Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Canım sənə fəda olsun...



Ömrümüz imtahanlarda keçir. Doğulandan qəbir evinə kimi... Hər uğurlu  imtahanın sonu qələbədir. İmtahanın da çoxu nədənsə qadının boyuna biçilib.  Çiyni gücə tap gətirsə də- gətirməsə də, imtahan verməlidir qadın. Ən çox da məişət imtahanı. Çünki qadın məişət üçün yoğrulub- yapılıb. Onun boyuna ölçülən imtahan tələbi isə yalnız dörd divar və ona yaxın həndəvərdən ibarət olmalıdır. Məişət şüuru  ilə yaşayan toplum tələb edir ki, qadın bu həndəvərdən o yana keçməsin.  Onu yalnız eşq, məhəbbət, uşaq qəhrəman edə bilər. Başqa qəhrəmanlıqlar onun üçün deyil... Etsə belə görünməz, bilinməz...

 Yalnız, məişət imtahanından yaxşı keçən qadınlar  qalib və qəhrəman ola bilir. Məişət imtahanında ancaq iki sual var: kişi və uşaq. Odur ki, qadınlarımızın məişət qəhrəmanlığı ictimai şüur qəhrəmanlığına çatmır, çata bilmir. Nə mənası var... Axı el üçün yananın gözü kor olar. Elə özüm üçün  yavaş -yavaş yanım, kül olum, yox olum.   Beləcə yaşayır, ömür sürür, bitir qadın.

Amma hərdən topluma qadın qəhrəman da lazım olur... Amma bu qəhrəman qadın yalnız eşq yolunda fəda olacaq qadın ola bilər. O, Janna Dark ola bilməz. Dərhal daşqalaq olunar. O, yalnız həyatında olan eşqin qurbanı ola bilər. O, Vətən daşı yox, kişinin ayağının altının daşı olacaq. Yalnız o halda onu qəhrəmana çevirəcəklər, yalnız o zaman ona dastanlar qoşacaqlar...

Və nəhayət, axır ki, bu günlərdə toplumu vəcdə gətirən bir məişət qəhrəmanı tapıldı və ona dastan yazıldı... Dildən- dilə, eldən -elə, evdən-evə, məhlədən- məhləyə, nəhayət bütün ölkəyə yayıldı. Bu dastanı yazanların tələbi “Bizə eşq nağılı verin” idi!  Budur bizim qibləgahımız!  Başqa bir istəyimiz- tələbimiz yoxdur. Hətta bu eşq qəhrəmanından üzr istənildi,  kimi balet qoşdu, kimi mahnı, kimi şeir, kimi də roman yazmaq həvəsinə düşdü. Eşqə aşiq millətimin qadını beləcə məişət şüurundan ictimai şüura keçid imtahınından kəsildi.  Halbuki...

Siz heç “vorzakon”ların Qarabag “razborka”sı barədə eşitmisinizmi ? Mən eşitməmişəm... Amma mən  Qarabag deyən az saylı qadınımızın harayını eşitmişəm. Bəyəm bizim Janna Darklarımız azdırmı? Hanı onlara həsr edilən baletlər, şeirlər, romanlar, mahnılar? Hanı? Onlar da aşiqdir. Onlar daha böyük eşqlə -Vətən eşqiylə yaşayır.  Niyə bu eşqin gözü kordur? Niyə eşq aşiqləri bu eşqdən ruhlanıb sıralarını artırmır? Çünki orda nağıl yox, reallıq var. O reallıq ki, gərək özünü yox, böyük bir toplumu, Vətəni sevəsən, Vətən daşı olasan. “Vətənim” deyib qışqırıb hay -haray salasan!  Biz isə kiçikdən böyük sevgiyə keçmək, onlara dastan qoşmaq əvəzinə onları daşlamağa hazırıq. Çünki bizdən deyillər, nağıllar aləminin qəhrəmanı ola bilmirlər. Fərdi eşqdən çox yüksəkdədirlər.

Nağıllar yaxşıdır, uşaqları uyutmaq üçün. Nağıllar yaxşıdır, müharibənin qan- qadasını  uşaqların görməməsi üçün...  Nağıllar yaxşıdır, uşaqların atəş səsini eşitməməsi üçün. Çünki uşaqlar müqəddəsdir və gələcəyimizdir. Mən sevginin müqəddəsliyinə, sadiqliyinə inanıram.  Amma özünü fərdə yox, millətə fəda edənlərə daha çox heyranam.

Mən şəhid analarına heyranam, mən vətənpərvər övlad böyüdən hər vatəndaşa heyranam. Amma bu günlər göstərdi ki, toplumun əksəriyyəti hələ də Vətən aşiqi olmaqdan yan ötüb, fərd aşiqi qalmaqdadır.

İllər keçəçək,  nə vaxtsa biz də BÖYÜYƏCƏYİK!!! İnanıram ki, o zaman da bütün eşqlərdən ən ulusu Vətən eşqi olacaq.  Bətnində gəzdirdiyi balasına “Vətən eşqdir” deyib pıçıldayanda qadınlar əsl qalib olacaq!  “Sənin üçün ölürüm” deyə qürurlanıb, “Canım sənə fəda olsun, VƏTƏN!” deyəndə...

Mehriban Zeynalova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений