Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyanı Avropa bazarından sıxışdıran layihə: AKTUALLAŞIR



Trans Anadolu Qaz Boru Kəmərinin açılışı Avropa Birliyinin alternativ təbii qaz mənbələrindən istifadəsi məsələsini gündəmə gətirib. Bu baxımdan, “Transxəzər” qaz boru kəməri layihəsinin reallaşması üçün yeni imkanlar açıldığını söyləmək olar. Rusiyanın “Şimal axını-2” layihəsinə sanksiya tətbiq etməyə hazırlaşan ABŞ Avropa Birliyinə alternativ mənbələrə müraciət etməyi tövsiyə edir. Xatırladaq ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo Avropa Birliyini Rusiya qazından imtina edərək Cənubi Qafqaz üzərindən “mavi yanacaq” almağa çağırmışdı. Ekspertlərin fikrincə, Azərbaycan Avropa bazarının qaza olan tələbatının 5 faizini təmin edə bilər. 

Ona görə də TANAP və TAP kəmərləri ilə nəql olunan yanacağın həcminin artırılmasına ehtiyac var. Əgər Türkmənistan qazını Xəzər dənizinin dibindən keçməklə Azərbaycan üzərindən TANAP kəmərinə qoşmaq mümkün olsa, o zaman, Rusiyanı Avropa bazarından sıxışdırmaq olar. TANAP kəmərinin işə düşməsi ilə Cənub Qaz Dəhlizinin infrastrukturunun xeyli hissəsi tamamlanıb. Ona görə də Qərb dövlətləri “Transxəzər” kəmərinin reallaşmasına investisiya qoymaqla yeni mənbələr əldə etmiş olar. 

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkrik TANAP vasitəsilə Avropaya ötürülən qazın həcminin iki dəfə artırılmasına ehtiyac olduğunu deyib: “Digər enerji layihələrinin TANAP-a birləşməsini də qiymətləndirən S.Oudkirk bildirib ki, bu layihənin infrastrukturu inkişaf etdirilə və genişləndirilə bilər. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetrdir və iki dəfəyədək artırmaq mümkündür”.

Təbii ki, TANAP-ın ötürücülük gücü yalnız Türkmənistan qazı bu kəmərə qoşulduğu zaman mümkün ola bilər. Bu həm də Avropa Birliyinə Rusiyanın təbii qaz asılılığından xilas olmaq imkanı yarada bilər. Gürcüstanın baş nazirinin müşaviri Georgi Vaşemikadze artıq Türkmənistan hökuməti ilə razılaşmanın əldə olunduğunu deyib. Onun sözlərinə görə, Xəzər dənizinin dibi ilə iki hissədən ibarət kəmərin çəkilməsi nəzərdə tutulur. Birinci hissə 12-15 milyard kubmetr ötürücülük gücünə malik olacaq. Türkmənbaşı limanını Səngəçal limanı ilə birləşdirəcək, ikinci hissə isə 15-16 milyard tutuma malik olacaq. 

Vaşamkadze onu da qeyd edib ki, Avropa Komissiyası ilə əldə olunmuş razılaşmaya əsasən kəmərin çəkilişi üçün Xəzər dənizinin statusunun müəyyənləşməsi gözlənilməyəcək. 

Politoloq Natiq Mirinin sözlərinə görə, “Transxəzər” qaz kəməri layihəsinə mane olan ciddi siyasi əngəllər hələ aradan qalxmayıb. Ona görə də Türkmənistanın “mavi yanacağı”nı Avropa bazarlarına tədarük etmək üçün real imkanlar yaranmayıb: “”Transxəzər” qaz kəmər layihəsinə mane olan iki güc var ki, bunlardan biri Rusiya, digəri İrandır. Bununla bağlı əsas bəhanə kimi Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməməsi göstərilir. Yəni bu iki ölkə dənizin dibi ilə Türkmənistan qazını Avropaya nəql edəcək yeni boru kəmərinin çəkilməsində maraqlı görünmür.

Yaxın zamanda da bunun reallaşmasını mümkün hesab etmirəm. Çünki Türkmənistanla Rusiya və İran arasında razılaşma olmalıdır. Belə bir razılaşma isə hələlik əldə olunmayıb. Üstəlik, neft-qaz satışı ilə bağlı Türkmənistanla Rusiya arasında müəyyən ziddiyyətlər də mövcuddur. Rusiya Türkmənistandan aldığı qazdan imtina belə etmişdi. Ona görə də Rusiyanı və İranı bu prosesdə zərərsizləşdirmədən Türkmənistan qazının “Transxəzər” kəməri vasitəsilə Azərbaycana ötürülməsini təmin etmək mümkün deyil. Avropa Birliyi və ABŞ sözdə bu layihəni dəstəkləsələr də onu reallaşdırmaq mümkün deyil. Çünki “Transxəzər”i reallaşdırmaq üçün sözdən əməli işə keçmək lazımdır. Bu gün isə Rusiyanı və İranı zərəsizləşdirmək mümkün deyil”.

Natiq Miri onu da bildirdi ki, “Transxəzər” layihəsini həyata keçirmək üçün Qərbin vahid mövqedən çıxış edərək konkret addımlar atmasına ehtiyac var: “Əslində, “Transxəzər” layihəsi hər zaman gündəmdə olub. “Şimal axını-2” layihəsi ABŞ-ın sanksiyalarına rast gəlirsə, digər tərəfdən bu məsələnin əsas həlledici tərəfi olan Almaniya həmin kəmərin çəkilməsində maraqlıdır. Almaniya kansleri Angela Merkel bu yaxınlarda Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdü və “Şimal axını-2” kəmərinin çəkilməsini istədiyini bildirdi. ABŞ-ın bu layihəyə sanksiya tətbiq etmək ehtimalı yüksəkdir. Hazırda Avropa ölkələri ilə ABŞ arasında ticarət əlaqələrinə dair ciddi fikir ayrılıqları mövcuddur. ABŞ-ın Avropadan idxal olunan mal və məhsulların rüsumunu artırmasına cavab verəcəkləri barədə sərt bəyanatlar səsləndirilir. Ona görə də bu problemlər həll olunmadan “Transxəzər” qaz kəmər layihəsini həyata keçirmək mümkün deyil”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений