Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Baxırsan hər yan madam...



Biz hədsiz dərcədə yemək yeyən millətik. Bunu son vaxtlar paytaxtımızın küçələrində - açıq havada fəaliyyət göstərən yeməkxanların kəskin artmasında görə bilərik. “Azərbaycan” kinoteatrının ətrafı, Natəvanın heykəlinin yan-yörəsi, həmin istiqamətdə bunaların böyür-başı, hər yer yeməkxanlardır. 

Bu ərazilər şəhərimizə gələn qonaqların könlünü xoş edən, gözoxşayan yerləridir. “Kukla teatrı” istiqmətdən şəhərə daxil olan bu küçə dünyaca məşhurlaşan Tarqovunun giriş qapısıdır. Xarici vətəndaşlar  ölkəmizə gələndə əsasən yollarını buradan salırlar. Biz də qonaqpərvərliyimizi nümayiş etdirmək üçün stollarımızı tökmüşük küçələrə. Az qala, adamların yolunu kəsmişik. Zorla kəsmişik ki, onları yemək stolunda əyləşdirə bilək.   

Turizm sevgisi  şərqliləri  ölkəmizə qovmaqdadır. Hər halda sevindiricidir. Bu sevincdə  qazanc əldə etmək üçün  belə bəsit  bir formada  istifadə edənlər var. Bu da şəhərimizin gözəlliyinə böyük xələl gətirir.

Lap deyək ki, biz  yeməkxanlardan pul qazanırıq, xalq dilində desək, “qaz vurub qazan doldururuq”,  mədəni dildə adına qonaqpərvərlik desək də bəs  süfrəmizi küçələrdə açmaq ayıb deyilmi?  Yeməkxanalar “Azərbaycan” kinoteatrını  üzük qaşı kimi mühasirəyə alıb. Yalandan  böyür -başına ekzotik olaraq  bir -iki süni gül quraşdırıblar. Guya bunlar təbiəti sevən insanlardır. Stolların divar və küçə tərəfinə müəllifini və adlarını bilmədikləri  bir- iki rəsm əsərini  də bərkidiblər. Bu da o deməkdir ki, biz də şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır.   Görəsən, bu cür yeməkxanaların  şəhərimizin gözəllyinə xəlil gətirdiyindən  aidiyyatı orqanların xəbəri yoxdurmu? Onsuz da Bakı şəhərində  kifayət qədər restoranlar var. Bəs küçələrdə süfrə açmaq nəyə lazımdır? Bəlkə onlar  elə başa düşürlər ki, bir-iki rəsm və  bir-iki gül şəkli ilə antisanitariyanın qarşısını alırlar. Güya şəhərimizi gözəlləşdirirlər. Niyə başa düşmürlər ki, küçənin ortasında yeməkxanaların  olması şəhərimiz üçün ən  böyük qəbahətdir? Həm bu cür iaşə abyektləri insanların sərbəst gediş – gəlişinə maneə olur, həm də bu küçədən nə qədər qarnı ac adamlar  keçir. Onların iştahları  asfalt küçələrə dəyib umsunur və bu iştah  nə vaxtsa qılınc kimi boğazımıza dirənəcək. 

Xarici vətəndaş   əlindəki tikənı ağızına aparanda,  küçəni keçən balaca uşaqların gözləri  onun əllərinə zillənir. Bəlkə də həmin xarici  vətəndaş bir də küçələrə atılmış  stollarda  yemək yeməyə   öz anlayışına üyğun  “tövbə” deyir.  Sabah qapalı, uyğun  bir yerdə oturmağı qərara alır. Həmin  yeməkxanalarda  işləyən  azərbaycanlının yeganə qazancı hər dəfə bir xarici vətəndaşı aldatmaqdan ibarət olur.  Xarici vətəndaş bir dəfə aldanır, elə bir dəfə də həmin yeməkxananın sahibi qazanır.
Bu gün  yeməkxanalar, Bakının adlı - sanlı küçələrini zəbt edir. Yemək iyindən o küçələrdən keçmək  olmur. Görəsən, şəhərimizin görkəmli küçələri niyə yeməkxanlarla özlərini xaricilərə tanıtmalıdır? Bəs niyə bu küçələrdə  mədəni- kütləvi tədbirlər, səyyar kitab satışları, rəsm əsərlərinin sərgisi  nəzərdə tutulmur? Ancaq küçələrin  daş üzünə  yemək süfrələrini sərməyə meyilliyik. Bəs görəsən, şəhərin belə görkəmli yerlərində yeməkxanların  açılmasının icazəsini nəyin qarşılığında ala bilirlər?   Diqqətlə fikir versən,  menyuda  heç bizim milli yeməklərimiz də yoxdur. Milli yeməklərimiz   bizdən  vətənpərvərdir. Onlar heç vaxt küçədə görünməzlər. Görünsələr,  gözəlliklərini itirərlər.  Müxtəlif cür spirtli içkilər, pivələr,  donərlər, əlüstü yeməklər küçələrimizi başına  götürüb.  “28 May” metrostansiyasına  yaxın küçədə adamların gediş -gəliş yoluna – səkiyə  yemək stolları düzülıüb. 

Odur, kişilər  hamının gözü qarşısında utanıb eləmədən  kababı dişlərinə çəkir. Yanlarından, onlara toxuna – toxuna  uşaqlarının əlindən tutub  cavan qadınlar  keçir. Gözümü yumuram. Lap xəcalət çəkirəm. Belə getsə, pul qazanmaq eşqi ilə  mədəmiz Bakının daş küçələrini udacaq. Yeməkxanaların əlindən   hara qaçaq, necə gizlənək? M. Ə. Sabir demişkən: Baxırsan hər yan madam, balkon madam, bulvar madam, qastin (otel) madam...

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений