Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qaranlıq gecə və aydınlığa çıxan nəsnələr 



Dünən gecə ölkənin qaranlığa qərq olması bəzi məsələləri "işıqlığa" çıxartmış oldu. Məlum oldu ki, ölkə ani bir vəziyyətdə baş verə biləcək fövqəladə vəziyyətə hazır deyilmiş. Enerji verilişinin dayanması bütün müəssisələrin, qurumların işini iflic etmiş oldu. Metronun işi dayandı, sular kəsildi, hətta bu problem şəhər yollarındakı avtomobillərin hərəkətində də özünü göstərmiş oldu. İsti havada bütün bunların baş verməsi isə insanların haqlı narazılığına gətirib çıxartdı. Bütün bunlarla yanaşı, rəsmi qurumların da problemlə bağlı ortaya çıxıb açıqlama verməmələri, insanların bu istidə yanan ürəklərinə "sərin su səpməmələri" də cəmiyyətdə başqa bir qıcıq yaratdı. Bunu şəhərdə gəzən insanların üzündən, sosial şəbəkədə nəfəs almadan bu barədə "od püskürən" statuslardan da aydın hiss etmək olur. 

Bəs görəsən birdən nə oldu ki, bütün ölkə zülmətə qərq oldu? 

Təbii ki, bu suala rəsmi təşkilatlar, "Azerenerji"  və onun prezidenti cavab verməliydi. Amma məlum olduğu kimi, adi günlərdə belə informasiya almağın müşkül olduğu bu quruma indiki vəziyyətdə heç yaxın da düşmək olmaz. Normal ölkələrdə belə məqamlarda aidiyyatı qurumlar çıxıb məsələ ilə bağlı açıqlama verir, insanları ən azından narahat olmamağa çağırır. Düzdür, dünənki məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yaysa da, problemin tam olaraq nə vaxt aradan qaldırılacağı barədə heç bir informasiya verilmədi. 

Rəsmi verilən məlumata görə, ölkə ərazisində elektrik enerjisinin verilişindəki nasazlıq "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-dəki qəza ilə bağlı olub. Belə ki, havaların həddən artıq isti keçməsi alışma ilə nəticələnib. Bu açıqlamadan sonra insanlarda istər-istəməz bir sual yaranır. Bəs bu boyda ölkədə əhalini fasiləsiz enerji ilə təmin etmək üçün hansı tədbirlər görülüb?

Əslində sualın cavabı aydındır. Problem, enerji verilişinin bərpasındakı saatlar və daha sonra Rusiyadan enerji ixracı bir daha göstərdi ki, Azərbaycanın aidiyyatı qurumları bu cür vəziyyətlərə hazır deyil. Amma ən pisi odur ki, bu hal Azərbaycanda ilk deyil. Analoji hadisə 2002-ci ildə də yaşanmış, mərhum prezident Heydər Əliyev məsələyə dərhal reaksiya verməklə problemin tez bir zamanda həllinə nail olmuşdu. Bu dəfə də prezident İlham Əliyev vəziyyəti öz nəzarətinə götürüb. Nəzərə alsaq ki, o dövrdən indiyə kimi 16 il keçib problem bəlkə də heç olmamalıydı. Amma görünür, əsas iş hər ay yeni stansiyaların qurulması yox, onların daha təhlükəsiz fəaliyyətini təmin etməkdir. Çünki dünən baş vermiş hadisənin əsas səbəbi təhlükəsizliyin tam təmin olunmaması idi. Bu vəziyyət bir daha göstərdi ki, hər hansı ölkədə həyatı iflic etmək üçün elektrik enerjisinin kəsilməsi kifayətdir. Proseslər göstərdi ki, gələcəkdə belə halların baş verməməsi üçün alternativ addımlar atılmalı və stansiyaların təhlükəsizliyinin təminatına ciddi fikir verilməlidir. Hətta yeri gəlsə, əvvəllər enerji qurğularının yerləşdiyi ərazilərdə nəzarətçilərin sayı artırılmalıdır. Əgər 2 iyul gecəsinin təkrarlanmasını, enerji üçün başqa ölkələrə ağız açmaq istəmiriksə, bu sadalanalara ciddi əməl olunmalıdır. Əks halda, tək başqa ölkənin enerjisindən asılı olmayacağıq, elə özündən də asılı olacağıq. Buna isə aidiyyati qurumların nə dərəcədə əməl edəcəyini gələcək göstərəcək. 

Elmir Murad








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений