Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qonşunun acığına xoşbəxt olmaq 



Bütün insanlar həyatı boyu xosbəxt olmaq uğrunda mübarizə aparır. Xoşbəxtlik bəzən bizdən iki addım qabaqda gedir və ya arxada qalır, ya da bizimlə addımlayır. Romanlar yazılır, yeni kəşflər edilir, bir tərəf müharibə aparır, o biri tərəf məğlub olur, siyəsətlər, mədəniyyətlər, bir sözlə, son hecası “ət”lə qurtaran bütün hər şey gecə-gündüz işləyir ki, təki  insan xoşbəxt olsun. Amma insanın da xoşbəxt olmağı,  arzularına  çatmağı  günü-gündən  gecikir.

At-ət, ədal-ət, səad-ət,  mədəniyy-ət,  qabiliyy-ət,  sədaq-ət,  sür-ət, mətan-ət , qüvv-ət,  cür-ət,  hürriyy-ət,   təbi-ət,  şəriy-ət,  həqiq-ət,  şeiriyy-ət,  məhəbb-ət və sonu nə qədər “ət”lə qurtaran sözlər varsa, gündə  min dəfə tələffüz etsək də,  ağzımız şirin olmur ki, olmur.  Xalq demişkən, halva-halva deməklə, ağız şirin omaz, qardaş.

Şair Nazim Hikmət deyir,  dərd çox, həmdərd yox, ürəklərin qulaqları kardır, kar. Xoşbəxtliyi tapmaqdan və xoşbəxt olmaqdan ötrü  hər cür vasitələrə əl atırıq. Məsələn, nə qədər şadlıq sarayları tikirik, bərli-bəzəkli, barlı-baxçalı, amma ürəyimiz soyumur. Efirlərə çıxırıq, var gücümüzlə qışqırırıq, yalan uydururuq, ağzımıza gələni danışırıq, yenə ürəyimiz soyumur ki, soyumur. Kredit götürüb ən bahalı maşın alırıq, ürəyimiz dincəlmir ki, dincəlmir. Xarici ölkələrə tez-tez səfər edirik, gələn kimi xatirə dastanı yazıb çap etdiririk,  şəkillər paylaşırıq ki, bəlkə qonşunun ürəyi partlasın, amma görürük ki, qonşu yenə  öz kefində, səhər-səhər ağ  paltar  geyinib, nəvəsinin əlindən tutub bağçaya aparır. Bəlkə bu da qonşunun mənə qarşı hazırladığı təxribatdır ki, ürəyim parlatsın? 

Bir sözlə, bu gün aramızda  müharibə gedir. Kim daha xoşbəxtdir və ya  kmi nə qədər bədbəxtdir, bir sözlə, işimiz, gücümüz qonşu ürəyi parlatmaqdır. Bir də görürsən ki, qonşu qızını 18 yaşında ərə verir, o saat o biri qonşu  16 yaşındakı qızını ərə verməkdən ötrü təcili ər axtarışına çıxır və tez-tez ağzında bir sözləri saqqız kimi çeynəyir: Mən qızımı onun acığına 16 yaşında  ərə verməsəm, heç adam deyiləm. 

Xülasə, hamı qonşunun acığına yaşayır. Hamı acığa düşüb. Birinin oğlu əgər 15 yaşında tələbə adını alıbsa, o saat o biri başlayır ki, hökmən gələn  il mənim oğlum 13 yaşında tələbə adını almalıdır və almasa, heç kişi deyiləm. Bir də görürsən ki, biri tələbə vaxtı  Azərbaycan Yazıçılar Birliyinə üzv olur, bununla  elə bilir ki, AYB-yə tez üzv olmaq ədəbiyyatın kürəyini yerə qoymaqdı. O saat  o biri fikirləşir ki, əgər mənim oğlum  Azərbaycan Yazıçılar Birliyinə  orta məktəbdəykən üzv qəbul olunmasa, onda  gərək mən nazirliyə işə getməyəm. 

Bir də görürsən ki, birinin şeirlər kitabı tələbə vaxtı çıxır, o birisi o saat deyir ki, mənim övladımın kitabı nəinki tələbə vaxtı, orta məktəbin birinci sinifdə  çıxmasa, “JEP” avtomobilinə  minməkdən imtina edərəm. Şou –biznesin  aparıcı nümayəndəsinin dediyi sözə fikir verin: Əgər o, “Əməkdar artist” adı alırsa, mən  elə birinci dəfəyə “Xalq artisti”  adını almasam, başıma göydən  bir yekə  daş düşsün. 

Bəli, hamı xoşbəxt olmaq istəyir. Sankı hər kəs öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq arzusundadır.

Bir dəfə  marşrutla işdən evə gəlirdim. Bir “JEP”  maşını arxadan hey siqnal  verir, ciddi-cəhdlə avtobusu keçməyə can atırdı.  O,  keçə  də bilərdi,  amma özünü sərnişinlərə göstərməkdən ötrü  fasiləsiz siqnallayır və başını çölə çıxarıb bizim sürücüyə  altımərtəbəli söyüşlər söyürdü. Yəni, desinlər ki, bu oğlanın nə gözəl  maşını var.  Nəticədə o, qabağa keçib bizim avtobusu zorla saxlatdırdı və  hirslə  sürücünü yenə söyüb  ağzına tutarlı bir yumruq vurdu. Bu da bu bədbəxtin xoşbəxtliyi idi. Sürücünü onun əlindən güclə aldıq. Axırda  yaşlı bir qadın  yerə düşüb bir oğlana baxdı, bir  “JEP” maşınına baxdı və hamının  eşidə biləcəyi uca bir səslə dedi:  
-Bala, günah səndə deyil, Allah  krediti  çıxaranın evini  yıxsın! 

Yəni, bu, o demək idi ki, sən maşını kreditlə almısan, barı utan. Oğlan  birdən- birə “kredit” sözünü eşidib bədbəxt  oldu və sakitçə başını aşağı salıb mindi maşına.

Bəli, insanlar xoşbəxtlik axtarır, amma necə? Halbuki, xoşbəxlik sakitçə gəlib yanımızdan keçir,  bizim də  xəbərimiz yox.

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений