Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ağsaqqalların səhvi



Zaman-zaman ağsaqqal nəsihəti, ağbirçək öyüdü milli irsimizin əsas atributlarından olub. Kənd və şəhərlərdə, mahallarda, böyük-böyük vilayətlərdə ağsaqqal məsləhətləri tarixi rol oynayıb. Hətta bəzən  ölkə rəhbərləri belə çətin vəziyyətlə üz-üzə qalanda müdrik qocaları saraya dəvət edib onların tövsiyə və təkliflərindən yararlanıblar. Padşahlar, sərkərdə və valilər ağsaqqal məsləhətlərinə daima hörmətlə yanaşıb, bəzən onların bircə kəlmə sözü ilə neçə-neçə müharibələr dayandırılıb. Bəs birdən-birə nə oldu (Əslində hər şey birdən-birə deyil, tədricən oldu)? Niyə yaşlı nəslə qarşı bu qədər laqeydlik, biganəlik baş qaldırdı? Günah kimdədir? Zənn edirəm ki, məmləkətimizi hər mənada çökdürməyə çalışanlar, daxili qarşıdurma yaratmaq istəyənlər hamıya bəllidir. Amma psixoloji yanaşmaya görə hər bir fərd günahı daha çox özündə aramalıdır. Bu səbəbdən də mövzularımıza daha çox bu prizmadan yanaşırıq. 

Bütün baş verənlər ilk növbədə yaşlı nəslin demokratik prinsiplərə öyrəşə bilməməsindən doğur. İndi dövran başqadır. Bugünkü gənclik dünyaya inteqrasiya edib, müstəqilliyə öyrəşib, azad cəmiyyətin bir addımlığına çatıb. Onlarsa qapalı ölkədə, hətta ağac budaqlarının da DTK-ya işlədiyi dövrdə yaşayıblar. Konkret bir fikirlə bu fərqi göstərmək istəyirəm: kommunist təfəkkürü ilə demokratik düşüncənin mübarizəsi. Bu səbəbdən də birincilər reallığa uyğun məsləhət verə bilmir, ikincilərsə köhnə dünyagörüşündən doğan hər hansı məsləhətin xeyirli nəticə verəcəyini qəbul etmirlər. Bax, elə buradan da ziddiyyət, ayrılmalar baş alıb gedir. 

Açığı, ünsiyyətdə olduğum insanların söhbəti və saysız müşahidələrimdən bəzən ağsaqqallarımızın nə qədər səhv məsləhətlər verdiyini, öz tövsiyələri ilə gənc ailələri bədbəxt etdiyini görmüşəm. Onların dediklərində ancaq sovetdənqalma bir şüar qabarır: "Yalnız tabe ol!" 

Bu qorxaqlıq prinsipi isə özünü çox yerdə göstərir. Yaşlılarımız qarşı tərəfin haqlı olub-olmamasından asılı olmayaraq tabe olmağı, boyun əyməyi, ədalət və hüquq uğrunda mübarizə aparmamağı məsləhət görürlər. Son onillikdə nə qədər övlad valideyninə qarşı çıxıb, onu atıb gedib, illərlə qoyub getdiyi ata-anası ilə qətiyyən maraqlanmır. Gənclər hətta dərin, acılı problemlərlə baş-başa qalacağını bildiyi halda da, bunu alacağı məsləhətlərdən daha ziyansız zənn edirlər. Valideynlərlə yetkinlik yaşa çatmış övladlar arasında qarşılıqlı anlaşma az qala yox həddindədir. Bu yerdə Allah-təalanın son Elçisi Həzrəti Muhəmmədin (s.a.s) bir hikmətini xatırlamaya bilmirəm: "Allah lənət etsin o valideynə ki, övladlarını özlərinə qarşı çıxmağa vadar edir". 

İndi görün, Peyğəmbərimizin lənətinə tuş gələn nə qədər valideynlərimiz var. Ola bilsin ki, yaşlı oxucularımızdan bir qrupu bu yazını oxuyub hiddətlənsin. Bunu real qəbul edirəm və bilirəm ki, onların əksəriyyəti gənclərin də səhv yolda olduğunu, reallığa düzgün qiymət verə bilmədiyini, yalnız var-dövlətə, şöhrətə həvəs göstərməsini önə çəkirlər. Lakin gəncliyin problemlərindən daha çox yazmışam. Mərhum sənətkarımız Nəsibə Zeynalovanın "Məhəllə" kinokomediyasında yaratdığı Nənə obrazının dilindən onu unudan laqeyd nəvələrinə belə müraciət edilir: "Məgər 21-ci əsr olanda biz yaddan çıxmalıyıq? Məgər 21-ci əsr o deməkdir ki, yaşlılarla məsləhətləşmək, onları eşitmək olmaz?" 

Bütün bunlar da həqiqət və həqiqət olduğu qədər də acıdır. Bütün dinlərdə övladların valideynə olan əvəzsiz borcu önə çəkilir, "Valideyn haqqı Tanrı haqqıdır" deyilir. Amma ali həqiqət budur ki, böyük olmayan ev xarabalığa bənzəyir, böyüyün sözü keçməyən ailə viranəliyi xatırladır. İndi bunun bəlkə də son mərhələsidir. İndi qayınanalar gəlin gəlməzdən əvvəl onu necə ələ almaq barədə, ona necə mehriban olmaq barədə düşünürlər. İndi "gəlin mənim süpürgəmdir" deyən qayınanalar yox həddindədir. Çünki əvvəllər ailələrin dağılması mümkünsüz kimi görünürdü, didişsələr də, bir dam altında yaşamağa məcbur idilər. Amma indi ərin futbol, arvadınsa serial həvəsindən doğan "pult" mübahisəsi asanlıqla boşanmalara yol açır. Biçarə qayınana da bax, bundan qorxur. Bilir ki, bircə kəlmə dillənən kimi çıxıb gedəcək, heç geri də baxmayacaq. Ona görə də gəlin gələn kimi bütün səlahiyyətləri ona həvalə edir. Axı, yuxarıda dediyim kimi böyüklərimizin aman-zaman bir şüarı var: "Yalnız tabe ol!" 

Bu gün "Cənnət ayaqları altında olan" ananı oğul vəhşicəsinə döyür, heç "uf" da demir. Bilirsiniz niyə? Bu gün valideynlər övladı öz istəklərinə uyğun evləndirir və sabah problem yarananda bazardan alınmış yararsız mal kimi "apar, qaytar!" deyirlər. Bilirsiniz niyə? Bu gün var-dövlət üçün, məqsədli şəkildə evlənənlər yüz faizə yaxınlaşır. Hətta mənim köhnə bir dostum var, yaşı 30-u haqlasa da "Atasından məni dolandıracağına təminat almayınca, heç bir qızla evlənmərəm" deyib dayanıb. Bilirsiniz niyə? Biləndə, mənə də xəbər verin! 

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений