Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Görüş bitdi: Silahlar danışacaq?



Sədrəddin Soltan: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə və Azərbaycanın işğal etdiyi ərazilərdən çıxmağa hazır deyil”

Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə növbəti görüş keçirilib. Görüşdən sonra Sarkisyan İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə bildirib ki, Azərbaycan prezidenti ilə cəbhədə gərginliyin azaldılmasına dair razılıq əldə edilib. Ancaq görüşdən sonra Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya bildirib ki, görüşdən sonra Ermənistanın dövlət başçısı Serj Sarkisyan erməni diaspor təmsilçiləri ilə söhbətində bəzi bəyanatlarla çıxış edib:

“O bildirib ki, Qarabağ probleminin həlli Dağlıq Qarabağa erməni icmasına ancaq xüsusi statusun verilməsindən asılıdır. Danışıqlar bitdikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri də həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə müsbət emosiyalı bəyanat verib, nikbin əhval-ruhiyyə yaratmaq istədi. Amma Sarkisyanın bəyanatı onu göstərdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə və Azərbaycanın işğal etdiyi ərazilərdən çıxmağa hazır deyil. Təmas xəttində atəşkəsin pozulması və atəş səslərinin çoxalması kimi hallar da Ermənistanın məsələyə münasibətinin göstəricisidir”.

Ekspert hesab edir ki, Ermənistan Qafqaz bölgəsində bir “barıt çəlləyi”dir: “Kreml Ermənistanı silahlandırır. Əslində, bu ölkə bütövlükdə Moskvanın hərbi bazasıdır. Rusiya həm də bu ölkədəki başqa xərclər üçün maliyyə vəsaiti ayırır. Kreml təkcə ötən il rəsmi Yerevana 37,3 milyon dollarlıq maliyyə yardımı edib. Bundan əlavə, Rusiya Ermənistana hərbi texnika almaq üçün 100 milyon dollar həcmində 20 illiyə 3 faizlə kredit verəcək. Bu maliyyə vəsaiti 2018-2022-ci illər ərzində xərclənəcək. Onu da qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib. Cari ilin sonunadək bu kreditlə alınan silahların Ermənistana tədarükü başa çatacaq.

Bu yaxınlarda Ermənistana radiolakasiya sistemi tədarük edilib, 2016-cı ildə isə “İsgəndər” verilib. Ermənistan 2018-ci ildə hərbi büdcəsini 518 milyon dollara çatdıracaq. Bu, 2017-ci ildəkindən 17 faiz çoxdur. Bunun da 100 milyon dollarını əvvəlcədən Rusiya “kredit” şəklində verir. Həmçinin, oktyabrın 4-də Rusiya və Ermənistan Silahlı Qüvvələri Birliyi qruplaşmasının yeni reqlamenti qəbul edilib. Reqlamentə əsasən, Rusiya ali baş komandanının razılığı ilə Ermənistan ali baş komandanı ölkə ordusundakı vəzifəli şəxsləri dəyişə bilər. Dinc şəraitdə Ermənistan ordusunun komandanları ölkənin ali baş komandanına tabe olacaqlar. Müharibə və təcavüz şəraitində isə hər iki ölkənin baş komandanlığı Rusiya Cənub Hərbi Dairəsinin rəhbərliyi altında qərar qəbul edəcəklər”.

Sədrəddin Soltan vurğulayıb ki, mənzərə Ermənistanın bölgədə Rusiyanın hərbi hissəsi və yaxud hərbi bazası olmasını sübut edir: “Bu hərbi baza qonşu dövlətlərlə - nə Gürcüstanla, nə Türkiyə ilə, nə İranla, nə də Azərbaycanla  normal münasibət saxlaya bilər. Ermənistanın Gürcüstana, Türkiyəyə, İrana ərazi iddiası var, Azərbaycan ərazilərinin bir hissəsini işğal edib və ölkənin başqa ərazilərinə də göz dikib. Ermənistan bir dövlət kimi heç bir funksiyanı yerinə yetirmir. O, bölgədə gərginlik yaratmaq, münaqişə ocaqların dərinləşdirmək və yaralı çiban rolunu oynamaq funksiyasından başqa bir işə yaramır. Odur ki, prezidentlərin görüşündən sonra da təmas xəttində gərginliyin artması, atəşkəsin pozulması halları Ermənistanın hazırkı funksiyasından xəbər verir. Onun başlıca funksiyası da bölgədə münaqişələrin davamlı olması üçün çalışmaqdır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений