Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Balans Azərbaycanın xeyrinə dəyişir



İyunun 13-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Qeyd edək ki, görüş Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi çərçivəsində baş tutub.

Putin çıxışı zamanı İlham Əliyevin 30 avqustda nəzərdə tutulan Rusiyaya rəsmi səfərinə toxunaraq daha dərin müzakirələrin həmin gün aparılacağını deyib. “Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, avqustun 30-da sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və sizin Rusiyaya səfərinizi hazırlayacaqlar”-deyə Putin çıxışı zamanı qeyd edib.

Maraqlıdır, Putin Azərbaycana nə təklif edə bilər? Hansı sənədlər təqdim oluna bilər?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində Qarabağ məsələsinin, iqtisadi-ticarət əlaqələrinin müzakirə olunacağını deyib. N.Məmmədova gözlənilən görüşün əvvəlkilərdən fərqli olmayacağı qənaətindədir:

“Azərbaycan Rusiya üçün hər zaman çox əhəmiyyətli ölkə olub. İndiki şəraitdə isə təbii ki, onun əhəmiyyəti daha da artıb. Ermənistanda Qərbyönümlü qüvvələr çevriliş yolu ilə hakimiyyətə gətirilib, Gürcüstanda Rusiyaya loyal olan İvanişvilinin təyin etdiyi kadrlar istefa verir. Belə bir şəraitdə Rusiya Cənubi Qafqazda ən sabit ölkə kimi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Görüşdə sözsüz ki, Qarabağ münaqişəsi, ikitərəfli iqtisadi-ticarət əlaqələri, hərbi əməkdaşlıq və s.məsələlər müzakirə oluna bilər. Lakin inanıram ki, bu görüş əvvəlkilərdən xeyli fərqlənəcək. Artıq Rusiyanın Azərbaycana qarşı əks balans yarada biləcək əlaltısı Ermənistan onun üçün itirilməyə doğru gedir. 

Diqqət yetirəndə görürük ki, Putin bu dəvəti Paşinyan Moskvada olduğu dövrdə səsləndirdi. Artıq Paşinyanla bu ikinci görüşdür. İlk görüş Soçidə olmuşdu. Putinlə onun arasında etimadsızlıq getdikcə dərinləşir. Putin Azərbaycanın Rusiya üçün əhəmiyyətinin artdığını, bundan sonra onunla daha yaxından əməkdaşlıq edəcəyini göstərmək və həqiqətən də buna ehtiyacı olduğu üçün prezident İlham Əliyevin növbəti səfərinin anonsunu verdi. Ola bilsin ki, hətta Qarabağ məsələsinə Rusiyanın yanaşmasında da Azərbaycanın xeyrinə dəyişiklik olsun. Yəqin ki, Putin Ermənistan rəhbərliyinin fəaliyyətini müşahidə etmək üçün daha 2 ay gözləməyi lazım bilir. Bu həm də onlara Rusiyanın Azərbaycanla daha da yaxınlaşa biləcəyi mesajıdır”. 

Nəzakət Məmmədova hesab edir ki, mövcud vəziyyətdə Rusiya status-kvonun Azərbaycanın xeyrinə dəyişməsini istəyər: “Azərbaycan bu yaxınlarda Belarusdan “Polonez” sistemləri aldı, Naxçıvan istiqamətində hərbi uğurlar əldə etdi. Əlbəttə ki, Belarusun bu addımında Rusiyanın razılığı istisna olunmur. Rusiya Ermənistana verdiyi "İskəndər"ləri Azərbaycana satılan "Polonez"lərlə kompensasiya etmək istəyir. Ermənistan rəhbərliyinin Rusiyaya qarşı fəaliyyəti Moskvanı hazırkı status-kvonu Azərbaycanın xeyrinə dəyişməyə vadar edə bilər. Putinin İlham Əliyevi Moskvaya dəvət etməsi də hərbi-siyasi balansı Azərbaycanın xeyrinə dəyişmək planının bir hissəsidir”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə prezidentlərin görüşündən heç bir yeni dəyişiklik gözləmir: “Putinlə İlham Əliyevin görüşündə işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün nəsə müsbət nəticə axtarmaq lazım deyil. Bu ikitərəfli münasibətlər üçün bəlkə də yeni müqavilələr ola bilər. Ancaq inanmıram ki, münaqişənin həlli üçün yeni bir söz deyilsin. Fikrimcə, bu görüşdən Qarabağla bağlı yeni nəsə gözləməyə dəyməz”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений