Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ədəbsiz təklif



Amerikalı rejissor Edrian Laynın eyniadlı filmini yəqin ki, xatırlayanlar var. Mənalı süjeti, düşündürücü motivi olsa da, bir qədər erotik yönümlülüyü ucbatından ekran əsərindən detallı bəhs etmək istəmirəm. Qısaca deyim ki, 1993-cü ildə “Paramount Pictures” kino şirkəti tərəfindən ekranlara buraxılan bu filmin mahiyyəti hər bir insanın zəif tərəfi olduğunu, hər kəsin satın alınmasının mümkünlüyünü göstərməkdir. Zor gücünə və ya şirnikləndirici yollarla insanı ələ almaq mümkün olmayanda isə elə şərait yaradılır ki, insan kütləviliyin əleyhinə getməkdə çətinlik çəkib axınla üzmək məcburiyyətində qalır. Bu yolda dik duranlar isə qürurundan başqa hər şeyini itirir, bəzən doğmalarını da, dostlarını da, vətənini də... Mən şəxsən bilmirəm ki, öləndən sonra “mərd adam idi”, “kişi kimi yaşadı və öldü”, “əyilməz birisi idi” kimi təsəlliverici ifadələrin kimə xeyri olur?! Yanında, bir addımlığında olarkən bu mübarək anlayışı dərk etməyənlərin onun ölümündən sonra dəyişə biləcəkləri sadəcə acı gülüş doğurur...

Deyəsən, fəlsəfi-psixoloji yanaşmam söhbətin məcrasını dəyişdi. Hər şeyin gözəli sadəlik, səmimilik və məntiq olduğu üçün mən də bu prizmadan çıxış etmək istəyirəm...

Deməli, aylar öncə, təxminən ilin əvvəlindən mediada bəyan etdim ki, rəsmən işsizəm. Qısa zamanda 10-a yaxın dost-tanışım mənə müraciət edib “gözümüz üstdə yerin var, vaxt itirmədən gəl” dedi. Zarafat deyil, 1994-cü ildən mətbuatda ən müxtəlif vəzifələrdə çalışmışam: sıravi müxbirlikdən reportyorluğa qədər, şöbə müdirliyindən baş redaktora qədər, bütün sahələrdə işləmişəm – qəzet, jurnal, radio, televiziya və saytlar. Bu səbəbdən əhatəm dar deyil, xətrimi istəyənlər də həmçinin. Beləliklə, iş tapmaq sorağı ilə çıxdım yola...

İlk təklif

Əvvəl ilk təklif aldığım ünvana getdim - bir nazirlikdə mətbuat xidmətinə dəvət etmişdilər. İşlə tanış olmamışdan şərtlərini diktə etdilər: bütün günü işdə olmaq, başqa heç bir yerdə işləməmək, facebook-da siyasi fikir irəli sürməmək, “arzuolunmaz” adamlarla görüşməmək, onlarla şəkil paylaşmamaq və 240 manat da maaş. Uzatmadım, “Sağ olun” deyib çıxdım. Bu təklif müstəqilliyimi və azadlığımı məhdudlaşdırardı. Hətta məvacibin arxasına əlavə bir sıfır artırsaydılar belə, yenə də imtina edəcəkdim.

İkinci təklif

Bir TV dedi ki, canlı yayım edək və zənglərə cavab ver. Xub! Amma nə cavab verim? Dedilər ki, zəng edənlərə proqnoz ver. Dedim axı bədahətən proqnoz vermək olmur, bunun hesablanması var, psixoloji durumu var. Dedilər ki, əşi, nəyi qoyub, nəyi axtarırsan, əsas odur zənglər çox gəlsin, ağlına gələni de, kimdir onun gerçəklik əmsalını yoxlayan? Dedim axı yalan olmaz...
Elə bunu demişdim ki, başladılar mənə gülməyə. Onlar gülməkdə oldular, mən də çıxmaqda.

Üçüncü təklif

Radiolar daha çox çağırdı, amma deyir gələn qonaqlardan “haqq” al, yarı bölək. Gördüm ki, məni elə gerizəkalı sayırlar ki, layihə yazan mən, verilişi aparan mən, qonağı çağıran mən, üstəlik Allah eləməmiş, urvatsızlıq edib onlardan pul almalı olan mən, alınmış pulu bölüb hazırın naziri olan isə bunlar. “Siz sağ, mən salamat”...

Dördüncü təklif

29 yaşlı bir xanım zəng vurdu. Getdim, dedi internet televiziya açmışam, həftəlik veriliş aparın, 1 ay sınaq dövrü keçin, özünüzü doğrultsanız, bəyənsəm, sponsora deyərəm, hər verilişə 30 manat verər (Ayda 4 veriliş 120 manat edir). Öyrəndim ki, bu xanım mediada heç vaxt, hər hansı bir formada işləməyib. Məni də populyar, lakin əlacsız duruma düşən birisi kimi qəbul edibmiş. Maaş yaxşı olsa, bəlkə də razılaşıb təsəvvürünü zaman-zaman dəyişib xəcalət hissinə çevirmək olardı – alınmadı.

Beşinci təklif

Bərkgedən bir TV-nin bərkgedən bir nümayəndəsi “işsiz” qaldığımı duyar-duymaz gəlib məni iş yerimdən götürdü. Getdik mənzərəli bir məkana, mənə iftar verdi. Artıq çay mərhələsinə keçirdik ki, TV nümayəndəsi dedi ki, gecə 12-2 arası bir xanımla veriliş aparacaqsınız. “Əsasən gənclər qoşulacaq, erotik mövzulu söhbətlər olacaq. Narahat olma, sıxılsan, qız səni yola verəcək, o barədə çox təcrübəlidir.” Sifətimdə etiraz cizgilərinin getdikcə çoxaldığını görən həmsöhbətim “Sifətini niyə turşudursan, ilkin olaraq 850 manat alacaqsan, sonra da “dobavka”lar da olacaq da...” dedi. Dedim, qardaş, 300-400 manatlıq normal bir iş olsun, başımı aşağı salıb işləyim, sən deyənlərə boyum çatmaz...

Altıncı təklif

Bu təklif çox populyar birisindən gəldi. Onu Azərbaycan televiziyasına baxan hər kəs tanıyır, şoumen də demək olar, aparıcı da. Zəng vurub kabunetinə dəvət etdi. Təxminən 10 dəqiqə məni tərifləyib tərənnüm etdi, gördüyüm işlərdən danışdı və nəhayət “mustafa” gəldi. Dedi çalışacağam ki, aylıq qazancın 1000 manatdan aşağı olmasın. Həftədə 80 dəqiqəlik veriliş təklif etdi. Adətən dəvət edənlər müəllifdən layihə haqqında soruşur, ideya ilə maraqlanırlar. Bu isə yalnız özü danışdı: “Hər verilişdə eyni peşədən iki nəfər olacaq: yazıçı, şair, aktyor, müğənni, şou əhli... Sənin üzərinə düşən vəzifə onları bir-birinə qırdırmaq, söydürmək, dalaşdırmaqdır. Əgər onlardan biri studiyanı tərk edərsə, sənə əlavə “premiya” veriləcək”. Bunu deyəndən sonra da özüm danışdım, amma iş barədə yox, adamların adamlıqdan çıxmasından, çıxarılmasından, çıxarılmağa cəhd edilməsindən...

Yekun

Yanvardan bəri rastlaşdığım adamlar və situasiyalar məndə bəzi qənaətlər formalaşdırdı. İlk öncə gördüm ki, kimliyindən, səviyyəsindən asılı olmayaraq, hamı yardım əli uzadır, darda qalana kömək etməyə çalışır. 40-a qədər təklif gəldi mənə, əksəriyyətindən məvacib az olduğu üçün imtina etdim, bəziləri mənə çətin gəldiyi üçün yox dedim, qalanlarından da bəzilərini yuxarıda qeyd etdim. Bütün bu proseslərdə həm də bir şeyi öyrəndim: hamı məni tanıyırmış, hamının mənə diqqəti varmış. Səhv etmirəmsə, ilkin xristianlıqda deyilirdi ki, əgər başın ağrıyırsa, deməli, Tanrının sənə diqqəti var, bu diqqətə şükr et. Məncə başı ağrımayan adam daha çox şükür edər!

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений