Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Günel boğulanda mən də onlarla idim… – Deputatın oğlu



Model Günel Mirzəyevanın Bilgəh çimərliyində yaxta gəzintisi zamanı faciəvi şəkildə dünyasını dəyişməsi olayında vaxtaşırı olaraq adı hallandırılan Həbib Axundov (millət vəkili Elmira Axundovanın oğlu) açıq məktub yayıb və bəzi media qurumlarının ona qarşı böhtan atdığını bir daha vurğulayıb.

Axar.az xəbər verir ki, H.Axundov bu hadisə ilə bağlı özünə qarşı böhtan kampaniyası aparılmasından şikayətlənib.

H.Axundov rusca yaydığı məktubunda qeyd edib ki, 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub:

“Mən də həmin gün onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisəyə müdaxilə edə bilmədim. Buna görə böyük təəssüf hissi keçirəm. Əgər onun yanında olsaydım, Güneli mütləq xilas edərdim. Çünki üzməyi çox yaxşı bacarıram və bu vaxta qədər Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm”.

H.Axundov bildirib ki, hadisədən sonra 4 gün ərzində model G.Mirzəyevanın ailə üzvləri ilə birgə onun axtarışına qoşulub:

“4 gün davam edən axtarışda mən də iştirak etdim. Bu müddətdə Günelin ailəsi ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq”.

Millət vəkilinin oğlu cinayət hadisəsinə necə və hansı səbəbdən xitam verilməsinə də aydınlıq gətirib:

“Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından, hadisəni təbii ki, olduğu kimi istintaqa danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi.

Faciənin ilk günü sahildə olan söhbətlərə gizli-gizli qulaq asan və oğrun baxan yad insanları gördük. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda oldular. Dəfn zamanı isə qəbiristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir”.

H.Axundov hadisədə onu günahlandıran və KİV vasitəsilə onu qaralamaq istəyən şəxslərin də məhz həmin insanlar olduğunu hesab edir. O, məktubunda bildirib ki, həmin şəxs öz maşınında dəfələrlə mərhumun evi önündə gəzib:

“Günelin dəfn günü bir jurnalist mənə zəng edərək dedi ki, əlində mənim və bu qız haqqında məqalə var. O, bunu dərc etmək istəmir. Və əgər sifarişçiləri əhəmiyyətli məbləğlə “mükafatlandırsam”, məqalənin dərci dayandırılacaq.

Açığı bu məni şoka saldı. Bədbəxt qızın ölümündən istifadə edən, bundan şou yaratmaq istəyən necə insandır?! Reket jurnalisti cəzalandırmaq qərarına gəldim və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Mərhumun ləyaqətini alçaldacaq məqalənin dərc olunmayacağı qarşılığında əvvəlcədən hazırlanmış və qeydə alınmış pullar həmin jurnalistə verildi.

Həmin şəxs yerindəcə saxlanıldı. Araşdırma artıq sona çatdı və tez bir zamanda o, məhkəmə qarşısında dayanacaq. Hazırda isə həmin jurnalistə yaxın mətbuat onu vicdanlı adam kimi qələmə verərək qurban kimi təqdim etməyə çalışır. Bu işə başqa saytları da qoşur”.

H.Axundov məktubundə bildirib ki, bütün bunlar ona və ailəsinə qarşı yeni kampaniyanın başlanmasına səbəb olub. Onun sözlərinə görə, bəzi saytlar modelin videolarını və şəkillərini də yaymaqla onun ailəsinə zərər verir və incidirlər.

Millət vəkilinin oğlu məktubunda sual edib ki, niyə ona qarşı kampaniya başladanlar məhkəməyə deyil, mətbuata müraciət edir və niyə mərhum modelin adını hallandırır:

“Mən adi insanam, məndən hansısa bədheybət və ya tüfeyli düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vaxtı-vaxtında vergi də ödəyirəm.

Biznesimlə həm ətrafımdakı insanlara, həm də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur.

Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar”.

H.Axundov məktubunda həmçinin mediaya da səslənib və bildirib ki, ona və mərhum model G.Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoysunlar:

“Günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.

Qeyd edək ki, model Günel Mirzəyeva 24 iyun 2017-ci ildə Bilgəh çimərliyində faciəvi şəkildə dünyasını dəyişib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений