əli Ömərov, Bəhrəm Zahidov  vaxtı ilə uduzduqları hüquq elmindən  dərs deyirdilər seçicilərə.

İxtiyar Şirinov Sürət Hüseynova uduzmuşdu, Əli Ömərov Rövşən Cavadova, Bəhrəm Zahidov  da  vaxta.

Hüquq elminin hakimiyyətini qoruya bilməyənlər indi camaata hüquq elmindən, hüquqi dövlətdən, hüquq azadlığından, hüquq müdafiəsindən dərs deyirdilər.

İxtiyar Şirinov Beyləqandan idi, Əli Ömərov Gəncədən , Bəhrəm Zahidov və mən İmişlinin tən ortasından idik.

İxtiyar Şirinov, Əli Ömərov bir-  iki prokurora, bir -iki seyidə, bir- iki ağsaqqala, bir- iki məktəb direktoruna ümid olub gəlmişdilər bizim tərəkəmə kəndlərinə. Tərs kimi mən də tərəkəmə. Tərs kimi tərəkəmələr də prokuror sevən, prokuror görəndə yerini dəyişən, ayağının birini götürüb, birini qoyan.

İmişli camaatı qədər  prokuror sevən  camaat  yoxdur. Əgər ki, bir nəfər prokuror ola, o da cəmi bir il işləyə və töhmətlə işdən çıxarıla və  ona müqabil  bir şair ola 70 il yaşaya  və 70 ölkədə 70 kitabı çıxa Azərbaycanı  bütün dünyada tanıda,  yenə bu camaatın yanında o bir il işləyən   və töhmətlə işdən çıxarılan prokurorun şərafəti, o  70  kitabı çıxan şairin şərafətindən böyükdür.

O ili heç birimiz seçilmədik. Başqa birisi seçildi. Seçkidən sonra Əli Ömərov, İxtiyar Şirinov  və Bəhrəm Zahidov məni Bakıda  görüşə çağırdılar. Dedilər,  gəlin Mərkəzi  Seçki Komissiyasına   ərizə yazaq ki, seçki  demokratik keçirilməyib  və biz namizədlər  seçkinin nəticələrinə etiraz edirik. Əlqərəz yazdıq qolladıq, lazıımı yerə yolladıq.

Iki ay sonra İxtiyar Şirinov, Əli Ömərəv və Bəhrəm Zahidov ərizələrini geri götürdülər. Mən götürmədim. Tərs kimi  huquq elminin beli yenə  sındı.

Qəşəm Nəcəfzadə

 

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений