Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Yaşamaq məşğuliyyəti



Paveze düşüncəsi və yaradıcılığının gəldiyi Kafkasayaq ümumi nəticəsi budur ki, ölümün olduğu bu dünyada heç nə ciddi ola bilməz. Yəni, insanın ən ciddi düşüncəsi və ən ciddi qərarları belə yaşamaq məşğuliyyətinin tərkib hissəsidir. İnsan yaşayır və ölür. Qısaca desək, insan dünyanı yaradan naməlum enerji tərəfindən ölümə sürgün edilir. Doğulan gündən sonadək həyatını dəyişdirəcək ən kiçik addımı belə insanı sürətlə ölümə yaxınlaşdırır. Ölümə qalib gəlmək mümkün deyil.

Bir neçə il əvvəl qarlı qış günü idi. Çovğun adamı iliyinə qədər dondururdu. Bir qadın əlində polietilen paketlə yolu keçməyə çalışırdı. Sürətli avtomobillər onun bu səylərinə mane olurdular. Qadın sonuncu dəfə cəhd etmək qərarı verəndə döngədən əcəlin qabaqda əyləşdiyi avtomobil bayaqdan işə gecikmək təlaşının boğazında düyünləndiyi qadının qırtlağından yapışdı. Qadın öldü. Zənbilindən yarım çörək və içində yemək olan banka asfalta - cəsədin yanına düşdü. Tələskən ayaqları onu bir daha işə tələsməyəcəyi əbədi sakitliyə apardı. Rəhbərin işə gecikmək iradlarından yaxa qurtarmaq üçün tələsməsi qadına baha başa gəldi. Qatil nə qadının işini itirmək qorxusuyla tələsdirdiyi ayaqları, nə də əmr vermək ehtirasının eqolarını kökəltdiyi rəhbər idi. Həmin an bircə qatil gözə dəyməliydi və polis həmin qatilin qollarına qandal vurmalıydı, lakin o görünmürdü. Həmin an qadını ölümə tərk edən hər vasitə, onu yaşamaq məşğuliyyəti kimi ağır işin yandırıcı kraterinə atıb qovuran hər şey mühakimə olunmalıydı. Əlbəttə, insanı istəmədiyi və alçaldıcı əşyaların arasında yaşamağa vasitəçilik edən hər şey, hər kəs qatildir. Valideynlər qatildir, tanrı qatildir, təbiət, insan yaratmaq gücündə olan hər şey qatildir. İnsan qatildir.

Keçmiş Kirov qəsəbəsi əsl insan cəhənnəmidir. Ucuz evlərdə yaşamaq istəməyənlər bura qaçırlar. İt daxmalarına oxşayan evlərin əksəriyyəti kirayənişinlər üçün nəzərdə tutulub. Qəsəbə ucuz sosis və kirayə qoxusu verir. Həmin qəsəbədə mən ikinci kursda oxuyarkən Polad adında bir qolu olmayan adam yaşayırdı. Qəsəbədən gedənədək Poladın qolunu necə itirdiyini bilmədim. Bu, önəmli də deyildi, reallıq bu idi ki, onun qolu yox idi və heç zaman da olmayacaqdı. Amma ondan mənə xatirə qalan bir sözü var ki, hələ də dispanserin boş palatasının divarlarının sıxdığı dəlinin qışqırtısı kimi beynimin içində özünü ora-bura çırpır. Ac qasırğa kimi beynimin içində nə varsa, süpürüb aparır. “Hərdən qolumun qaşındığını hiss edirəm, olsaydı, elə ləzzətlə qaşıyardım ki, ləzzətindən yuxum gələrdi”, - Polad bunu deyəndə qəşş edib özündən gedirdi. Yaşamaq məşğuliyyəti Poladın qollarını aparmışdı. Bəlkə də heç onun iki qolunun olduğu şəkili də yox idi.

Nərmini xatırladım, yaşamaq işinin Bakıya qaçırdığı yoxsul ailənin ən kiçik üzvünü. O, nazik paltar ipiylə yırtığını bərkitdiyi çəhrayı ayaqqabısını beynimin mərkəzinə çırpmışdı, hələ də qumbara qəlpəsi kimi yapışıb orada qalıb. Paltar ipinin çəhrayı çəkələyin biri-birinə yapışdırdığı yırtıqlar illər sonra kimsəsizlər evində qarşısına çıxdığı övladının baxışları qədər yad və soyuq idi. Nə qədər isti yapışar valideyn yoxluğunun kimsəsizləşdirdiyi, cəmiyyətə yadlaşdırdığı övladın baxışı valideynin gecikmiş nəvazişinə? Buz baltası kimi adamı ortasından iki yerə bölər. Nərmin gözlərimin dikildiyi nimdaş və yırtıq çəhrayı çəkələyini göstərərək, “Elə bilirsən cırıldığını bilmirəm? Bilirəm”. Yaşamaq məşğuliyyəti Nərmini çəhrayı uçurumun qaranlıq dibində, Poladı isə qolsuz müqavimətin içində dəfn etmişdi.

Paveze doğru idi, az sonra öləcəyini bilən insanın içində yaşadığı sevinc hisslərini izah etmək mümkünsüzdür. Bəzən insan əzablarının yaşatdığı ağrılarının elə nöqtəsinə çatır ki, ən ağır daş kimi düşdüyü yerin dibində yox olmaq istəyir. Ağzından süd qoxusu çəkilər-çəkilməz insan əsl həqiqətlərlə üzləşir. Həqiqətlər o an insanın beyninə elə sürət və ağırlıqda çırpılır ki, ağrıdan gözlərini açmamış növbəti hücumları dəf edə bilmir.

Kim həyatını itirmək ehtimalı qarşısında qaldığı an səmimiyyətinə xəyanət edib ən müqəddəs dəyərlərini gözlərində yanan nifrət alovuna tərs süni yanaq batıqlarında dəfn etmədi? Kim özünə xəyanət edib hamıdan yaxşı yaşamaq eşqinə özünü axmağın axmağı yerinə qoymadı? Kim öz ehtiraslarının qurbanına çevrilib yalanın ən yalanını danışmadı? 

Kim öz günahlarının içindəki vicdansızlığına sığınıb başqalarının günahını ayıb görmədi? Kim özündən güclüsünün üzünə sırtıqca irişib içində bütün keçmişini, gələcəyini qatı açılmamış söyüşlərlə söymədi? Kim içində öz ehtirasının yaratdığı pediofil deyil? Kim öz inanclarına başqalarına xoş görünmək xatirinə xəyanət etmədi? Kim?

İnsan günah, ehtiras və qüsurdan yoğrulmuş və doğulduğu andan boğazınadək bataqlığa batmış lənətli canlıdır. Lakin insan həm də ölümünü elə bu dünyada görəcəyi şeylərdən özünə yaşamaq məşğuliyyəti tapıb ən iyrənc hərəkətlərinə haqq qazandırıb hamıdan çox və yaxşı yaşayacağına inanan anlayışdır. İnsan təbiətin mahiyyətsizliyidir. Niyə həyatın ən dərin yerinə ağır daş kimi düşüb hər şeyi bu dərinlikdə məntiqləri ilə görənlər üçün ölüm çıxış yolu kimi qabağa çıxır? Ölüm əzablı yaşamaq işinin başa çatdığı sonuncu gündür. Hər şeyin boş mahiyyətini məntiqdə mənasızlaşdıranlar üçün ölüm yox olmaq deyil, bu sonsuz yuxunun əbədi sakitliyinə keçiddir. Ya da ağrıyan məntiqdən xilas olmaqdır.

Ölümün bu dünyada yeganə həqiqət olduğunu dərk edənlər üçün ölümlə gələn sakitliklə əzabın işkəncəli ağrıları səssizləşir, zülmət ruha yox, fiziki mahiyyətə çökür, ölümdən qorxulmur, insanların səsləri beyinləri yemir, təkrarları yenidən təkrarlamaq üçün sabahlar açılmır, bütün suallar əcəlin qazdığı dərin məzarın əbədi susqunluğunda basdırılır, insanların elə insanın özünün yaşamaq ehtirasları diksindirmir. Əcəl zənginin çalınmasıyla, beyinin içindəki eybəcərin zəng səsi susur, dərini yırtaraq xilas olmaq istəyən ruh azadlığa çıxır. Son illərdə ölümün dəbə minməsi bunlara görə də özünü yaymağa meyillidir. İnsan ən çox da ölümlə burun-buruna gələndə özünə xəyanət edib yenidən yaşamaq məşğuliyyətinin korşalmış bıçağının qarşısına verib beyni qanayanadək qaşıdan mozaxistdir.

Həyatın keçici həzlərinin aludəçisi olanlar da, bu keçici həzlərin son anda ölümlə birgə yox olacağını məntiqi ilə görənlər də ölürlər. Ölüm məsələsində həyat heç kəsə digərindən fərqli libas biçmir. Sadəcə, ölümlərindən sonra xatırlanmaq istəyənlər özlərini inkişaf etdirdikləri halda, digəriləri də onların bu istəkləri üçün işləyib ölürlər. Həmişə də qabaqda gedən xatırlanır, onu qabağa itələyənlər yox. Tarix əksəriyyəti unudur. Arxadan gələnlər tarix üçün həmişə statistika olub: 1, 2, 3, 4....

Mənsur Rəğbətoğlu

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений