Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Üzüksüz barmaqdan kredit  uşağa...  



Qızlar hər şeydən əvvəl barmaqlarından ibarətdir. Bir az böyüdümü, həddi - buluğa  çatdımı, ilk dəfə gözə dəyən barmaqlar olur.

Ona görə  sevgi nişanəsi olan  üzüyü barmağa taxırlar. Üzük taxıldımı, o  qız  bütün bəlalardan hifz olunur.  Üzük onu qoruyur, uçurdur. Xoşbəxt edir, gələcəyə aparır. Yaşıdlarından fərqləndirir.  Üzüyün  dairəsi onun  sərhədlərinə çevrilir. Fiziki baxımdan dairə kiçik  olsa da, mənən  bu ərazı çox böyükdür. Əgər  üzüyü barmağından   çıxarsa, dərin  bir  boşluğa düşəcək, çünki üzük boş olanda  quyu olur.

Bəs  barmağına üzük taxılmayan qızlar neyləsin, şair demiş, halına nəynən ağlasın?

Mənə elə gəlir barmaqlarına üzük taxılmayan qızlar qapısı, pəncərəsi olmayan otağa bənzəyir. Ordan soyuq gəlir, külək əsir, qar - şaxta üzük taxılmayan barmaqları dondurur. Qızlar ən çox üzük taxılmayan barmaqlarından xəstələnirlər və sonda  barmaqlar intihar edir, ölür.

Üzük taxılmayan barmaq cəmiyyətin  ən birinci iqtisadi - sosial, mənəvi - psixoloji problemlərindən biridir.  Bəzən biz bunu diqqətdan qaçırırıq.

Qızıl dükanlarının qarşısından keçəndə saysız -  hesabsız intihar edən   barmaqların  naləsini eşidirəm. Sevgilisinin barmağına üzük taxa bilməyən oğlanlar bu dükanların qarşısında ikiqat olurlar. Çünki onların heç dörd ay maaşı  üst – üst yığılsa, bir nişan üzüyü eləmir. Bəs onda bu oğlanlar neyləsin?  Dərdini hara desin, barmaqların ağrısını necə ovutsun?

Heç olmasa, orta aylıq maaş bir üzüyün qiymətində deyil. Vaxtı ilə yazdığım bir şeirdə deyirdim:

Öpüm, sığallayım saçlarını mən,
Dinclik bağışlayım ayaqlarına.
Mən sənə daş-qaş da ala bilməsəm,
Qəlbimi taxaram barmaqlarına. 

Həyat yoldaşımın qız vaxtı ən çox sevdiyi bu şeir idi. Ailə qurandan sonra  heç bu şeirin üzünə baxmır. Qəlbi barmağa taxmaq yaxşı bir duyğudur. Bəs onda qəlbin yerində nə dayansın, o boşluğu nə doldursun?
Barmaqları üşüyən qızlar bir üzüyə həsrətdi. Bəs  necə etməli? Bəzən gənclər kredit götürüb nişan üzüyü alırlar. Kreditlə alınan üzüyün mayasında nəsə bir soyuqluq olur. Çünki onu ödəyib qurtarınca, barmaqlar daha da üşüyür, nəticə də ona soyuq dəyir, xəstələnir. Oğlan hər dəfə qızın barmağına baxanda,  kredit yada düşür, bir sözlə, sevgilinin barmağı ödəmə kartına çevrilir. “Kredit” sözü birbaşa sevgiyə təsir edən sosial amildir.  Nə qədər sevənlərin  arasını soyudur. Onları kədərləndirir. Hələ gələcəkdə ev, cehiz, toy problemləri-  kreditləri  bir yana,  indidən “nişan üzüyü  sındromu”   sevginin dayaqlarını  laxladır. Gənçlərin psixologiyasına  pis təsir göstərir. Sonra ev, cehiz krediti və s.  yeni qurulmuş ailənin mayasına faizləri  daxil edir. Sonra  həmin ailədə doğulan uşaq hissiz - duyğusuz olur, həyata münasibəti bankomat təsiri bağışlayır. Ən şirin duyğular belə üzündən çəkilib gedir. Yaddaşında milli -  mənəvi, əxlaqi dəyərlər qalmır. Çünki o, kredit uşağıdır.  Ona necə deyəsən ki, get Qarabağda döyüş?  Düzdü, deyə bilərsən, gedə bilər, amma onun içində bir  səmimiyyət duyğusu çatmır. Ona görə ki, anasının barmağındakı nüşan üzüyü  vaxtilə kreditlə alınmışdı, sonra anası o üzüyü lombarda qoymuşdu. Pulunu ödəyə bilməyəndə satmışdı. Atası onu doğum şöbəsindən  kreditlə götürdüyü  pulla çıxarmışdı.  Yatdığı beşik, qaldığı ev, atasının sürdüyü maşın hamısı kreditlə idi. Artıq bu uşaq çoxdan məğlub olub, özü də bankların faizlərinə. Kreditlə doğulub yaşayanlar  həyatda, cəmiyyətdə necə bir mövqe  qazana bilər?  
Bəli, indi Azərbaycan  insanının  bir aylıq orta  maaşı bir üzük eləmir.  Bu, sosial  vəziyyətin  çətinliyini göstərən faktdır.

Mən  hər dəfə üzükləri az qala çölə tökülən  qızıl dükanlarının qabağından həyəcansız kecə bilmirəm.  Barmaqları intihar edən qızların  harayını eşidərəm. Bu səsi cəmiyyətimiz də eşitməlidir. Özü də tez...

Qəşəm Nəcəfzadə 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений