Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ermənilər Qarabağı necə boşaldacaq? - Şərtlər açıqlandı



Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə rəsmi açıqlamaya dair sualları cavablandırıb.

Xatırladaq ki, xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 18-də Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş 5 və ya 7 rayonun Azərbaycana qaytarılması məsələsinin danışıqlar masasında müzakirə olunduğunu deyib. Lakin erməni nazir Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunacağı təqdirdə, ərazilərin boşaldılacağını bildirib. Rusiyanın “Gazeta.ru” xəbər saytı isə Ermənistan XİN-dəki mənbəyə istinadən əslində, Ermənistanın yalnız Ağdam rayonunu qaytarmağa razı olduğunu yazıb. 

Edvard Nalbandyanın açıqlaması həm Ermənistanda, həm də Dağlıq Qarabağ erməniləri arasında siyasi rezonans doğurub. Məsələyə aydınlıq gətirən Şavarş Koçaryan Edvard Nalbandyanın yeni fikir söyləmədiyini diqqətə çatdırıb: “Nalbandyanın da səsləndirdiyi bu fikirlər barədə dəfələrlə deyilib, o cümlədən, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında nizamlanmanın bütün elementləri açılıb. Nazir iki mühüm məqamı qeyd edib. Birincisi, Ermənistanla Qarabağ arasında maksimum etibarlı və təhlükəsiz, Azərbaycanın atəşlə vura bilməyəcəyi dəhliz olmalıdır. İkincisi, əgər söhbət ərazilərin güzəştindən gedirsə, bu da Dağlıq Qarabağın təhlükəsizliyinin tam təmin olunması hesabına mümkündür”.

Koçaryan həmçinin qeyd edib ki, Nalbandyan öz bəyanatı ilə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrlərinə verilmiş tamaşanı qaldırıb. “Heç kim hər hansı ərazini qaytarmağa hazırlaşmır” - deyə erməni diplomat bildirib. 

Rəsmi İrəvan Azərbaycana güzəşt barədə deyilənləri inkar etsə də Ermənistan XİN-nin rəhbərliyi tərəfindən verilən hər iki açıqlama bir məqamı ilə diqqəti cəlb edir-Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması müqabilində ətraf rayonlar qaytarıla bilər. Ancaq erməni diplomatlar təhlükəsizliyin təmin olunması dedikdə nəyin nəzərdə tutulduğuna aydınlıq gətirmir. Məsələnin sözügedən tərəfi ola bilsin ki, danışıqlar prosesində konfidensial şəkildə müzakirə olunur. 

Ermənistan XİN-nin son günlər verdiyi bəyanatları şərh edən politoloq Fikrət Sadıqovun sözlərinə görə, Dağlıq Qarabağla ətraf əraziləri təhlükəsizlik adı altında ayırmaq yolverilməzdir:

“Ermənistanın irəli sürdüyü şərtlər o qədər mürəkkəbdir ki, Azərbaycan ona heç vaxt əməl etməyəcək. Həm “Madrid prinsipləri”ndə həm də “Kazan formulu”nda torpaqların azad olunması birinci prosesin birinci mərhələsi kimi əks olunub. İndi Ermənsitan ərazilərin qaytarılmasından danışırsa, bu müəyyən qədər etirafdır. Güzəştə getmək istəyirlərsə, bu onların borcudur. Söhbət yalnız beş rayondan yox, işğal olunmuş bütün rayonlardan gedir. Buna görə də şərt qoymaq lazım deyil. Azərbaycan həmişə milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını qoruyub. Dağlıq Qarabağdakı ermənilər də Azərbaycan əhalisinin tərkib hissəsidir və onların təhlükəsizliyini təmin etməyə hazırıq. Əgər Nalbandyan, Şavarş Koçaryan həmin ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə sülhməramlı qüvvələrin yerləşdirilməsini vacib hesab edirsə, bu Azərbaycanın maraqlarına ziddir. Dövlətimiz buna heç vaxt razı olmayacaq. Çünki sülhməramlı qüvvələrin münaqişə bölgəsinə yerləşdirilməsi Dağlıq Qarabağın tamamilə itirilməsi deməkdir. Əgər sülhməramlı qüvvələr gəlib orta xəttdə dayansa, bu Dağlıq Qarabağ probleminin əbədi dondurulması deməkdir. Vaxtilə sülhməramlılar Gürcüstanda da, Moldovada da var, indi də Donbasa yerləşdirmək istəyirlər. Bu isə prosesin yarımçıq bitdiyi və davamı olmayacağı deməkdir. Amma torpaqları azad etmək istəsələr,  Azərbaycan onlara təminat verə bilər. Beynəlxalq müşahidəçilər də gəlib monitorinq aparıb vəziyyəti yoxlaya bilərlər. Sülhməramlıların əvəzinə bölgəyə BMT-nin, yaxud ATƏT-in müşahidəçiləri göndərilsə, daha münasib olar. Görünür, Ermənistan müyyən siyasi dalana dirənib və düşdükləri çətin vəziyyətdən çıxış yolu axtarışındadır”.

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений