Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qaranlıqda qalan və sonra işığa çıxan ümidlər



Ölkədə iyulun 3-ü gecə elektrik enerjisində yarana  problem  bir çox qurumlarının heç də baş verə biləcək fəsadlara hazırlıqlı olmadığını göstərdi. Məlum oldu ki, illərdir ayrılan maliyyə vəsaitləri ya aidiyyatı üzrə düzgün istifadə olunmayıb, ya da başqa məqsədlərə xərclənib. Nəzərə alsaq ki, Azərbaycanın dövlət büdcəsindən hər dəfə enerji sahəsinə xeyli vəsait ayrılır, o zaman məlum hadisə vaxtı bu qədər fəsadlar ortaya çıxmamalı idi. Amma düşünülənlərin əksinin baş verməsi bəzi məqamları aydınlığa çıxartmış oldu. 

Məsələn aydın oldu ki, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-də illərdir xətlər təmir olunmur və texniki nasazlıqla fəaliyyət göstərir. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezident İlham Əliyevin rəhbərliyi ilə iyulun 4-də keçirilmiş müşavirədə dilə gətirdi. O, qeyd etdi ki, sözügedən stansiyaya xaricdən mütəxəssislər dəvət olunmalı və yenidən qurulmalıdır. Nazir bununla yanaşı köhnə qurğularla əhatə olunmuş stansiyada audit aparılaraq indiyə  kimi ayrılmış vəsaitlərin necə xərclənməsinin də araşdırılmalı olduğunu bildirdi. Vəsaitdən söz düşmüşkən qeyd edək ki, sözügedən stansiyada lazımi işlərin görülməsi üçün "Azərenerji ASC"-yə mütəmadi olaraq, heç də az pul ayrılmayıb. Konkret rəqəmlər açıqlanmasa da, mütəxəssislər hesab edir ki, adıçəkilən stansiyaya ayrılan vəsaitə bəlkə də bir Atom Elektrik Stansiyası tikmək olardı. 

Düzdür bəzi ekspertlər AES-lərin riskli olduğunu deyirlər. Amma bu risklər uzunmüddətli istifadə zamanı əldə edilən  mənfəətlərlə kompensasiya edilir. Ekspertlər hesab edir ki, hər il milyonlarla vəsaiti mövcud və köhnə stansiyalara ayırıb onu təmir edincə, zamanında AES tikilsəydi, bəlkə də Azərbaycan günlərlə işıqsız, susuz qalmazdı. Ümumiyyətlə, əgər Azərbaycan texnoloji və iqtisadi inkişafa görə dünyanın ilk iyirmi ölkəsinin sırasına düşmək istəyirsə, nəzərə almalıdır ki, lider dünya ölkələri iqtisadi və sənaye inkişafının hərəkətverici qüvvələrindən biri kimi məhz nüvə energetikasını seçiblər. 

Qeyd edək ki, Azərbaycanda Milli Nüvə Tədqiqatları Mərkəzi mövcuddur, demək dövlət bu istiqamətdə hansısa addımları artıq atıb. Təbii ki, bu gələcəkdə imkan verəcək ki, Azərbaycanda yenidən 3 gün əvvəl yaşanan fəlakət baş verdiyi halda onun qarşısı dərhal alınsın. Ancaq fövqəladə vəziyyət tək bununla bitmir. Gözləmədiyimiz halda təbii fəlakətlər də fövqəladə vəziyyət yarada bilir. Məhz, bunun da fəsadlarının aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi yaradılıb, həmçinin çox ciddi texnikalarla təchiz olunub. Nəzərə alsaq ki, bir neçə il öncə Kür çayının daşması nəticəsində yaranmış fəsadları operativ qaydada aradan qaldırmaq mümkün olmadı, çox şey aydın oldu.

Bütün bunlar göstərir ki, hələki Azərbaycan heç də baş verəcək fövqəladə vəziyyətə hazır deyil. Ona görə də, sadə vətəndaşa Allahdan yalnız və yalnız Azərbaycanı fövqəladə vəziyyətlərdən qorumağı arzu etmək qalır. Allahın ümidinə qalmış yurdun insanlarıyıq. Amma ümidimizi üzmürük. 4 iyul müşavirəsində deyilənlər ümid qığılcımıdır. Kadrlar dəyişək, günahkarlar cəzalanacaq...

Elmir Murad








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений