Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Messiyə təpik dərsi 



Mənim həyata qəribə baxışım var. Hər şeyin kökünü, əslini  axtaran adamam. Bir gənc şairin  şeirini dinləyən kimi o saat soruşuram: 

-Hansı bölgədənsən?  
Ona görə ki,  şairin şeirində doğulduğu kəndin şəhdi- şirəsini axtarıram. Deyirəm ki, gorum sözü-kəlməsi  öz torpağının  gülünə-çiçəyinə  oxşayırmı? Şairin gözəllyi orasındadır ki,  yaşadığı bölgənin  gözəlliyini tərənnüm edir. Təkçə görüntü xatirinə yox, həm də içini, səsini, lətifəsini ifadə edir. Çünki onu şəhərə öz yurdu, eli- obası göndərib. Vay odur ki, sənin şeirində yurdun olmaya, elin-oban görünməyə.

Kənddən  26 ildir çxmışam, bu saat gedim kəndə,  kəndin məktəbinə, birinci sinif uşaqları ilə söhbət edim, o saat biləcəyəm ki, bu uşaq kimin nəvəsidir, hansı evin, hansı ailənin  uşağıdır.

Atam da belə idi.  Otardığı qoyunların nəslini tanıyırdı. Adi bir fakt:  O, Böyükağa qoyununun  nəslini sadalayanda mən heyrətlənirdim. Bu hesab  üst-üstə 15 ilə qədər gedib çıxırdı.
Həyat  da belədir, dərindən fikirləşsək, biz bir-birimizin əlindən tutub gedirik. Belə deyək  ki, göydən  gəlib yerin altına gedirik. Ancaq əllərimiz üzülmür. Mən 11 babamın adini bilirəm və elə bilirəm ki,   babalarımla  əl-ələ tutub gedirəm. Belə olmasa, heç nə dəyişməz. Həyat inkişaf etməz.

Uzun sözün qısası, hər çiçək   bitdiyi torpağın ətrini verməlidir. Vermirsə, bizim çiçək deyil. İndi bənövşəmizi küsdürüb Hollandiyadan Azərbaycana  gətirilən güllər. İndi iydəni kədər tozu bürüyüb, nəyə görə görkəmli yerlərə bu ağacı çıxarmırıq?  Ətri də bütün ağaclardan gözəl. Elə xərc də istəmir, ürəyi istədiyi yerdə bitir. Bizim iydəmiz Afrika ağaclarından  min dəfə gözəldir. Hələ bu bir yana,  bulvarda əkilən əcnəbi ağaclara nə qədər xərc çəkirik, onun gətirilməsi, əkilməsi böyük xərçlər hesabına başa gəlir.  Hələ iydə nədir, Xan çınarı  da ona qurban deyirik, böyrünə çinardan, söyüddən dirək vururuq, Allaha yalvarırıq ki, ay Allah, nə olar, bu ağac bulvarda bitsin. Dirək vurduqlarımız bitir, amma  bu ağac bitmir. Bitənlərin tumurcuqlarını yoluruq.

Bu bahalı ağacların  budağı yox, yarpağı yox, üstündə quşu yox, bülbülü yox. Başına  dönüm iydənin, başında yüz bülbülü var, qurban olum söyüdə, başında min quşun  yuvası var, qadasını alım  Xan çınarın,  yüz adamlıq kölgəsi var. 

Görəsən, xaricə  meylimiz nədən doğur? Niyə biz xarici ölkələri bu qədər çox istəyirik? Az qala bulvarda Afrikadan gətirilən ağaclar  bizə yalvarııb desin ki, ay başınıza dönüm, mən bu torpaqda bitə bilmirəm , məni aparın öz torpaqıma. Ağaclar   bir yana, hələ xarici insanları da zorla, pulla gətiririk  ölkəmizə.  

Elə götürək fitbolu... Mən qəbul edə bilmirəm ki, gedib uzaqdan bir zəncini gətirəsən ki, gəl  biz tərəfdən oyna. O da oynaya və günlərin bir günü qol vura,  sən də sevinib Azərbaycan bayrağını götürüb meydança boyu qaçasan. “Urra”, “Urra” deyəsən, zənci də sənin dalınca düşə, atılıb minə sənin boynuna, sən onu öpəsən, o da səni öpə , aləm  qarışa bir-birinə. Qardaş, belə qolu mən hesabdan saymıram, lap 10: 0 qələbə qazansaq belə. Qolu öz milli başımız vurmayıb axı. O başımız ki, onun içində Qarabağ kimi bəlamız var, o ayağımız ki, Cıdır düzündə yüyürməyə həsrətdi. Yoxsa zəncinin  ayağı ilə vurulan topla yaramı sağalar?  Başmı düşünər? Ozü də televizor bütün dünyaya göstərir ki, bu, bizim millətdən deyil. Biz kimi aldadırıq?  Bu futbolun milliyyəti yoxdurmu? Anası-dədəsi yoxdurmu? Onda belə çıxır ki, gedib yazıçımızı da başqa millətdən gətirək və deyək ki, sən gəl bizim yazıçı ol, bizə əsər yaz, Nobel mukafatı al bizə. Lap elə gedək Viktor Pelevini gətirək. Ev verək, mülk verək, sonra da çıxıb getsin ki, mən heç sizin yazıçısınız olmuram. Niyə məni deputat seçmirsiniz? 
Biz tərəfdən  futbol oynayan  əcnəbilərin vurduğu qolları necə milli sərvətimiz hesab edə bilərik? O, Azərbaycanda öz davamçılarını necə yetişdirə bilər? Necə ki, bulvarda  xaricdən gətirilən  ağaclar zorla bitir və ya bitmir, eləcə də  xariçi futbolçular da  milli futbolumuzdə  kök ata bilməzlər.

Yaxşısı budur ki, özümüzdən tapaq oyunçularımızı. Bəlkə də dünyada bizim kimi qəşəng təpik vuran  yoxdur. Sən öl,  biz  bir- birimizə elə  təpiklər vururuq ki, vurdularımız  hələ də uçur, dayanmır. Bu cür təpik vurmağı  xaricdə heç kimsə bacarmaz.  Nə olar,  gəlin  bir gün var gücümüzü toplayıb   topun dalına  elə təpik vuraq ki,   birbaşa  girsin rəqib komandanın qapısına. Sonra  o topun səsi Braziliyadan gəlsin. Axırda Lionel  Messi gəlib desin ki, xahiş edirəm, o cür  təpik vurmağı mənə də öyrədin.

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений