Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Aqil Abbas da deyir, gedin soğan əkin...



Harda təyyarə vurulursa, Türkiyə sərhədləri yada düşür. Vurulan təyyarələr  Türkiyənin  hərbi sayıqlığını, gücünü yada salan əsaslı bir fakt kimi önə çıxır.  Çox  qəribə hisdir, elə deyilmi?

Turkiyənin Rusiya hərbi  təyyarəsini  vurmağı əslində köhnə söhbətdi. Amma bu məsələ bizim kənddə hələ də təzə kimi qalır, qalır nədir,  lap adam balası kimi yaşayır, böyüyür.
Türkiyə  rus təyyarəsini vurduqdan sonra bütün siyasi anlamda nə vardısa, hamısı yenidən  çözüldü. Hətta bu təyyarənin üstə bizim kənddə də mübahisə düşdü. 

Məsələn,  Mamed   Rusiyanı, Sadıq   Türkiyəni müdafiə etdi. Mamed  öz həyətindən  Sadığa həyət -bacasını suvarmağa su vermədi, su  arxını bağladı, bir sözlə, su sarıdan Sadığın ailə təsərrüfatına “embarqo” qoydu.  Elə bil, su arxı neft kəməri-zad  imiş. Mamedlə  Sadığın  uşaqları məktəbdə bir  partada otururdu, indi  ayrı otururlar,  arvadları təndir qalayanda bir-birinə isti təndir çörəyi verirdilər, indi daha vermirlər. Sanki Mamedin  evi Sadığın  evinə “sanksiya” qoyub. Sadığın uşaqları məktəbə kəsə yolla, yəni  Mamedgilin həyətinin böyründəki  cığırla gedib -gəlirdi, Mamed o cığırı da bağlayıb. 

Bir sözlə, Rusiya  və Türkiyə münasibətləri bizim kəndə Mamedlə Sadığın timsalında  geniş sürətdə və özü də gərgin bir biçimdə davam edir. Nə Sadıq dönür  dediyindən, nə Mamed. 

Sadığın oğlu İstanbuldadır, Mamedin oğlu  Moskvada. Kəndimiz də  yığışıb  Mamedlə Sadığın tamaşasına. Tamaşa demişkən, Tamaşa xala da keçib Mamedin tərəfinə.

Kədimizin kişiləri  axşam baxırlar televizora, səhər  tezdən yığılırlar  mərəyə. “Mərə” kənddə camaatın toplaşdığı mərkəzə deyilir. Axsam televizorda Putinlə Ərdoğan danışır, səhər saat 11 -də  bizim kənddə Mamedlə Sadıq.

Axşamkı televizordakı söhbətlərdən:
Putin dedi:
-  Türkiyə bizim təyyarəni bilərəkdən vurub.
Ərdoğan: 
- Sərhədlərimizi keçmişdi, ona görə vurmuşuq.
Putin:
-Təyyarənin  üstündə Rusiyanın dövlət nişanları vardı, ən azı Türkiyə ona hörmət etməliydi.
Ərdoğan: 
- Biz o nişanları görməmişik.
Putin: 
- Biz  Suriyada İŞİD terrorçularını  məhv etmək istəyirik.
Ərdoğan:
- Siz “İŞİD-i vururam” deyirsiniz, əslində türkmən cocuqlarını bombalayırsınız.
Putin:      
-Türkiyə bizdən üzr istəməli və  təyyarənin əvəzində təzminat ödəməlidir.
Ərdoğan:
-  Türk heç vaxt üzr istəməz və sərhədlərimiz   bir də pozularsa , təyyarələri  həmin anda vuracağıq.

Səhər bizim kənddəki söhbətlərdən:
Mamed:
- Türkiyə gecikmədən Rusiyadan üzr istəməlidir, yoxsa Türkiyə çökəcək.
Sadıq: 
- Heç vaxt türk   üzr istəməz. Türkün tarixi keçmişi var.
Mamed: 
-Artıq  Rusiya  nəhəng hərbi gəmilərini  Aralıq dənizinə yığmaqdadır. Türkiyə çökür.
Sadıq: 
- Türkiyə  Egey və Qara dənizdə Dardanel və Fosfor boğazlarını bağlayıb, Rusiya dağılır.
Mamed: 
- NATO Türkiyəni tək qoyacaq....
Sadıq: 
- Türkün şanlı tarixi vardır, bu, elə bizə bəsdir.  Türk heç vaxt yağıya baş əyməz.

Sadıq kəndin mərkəzinə artıq  dünya xəritəsini gətirir. Qədim türk torpaqlarını karandaşla  nişanlayıb camaata göstərir. Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və bütün türk dövlətlərinin  xəritələri əlindədir, hamıya tarixi əraziləri həvəs və hirslə izah edir.

Mamedin ancaq bir sözü var, üzünü camaata tutub bir əlini də üzünə çəkərək deyir:
- Sən öl, bu Mamedi yuyub basdırasınız ki,  rusun qabağında heç kəs dayana bilməz.

Elə bil bu saat kəndimizdə bələdiyyə  seçkiləridir, camaat iki hissəyə bölünüb, yarı Sadığın tərəfində, yarı da Mamedin. Putinlə Ərdoğan çoxdan barışb. Amma Sadıqla Mamed hələ də kəndimizdə adamları  başına yığıb  dava eləyir. Bir sözlə, əsəb su yerinə axır. Aqil Abbas da  bir yandan deyir ki, gedin  soğan əkin.

Qəşəm Nəcəfzadə 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений