Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyada daha bir respublika etiraza qalxdı: Ana dili hərəkatı genişlənir



Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ana dilinin icbari tədrisinin ləğvinə etiraz aksiyaları başlayıb. Etirazçılar məktəblərdə məcburi başqırd dili dərslərinin davam etdirilməsini istəyiblər. Paytaxt Ufada 20 nəfər fəal “Başqırdıstan Konstitusiyasını pozmayın”, “Başqırd dövlət dilindən əlinizi çəkin”, “Dilin olmaması millətin yoxluğu deməkdir” şüarlarını qaldırıblar. Aksiyanın keçirildiyi gün Moskvadan komissiya gözlənirdi, Başqırdıstan məktəblərində şagirdlərin başqırd dilini öyrənməyə məcbur edilib-edilməməsi araşdırılacaqdı.

Qeyd edək ki, son dövrlər prezident Vladimir Putinin göstərişi ilə Rusiya Federasiyasının subyektlərində milli dillərin icbari tədrisinin qarşısı alınır. Hələ iyul ayında milli azlıqların yaşadıqları regionlarda etnik rusların yerli dilləri öyrənməyə məcbur edildiyini deyən V. Putin  Rusiyanın etnik respublikalarında rus dilinin tədris saatlarının azaldılmasından narazılığını bildirib. Rusiya prezidenti bildirir ki, kimisə ana dili olmayan dili öyrənməyə məcbur etmək yolverilməzdir. Bu bəyanatdan sonra bölgələrdə rusdilli valideynlər ruscadan başqa digər dillərin məcburi tədrisinin ləğvini tələb ediblər.

Bu açıqlamadan sonra başqırd və  tatar dillərinin icbari tədrisinə məhdudiyyət tətbiq edilib. 

Ancaq bölgələrdə dövlət başçısının bu fikrinə qarşı çıxan ziyalılar və ictimai fəallar əsas məqsədin yerli xalqların muxtar statusunun əlindən alınmasından ibarət olduğunu deyir. Siyasi müşahidəçilərin fikrincə, Vladimir Putinin planı yerli respublikaların statusunu quberniya səviyyəsinə endirmək, onların idarəçiliyini isə birbaşa Moskvaya tabe etdirməkdir. 

Artıq Tatarıstanda aksiyalardan sonra ana dilinin tədrisi icbari saxlanılsa da dərs müddəti həftədə səkkiz saatdan iki saata endirilib. Eyni vəziyyət federasiyanın digər bölgələrində də müşahidə olunur. Moskva özü də bilmədən yerli millətlərə “ayı xidməti” göstərərk onları oyadıb. Buryatlar ana dilinin geri qaytarılmasını tələb edir. Adıgeylər öz dilinin yayılma səviyyəsinin aşağı düşməsindən təşviş keçirir. Tatarıstanda tatarlar öz ana dilində daha çox bilgi alır. 

Rəsmi məlumata görə, Başqırdıstanda 4 milyon nəfər əhali yaşayır. Onların 1,1 milyon nəfəri etnik başqırdlardan ibarətdir. Başqırd dilində danışan və özlərini bu xalqa aid edənlərin sayı isə 790 min nəfər təşkil edir. Ancaq hər kəsin başqırd dillində danışa bilməsi üçün yerli hakimiyyət respublikanın statusunu qoruyub saxlamalıdır. Yerli əhali isə milli dəyərləri qoruyub saxlaya bilmədiyinə görə Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Hamitovdan narazıdır. Hətta sentyabr ayında R.Hamitovun  istefası tələbi ilə bir neçə aksiya keçirilib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya rəhbərliyi milli siyasətin həyata keçirlməsində səhvlərə yol verməməlidir. Əks təqdirdə, federativ subyektlərdə yaranmış narazılıq Rusiyanın gələcək siyasi taleyini təhlükə altına sala bilər: 

“Rusiya televiziya kanallarını izləyəndə elə təəssürüt yaranır ki, sanki bu ölkədə heç bir problem yoxdur. Amma ara-sıra ciddi problemlər üzə çıxır. Tatarıstanda tatar dilinin işlək dilə çevrilməsi ilə bağlı narazılıqlar baş verir. Rusiya hakimiyyətində olan müəyyən zümrələr, məmurlar var ki, həmin səlahiyyətləri Tatarıstanın əlindən ala bilər. Başqırdıstanda baş verən hadisələr ondan xəbər verir ki, Rusiyada proseslər hər an məcrasından çıxa bilər. İki müharibədən sonra Çeçenistan ram edilsə də bu respublikada bütün problemlər həllini tapmayıb. Rusiyada 150-yə yaxın millət yaşayır. Onların problemlərinin həllində diqqətli olmaq lazımdır. Şovinist yanaşma ortaya qoyanda bu həmin millətlərin narazılığına səbəb olur. Ona görə də hesab edirəm ki, Rusiya milli siyasətinə ciddi korrektələr etməsə, bu ölkə etnik problemlərlə üzləşə bilər. Rusiya hakimiyyətinin siyasətində avtoritarizm meyilləri hər zaman özünü göstərir. Bu yalnız idarəetmədə deyil, həm də milli və xarici siyasətdə özünü büruzə verir. Son illər Rusiya Gürcüstanda, Ukraynada milli zəmində parçalama siyasəti həyata keçirib. Həmçinin, işğalçı Ermənistana dəstək verməklə Dağlıq Qarabağ probleminin həllini uzadır. Bu proseslər Rusiyanın daxilində də baş verir və narazılığın getdikcə artdığı görünür. Ona görə də Rusiya federal subyektlərlə bağlı siyasətinə yenidən baxmalıdır. Əgər Kremldə düşünürlərsə ki, bütün qərarlar Moskvada verilməlidir, o zaman bu cür etirazlarla tez-tez qarşılaşacaqlar. Əgər etnik məsələləri həmin millətin təmsilçiləri ilə danışıqlar yolu ilə həll etsələr ixtişaşların, narazılıqların qarşısını almaq mümkün olacaq, Ancaq Moskva bütün qərarları özü vermək istəsə, bu cür etirazlar hər zaman olacaq”. 

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений