Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə üçün çətin “kürd seçimi”: Ankarada “Müstəqil Kürdüstan”la bağlı qərarsızlıq



Şimali İraq ərazisində “müstəqil Kürdüstan” dövlətinin qurulması prosesi davam edir. Kürdlər müstəqillik referendumuna hazırlaşır. Region dövlətlərinin məsələyə münasibəti birmənalı deyil. Daha maraqlı olan Türkiyənin mövqeyidir.

Maraqlıdır, Şimali İraq kürd yönətiminin rəhbəri olan Bərzani ilə münasibətləri isti olan Ankaranın müstəqil referendumuna reaksiyası necə olacaq? 

“Kürdlər Qərbin əlində alətə çevrilib”

“Cümhuriyət” qəzetinə şərhində siyasi-şərhçi Seymur Süleymanov bildirib ki, əslində Türkiyənin etirazı gözdən pərdə asmaqdır. S.Süleymanov hesab edir ki, Türkiyə özünün şərtləri daxilində Kürdüstanın müstəqilliyini qəbul edir:

“Bir çox dövlətlər, eləcə də Türkiyə hakim və müxalifət partiyalarından olan millət vəkilləri və beynəlxalq təşkilatlar, 25 sentyabrda Şimali İraq Kürd Muxtariyyətinin keçirəcəyi referendum prosesinə “xalqların öz müqəddəratını təyinetmə hüququ” prinsipindən yanaşırlar. Və bu referenduma beynəlxalq hüquqi aktlar fonunda haqq qazandırırlar. “Müstəqil Kürdüstan” 150 il öncə böyük dövlətlərin planında var idi. Xalqların öz taleyini təyin etmə haqqı Amerika prezidenti olmuş Tomas Vudrou Vilson tərəfindən, ilk öncə Osmanlı ərazilərinə yeni dövlətlər qurmaq üçün ortaya atılmışdı. Amerikalılar məşhur “Vilson prinsipləri” ilə Türkiyənin şərqində erməni dövləti, cənub-şərqində kürd dövləti yaradıb, öz planlarını Şərqdə rahatca icra etməyi düşünürdülər.

Demək istədiyim odur ki, Qərb əsrlərlə Şərqdə öz layihələrini icra etmək üçün min cür hoqqadan çıxır. Ancaq ən acınacaqlı vəziyyət, Qərb və Amerikanın kürdləri bu oyuna alət etməsidir. Çünki kürd xalqı əsrlərcə türklərlə bir bayraq altında çiyin-çiyinə yaşayıblar. Ancaq indiki vəziyyətdə cərəyan edən proseslər onu deməyə əsas verir ki, artıq kürd xalqı öz dövlətini yaratmaq ideyasını qısa zamanda gerçəkləşdirəcək. İllər öncə siyasi hadisələrə nəzər saldıqda, Kürdüstanın hələ İraqın Amerika tərəfindən işğal olunduğu zamandan meydana çıxdığını görmüş olarıq. O zaman belə bir sual ortaya çıxır. Amerikaya İraqın işğalı üçün zəmin yaradan hansı ölkə idi? Təəssüf ki, bu şəraiti də məhz Türkiyə özü yaratmışdı. Şimali İraqda referendum qərarı açıqlanana qədər Məsud Bərzanini Ankarada rəsmi dövlət başçısı kimi qarşılayan və muxtariyyətin bayrağını asan kim idi?” 

“Bu durumu Ankara özü yaradıb”

Ekspert deyib ki, zamanında Türkiyə hökumət rəsmilərinin Bərzaniyə verdiyi dəstək bu gün yaranan mənzərənin əsasını qoyub: “2013-cü ildə Yaxın Şərqdə geosiyasi gərginliyin artan vaxtında Diyarbəkrdə Atatürkün portretlərini kürd liderinin portretləri ilə əvəzlənmiş və “tarixi hadisə” kimi qiymətləndirilən Ərdoğan-Bərzani görüşü baş tutmuşdu. Türkiyə tərəfdən bir çox arqumentlər irəli sürüərək, bu görüşü, bölgədə barışın və sülhün rəmzi olduğunu bildirirdilər. O zamandan bu günə nə dəyişdi ki? O zaman Bağdad höküməti bu addımın yanlış olduğunu dilə gətirirdi. Lakın bunların hamısı qulaq ardına vuruldu. Və indiki mənzərə göz önündədir.

Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu 2015-də Ərbilə rəsmi səfəri ərəfəsində Bərzani ilə mediaya qapalı görüşlər keçirdi. O zamanlar Türkiyə-Amerika əlaqələri yaxşı müstəvidə idi. Və Türkiyə Amerikanın dəstəyi ilə bir çox uğurlu gedişlər etdi. Amerika o zaman həm bu münasibətdən geosiyasi divident qazanırdı, həm də düşünürdü ki, Türkiyə-Şimali İraq əlaqələrinin yaxşılaşması fonunda İraqın enerji qaynaqlarının Türkiyəyə bağlanması strateji şansdır. Ancaq təəssüflər olsun ki, o zamankı siyasi situasiya ilə indiki arasında yerlə göy qədər fərq mövcuddur”.

Türkiyənin şərtləri

S.Süleymanov Kürdüstanın müstəqilliyini dəstəkləmək üçün Türkiyənin şərtlərini də açıqlayıb: “Lakin Şərqdəki siyasi gedişata diqqətlə nəzər yetirmək lazımdır. Bir çoxları düşünür ki, 3-4 ay bundan öncəyə qədər Bərzani-Ankara əlaqələri müsbət idi, indi isə mənfi məcraya yönəlib. Lakin bu heç də belə deyil. Türkiyə referenduma qarşı çıxmaqla, əslində gözdən pərdə asmaq istəyir. Çünki Amerikanın ipinin üstünə odun yığılası deyil. Əgər Şimali İraqdakı referendumu dəstəkləmiş olsa, sabah da Türkiyənin cənubundakı kürdlər referendum təklifi ilə çıxış edə bilərlər. Bu və digər ehtimalları nəzərə alaraq, Türkiyə maraqlı bir oyun aparır. 

Ankara üçün maraqlı suallar meydana çıxır. Kürdüstan müstəqilliyini elan etsinmi? Və bu müstəqillik hansı şərtlər altında gerçəkləşməlidir? Qənaətimcə, müstəqil olacağı təqdirdə, Kürdüstan bu tələblərə uyğun davransa, bölgədə sabitlik hökm sürər. Və heç bir tərəf itirməz. Birincisi, kürdlər Türkiyənin ərazi bütövlüyünə və təhlükəsizliyinə xələl gətirəcək addım atmamalı, Ankaranın xarici və daxili siyasətinə qarışmamalıdır. İkincisi, Ermənistanın Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal etdiyini qəbul etməli, heç zaman Türkiyəyə işağlçı Ermənistanla sərhədləri açması mövzusunda tələb irəli sürməməlidir. Üçüncü isə beynəlxalq arenada Dağlıq Qarabağla bağlı reallığı dilə gətirməli, Ermənistanın işğalçılıq siyasətinə dəstək verməməli və işğalçı ölkə tərəfindən Azərbaycanın Xocalı faciəsini tanınmalıdır”.

“Kərkük Türkiyə üçün döyünən ürəkdir”

Türkiyənin Kərkük siyasətinə də toxunan ekspert hesab edir ki, bu məsələni hərbi yolla həll etmək uğurlu yanaşma deyil: “Kərkük yerli məclisinin referendum qərarı çıxarması, şəhərin gələcəyi və statusu baxımından əhəmiyyətlidir. Ancaq bu referendumun normal keçə bilməsi üçün Səddam Hüseyn devrildikdən sonra terrorçular tərəfindən öz evlərindən zorla köçürülən türkmənlərin yenidən Kərkükə qaytarılması vacibdir. Onların haqları yenidən bərpa olunmalıdır. Digər tərəfdən, Kərkük geosiyasi və neft ehtiyatları üçün həm Bağdadın, həm Ərbilin, həm də Ankaranın diqqət mərkəzindədir. Məsələnin əsas mahiyyəti ondadır ki, Türkiyə türkmənləri düşündüyü qədər də, Kərkükün yeraltı sərvətlərini də düşünür və iqtisadi siyasətini bu plan üzərində qurur.

Digər tərəfdən, Kərkük kürd yönətiminə qarşı Türkiyənin əlində ən böyük rıçaqdır. Hərçənd bu rıçaqdan istifadə edəcəyi o qədər də real görünmür. Çünki bilirsiz ki, Kərkük-Yumurtalık neft boru kəməri Türkiyə üçün “döyünən ürək” mənasını daşımaqdadır. Kərkük Türkiyə üçün həm iqtisadi, həm də siyasi baxımından böyük önəm kəsb edən bölgədir. Digər tərəfdən, Türkiyə, İraq neft və qazını İsraildən yox, öz ölkəsindən keçərək Qərbə çatdırılmasını istəyir. Və bu xətlərlə də Ankaranın Orta Şərqdə əli güclənəcək. Kərkük üstündə savaşın əsas səbəbi bu məsələdən qaynaqlanır. Və Türkiyənin Kərkükü ərazisinə qatmaq əvəzinə, bu məsələni digər yollarla həll etməsi daha məntiqə uyğundur”. 

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений