Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

21-ci əsr televiziyalarımız: Və ya efiröncəsi təlimatlar...



20 ildən çoxdur ki, efirlərə çıxıram, bəzən qısa, bəzən geniş süjet və verilişlərə çəkilirəm, canlı yayımlarda çıxış edirəm. Bəxtim gətirib ki, bir çoxları tanışlıqla və ya pulla bir, yaxud iki telekanala çıxmaq imkanı qazanıbsa, məndə belə bir problem olmayıb. Hər zaman Bakı və regionların efirlərində mənə yaşıl işıq yandırıblar. Efir mənim üçün çox məsuliyyətli məkandır, içimizi göstərən müstəvidir, bizi bircə anda ucaldan və ya yerə çırpan orqandır. 

Yaşlandıqca, bir çox sahələr kimi televiziya ilə bağlı çeşidli fəaliyyətimi də çözür, özümə hesabat verirəm. Haralardan gəlib haralara çatdığımı müqayisəli şəkildə təhlil edirəm, o dövrə də baxıram, bu günə də. Görürəm ki, TV-lərin dəyişməsi, başqalaşması necə deyərlər, gözümün qabağındaca baş verib. 

İlk addımlarımda televiziyalar çox müstəqil və demokratik idi. Təsəvvür edin ki, 1998-2000-ci illərdə telekanallar məndən müxalifətin gözlənilən mitinqi ilə bağlı açıqlama alardılar. Mitinqin vaxtı elan olunar, siyasi liderlər planlarından danışar, mən də ayrılan vaxtda aksiyanın gözlənilən mənzərəsini təsvir edərdim. Space və ANS bu barədə daha öndə olardı. SARA televiziyası həftəsonu buraxılışında politoloqlarla yanaşı məni də dəvət edər, proqnozlarımı dinləyərdilər. Şükür ki, belə məqamlarda yanlışım olmadığı üçün dəvətlər davamlı olardı. O vaxtlar bizə hər hansı şərt qoyulmaz, təlimatlar verilməzdi. Əksinə, rəhbərlik səviyyəsində təşəkkür alardıq. O vaxt tele-debatlar da mübahisəsiz, maarifləndirici və qarşılıqlı anlaşma şəraitində baş tutardı.

İllər keçdi və ciddi canlı yayımlara dəvətlər məhdudlaşdırıldı, əsasən tok-şoular canlı verildi ki, orada da vacib mövzular arxa plana keçdi. Məsələn, ilkin çağlarda “Corc Buşun İraqa hücumu nə vaxt reallaşa bilər?” sualını verərdilərsə, bu gün “Elza Seyidcahanın xəstələnmiş iti sağalacaqmı?” sualını eşidirik. O vaxt “Etibar Məmmədovun bir daha siyasətə qayıtmayacağını nəyə əsasən iddia edirsiniz?” soruşardılarsa, bu gün “Tolikin tədbiri baş tutacaqmı?” soruşurlar. Amma nə qədər çətin olsa da, öz ampluamı qorumağa çalışdım: yarışmalara qatılmadım, qeybətyönümlü verilişlərdə ekspert sifətində iştirak etmədim. Çox çətin idi, davam gətirmək olmurdu. Elə hal yaranmışdı ki, maarifləndirmə təşəbbüsüm özünüqoruma instikti ilə əvəzlənmişdi. Bu səbəbdən bəzən 10 dəvətdən bir və ya ikisini qəbul edirdim.

Tale elə gətirdi ki, Lider telekanalının “Səhər Çağı” verilişində bir il aparıcı işlədim (2012-13). Çox azad mühit vardı, mövzu və qonaqları seçməkdə sərbəst idik, heç bir məhdudiyyət yox idi. Çalışdığım bir ildə kifayət qədər təcrübə topladım, üstəlik, tamaşaçılar mənim təkcə “bürc yazan” olmadığımı, başqa nəsnələrdən də başım çıxdığını anladılar. Verilişimizdə mənəvi-əxlaqi, vətənpərvər mövzular qoyur, mütəxəssisləri dəvət edib fikirlərini bölüşərdik. Amma dindən danışmağa mülayim şəkildə qadağa qoymuşdular. Zatən dindən danışmırdıq da. Sadəcə olaraq ailə mövzusunda (evlilik, uşaq tərbiyəsi, ana haqqı, qısqanclıq və s.) hansısa hədisdən və ya ayədən sitat gətirən kimi verilişdən dərhal sonra efir rejissoru gəlirdi ki, dini veriliş deyil bu. İzah edirdim ki, necə olur ər-arvad münasibətləri haqqında Drayzerdən, Çexovdan, Petrarkadan fikir deyəndə qəbahət olmur, Peyğəmbərimizdən (s.), Həzrət Əlidən (ə), Qurani-Kərimdən danışanda olur? Cavab verirdilər ki, olmaz, icazə yoxdur.

Yadıma gəlir, “Qulp” verilişində uzun zaman nə danışırdımsa, olduğu kimi efirə gedirdi. Sonralar gördüm ki, hətta mənim çıxışım da qayçılanır. Halbuki heç vaxt düşünmədən danışmırdım, cəmiyyət və dövlət haqqında zərərli fikirlər səsləndirmirdim.

Keçək, birnömrəli şou kanalı olan ATV-yə. Bu televiziyadan müntəzəm dəvətlər alıram, xüsusən də xəbərlər proqramına. Amma bəzi layihələr olur ki, deyirlər sizi dəvət etmək istəyirdik, rəhbərlik “zapret” qoyduğu üçün başqasını çağırdıq. Mənə niyə qadağa qoyduqlarını (özü də hər verilişə yox) hələ də anlaya bilmirəm.

21-ci əsrdə TV-lərdə çox şey dəyişdi. 2008-ci ilə qədər efiröncəsi deyirdilər ki, siyasətdən danışma. İndi daha elə bir təlimat vermirlər. İndi yalnız “dindən danışma” deyirlər. Bu gün televiziyalarımız “skandallara” işləyir.

Bu gün çox şey dəyişib. İnsanların zövqü də, baxışı da, dünyagörüşü də. Məsələn, sosial şəbəkədə Kəlbəcər girovu Şahbaz Quliyevlə şəklimi verəndə 100-dən çox bəyənən olmur. Lakin Röya, Şəbnəm Tovuzlu ilə şəklimi paylaşanda azı 500 bəyənmə olur. İnsanlarımızı bu hala gətirən televiziyalarımız olub. Deməli, qurtaran da məhz onlar olmalıdır. 

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений