Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Mikayıl Cabbarovun qapısı bağlı nazirliyi



Mən bilmirəm Mikayıl Cabbarovun  rəhbəri olduğu Təhsil Nazirliyinin  bir  qapısı var, ya yox? Adam ordan içəri girib  bir insana dərdini deyə bilir, ya yox? Sizi bilmirəm, mən iki il müddətində (36 illik pedaqoji fəaliyyətim ola-ola) bu təhsil “qalasına” bir yol tapa bilmədim. Binanı dörd dolansam da  qərara aldım ki, (qədim bir mahnıda deyildiyi kimi)  bu qalanın  heç  qapısı yoxdur, yox!

Kimə nə deyirsən, kimdən nə soruşursan, yalnız  bir cavab var: Nazir  tapşırıb, nazir deyib, burda durmaq olmaz, ora keçmək olmaz. Az qala deyələr ki, binanın yuxarı mərtəbələrinə baxmaq olmaz, nazir hirslidir, nazir oxuyur, nazir düşünür, təhsilin məhv olması üçün yeni yollar axtarır.

Təhsil Nazirliyinin  nə poçtu var, nə poçtxanası. Telefonları da düz deyil, işləmir. Sanki ünvanı da səhvdir. Nə qədər  məktub yazırsan, 37- ci ildə həbs olunan adamlar kimi  birdəfəlik gedir, nə xəbər gəlir, nə gedib soruşmağa  nə bir qapı  tapırsan, nə də bir pəncərə.

Adına təhsil, bilik, savad, elm deyilən  Təhsil Nazirliyində  kollec tələbələrinə oxşar, qızlar, katibələr və katiblər adama elə tərs – tərs baxırlar ki, elə bil bunların dərsliklərin bərbad olmasının əsas səbəbkarı mənəm. Elə  bil dərsliklərdəki  mənasız- mənasız şeirləri mən yazmışam. 

Nazirliyin mühafizəçisi mənə elə əyri -əyri elə baxır ki, elə bil  müəllimlərdən dərs yükü üçün pul yığan direktor da mənəm. Həm də şagirdləri müəllim yanına hazırlığa göndərən sinifləri boş qoyan, əvəzinə polisin maaşı qədər rüşvət alan direktorun ən yekəsi... Varlı uşaqlarının sinif rəhbərliyini  müəllimlərə pulla verən də mən olmuşam.

Buna  bax, bank işçisinə oxşayan nazirlik əməkdaşı başdan -ayağa  məni yenə  süzür. Sonra qayıdıb deyir ki, burada çox dayanmaq olmaz, çıxın çöldə gözləyin. Çıxıb çöldə dururam. Nazirliyin  çol qapıda dayanan  mühafizə polisi gəlib deyir ki, burda da  dayanmayın,  keçin yolun o üzündə dayanın. İndi nazir gələcək. Keçib  yolun o üzündə dayanıram.  Hansısa şirkətin mühafizəçi qolumdan tutur ki, burda dayanmaq  heç olmaz, keçin o biri küçədə durun, indi şirkətin rəhbəri gələcək. Keçib  paralel küçədə dururam. Sən demə, orda da bir şirkət varmış, onun da müafizəçisi  mənə  lap uzağı göstərir. Baxıram ki, Təhsil Nazirliyi  ən azı bir kilometr uzaqda qaldı. İstəyirəm qışqıram və deyəm ki, ay qardaş,  bu nazirliyin içi o yana qalsın,  məni heç onun həndəvərində dayanmağa qoymurlar. Kədərlənirəm, bir az da kövrəlirəm:  Axı bura mənim şəhərimdir, vətənimdir, üstündə dayanmağa  elə bil  haqqım yoxmuş...

Bu ay məktəb  qapılarının  açılması ayıdır. Nazırliyin qapısı açılmasa da.  Təmiz, yaraşıqlı  sinif otaqıları  bir- iki gün səs- küylü olacaq. Sonra şagirdlər bu məktəbi qoyub  “əsl məktəbə” gedəcəklər. Kurslara, müəllim yanına, test imtahanına hazırlaşmağa. Bu prosesdə bəzi məqamlara diqqət yetirmək istəyirəm.  Fənn müəllimləri uşaqları lap əvvəldən behləyiblər. Əgər dərs dediyi uşaqlar hər fənn müəllimin yanına hazırlığa gəlməsə, o şagirdin günü – güzaranı ağlamaqla keçəcək. Həmin müəllim  şagirdə “iki” yazacaq, qiymətlərini aşağa salacaq. Təzyiqdən sonra axır ki, şagirdin valideyni kredit götürüb uşağını həmin  müəllimin yanına göndərəcək. O saat ikinci təzyiq başlayacaq- direktorun təzyiqi. Bu, lap möhtəşəmdir.  Direktor da deyir ki, gərək uşaq dərsə gələ. Sonda valideyn direktora görüm – baxım eləyir, nəticədə sinif qalır boş. 

Görəsən, bu nazirlik niyə məktəb rəhbərlərinə, müəllimlərə birdəfəlk qəti göstəriş vermir ki, oturun məktəbinizdə öz dərsinizi keçin? Dövlət sizə maaş verir. Amma demir, çünki qapısı bağlı, dili bağlı, telefonu bağlı.  Nə ilə desin?  Nəticədə  bu il orta məktəblər açılır deməyək, bağlanır deyək. Müəllim yanında hazırlıqlar başlanır, məktəblərdə yox.  

Müəllim yanında test hazırlığınız mübarək, əziz məktəblilər!

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений