Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İtləri güllələməyin...



Son vaxtlar  ölkəmizin bir sıra bölgələrində  it qırğını başlayıb.  Hadisələrin gedişi  bəzi saytlara 25 il bundan qabaq yazdığım “Bu gecə itləri güllələdilər” şeirini xatırladıb.

Şeirdə itlərin tərəfində durmuşam. Ona görə əleyhimə fikir yazanlar da tapılıb. Deyirlər ki, mənim bir qohumumu it dişləsəydi, o da ölsəydi, bu şeiri  belə yazardımmı?

Üç qorxaq balaydı, bir anaydı,

Üçü dümağ idi, biri qaraydı.

Götürdü küçəni hay – harayları,

Qaldı küçələrdə çörək payları-

Suları ağlaya – ağlaya qaldı,

Küçəni süpürən qoca qadın da,

Balaca üzünü ovcuna aldı-

Bu gecə itləri güllələdilər.

Şeir haqqında bir neçə kəlmə. Bu şeirə Türkiyədə mahnı bəstələnib. Dünyanın müxtəlif dillərinə  tərcümə olunub.  Qonarar da  almışam. Heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar şeirin məzmununa uyğun televiziya verilişləri və maraqlı sujetlər  hazırlayıblar. Mənə təşəkkür məktubları göndəriblər.

İtləri müdafiə etdiyimə görə məni qınayanları başa düşürəm. Quduzluq az qala bəzi bölgələri başına götürüb.  İt dişləyənlər  xəstələnir,  ölür. Bizsə xilas  yolunu ancaq itləri güllələməkdə görürük. Bəs itlərin özünü bu xəstəlikdən necə xilas edək? Onlar yazıq deyil?

Uşaq vaxtı  məni dəfələrlə it dişləyib.  Bədənimdə itin dişləri  lap aydınca görünür. Hamısı mənim üçün şirin xatirədir.   İt dişləyəndə  mən niyə xəstələnmədim? Çünki o itlər xəstə deyildilər.

Demək, biz itlərə  qarşı yox, itlər arasında yayılmış xəstəliyə qarşı mübarizə aparmalıyıq. Özü də tibbin  gücü ilə. Aidiyyatı qurumlar öz işlərində nöqsanları ört –basdır etmək üçün gecələr itləri gülləbaran edirlər. Halbuki onlar itlərə qarşı yox,  xəstəliyə qarşı  mübarizə aparmalıdırlar. İtləri xilas etsək, özümüz də xilas olacağıq.

O itləri küçələrə biz buraxmışıq. Qapımızdan biz qovmuşuq. Onlar da gedib  kol dibində pərakəndə şəkildə çoxalıblar, xəstələniblər.  O it sürüsünün içində hər evin bir iti var.  Sonradan sahibinin xoşu gəlməyib, xəstələnib, nəticədə  açıb buraxıb çölə. Kimin qapısına gedir getsin, kimin uşağını dişləyir dişləsin, fəqri yox, təki onun qapısına gəlməsin. Bir şeyi anlamalıyıq: ölkəmizdə  itlərin kökünü kəsməklə, o xəstəliyin kökünü  kəsə bilməyəcəyik.

Balaca ayaqlar, dümağ ayaqlar,

Sevdiyi torpaqdan qopa bilmirdi.

O yana- bu yana qaçırdı itlər,

Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər.

Bu gecə itləri güllələdilər,

Torpaq indən belə qan bitirəcək.

Ayağımız altda qalan çörəyi,

Görəsən küçədən kim götürəcək?

O it bir  gün məni də dişləyə bilər, mən də xəstələnərəm, amma mənim düşmənim o it  deyil, o iti bu günə salandır. İnfeksion  xəstəliklərin vaxtında qarşısını almayan aidiyyatı qurumlardır. Yaddan çıxarmayaq, ətraf  mühitin qorunmasının əsaslarından biri  heyvanların  sağlamlığının müdafiəsidir. Xəstə iti aşkarlayıb müalicə etməkdir. Və ya xəstəsini  lap sonda məhv etmək olar. Amma onları kütləvi şəkildə məhv eləmək ən azı insanlıqdan deyil.

Niyə yaddan çıxarırsınız ki, o itlər vaxtı ilə sədaqətli dostlarımız olub? Nə olsun ki, indi xəstələniblər. Bəs biz o xəstəlikdən  itləri necə qoruya bilərik? Heç bu barədə düşünən var? Unutmayaq ki, heyvanlar  bizim sağlamlığımızın bir  tərəfidir, Səhiyyə Nazirliyinin infeksion  şöbələrinin dayandığı tərəf, daha doğrusu, bu şöbələrin mürgülədiyi tərəf...

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений