Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lisenziyası ləğv edilən bank yenidən bazarda



Manatın iki kəskin devalvasiyasından sonra 13 bankın lisenziyası ləğv edildi. Bankların maliyyə durumunda yaranan problemlər onların bazarı tərk etməsi ilə nəticələndi. Ancaq sonra proseslərdə maraqlı məqamlar ortaya çıxdı. Xüsusilə də bağlanan bankların aktivlərinin (ofislərin, avtomobillərin və digər vəsaitlərin-müəl.) satışının ictimaiyyətdən gizli şəkildə edilməsi prosesin gedişatında şəffaflığın olmaması ehtimalını artırdı. Digər tərəfdən bankların ləğvedicisi kimi təkcə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) iştirak etməsi birmənalı qarşılanmadı. Ekspertlər bu il də bankların bağlanma prosesinin davam edəcəyini deyirlər. Buna səbəb kimi isə bankların maliyyə çatışmazlığı və problemli kreditlərin həcminin yüksək olması göstərilir. Maraqlıdır, bağlanmaq ehtimalı və ləğvetmə prosesində olan bankları xilas etmək mümkündürmü?

Qeyd edək ki, Azərbaycanda belə bir təcrübə artıq var. Lisenziyası ləğv olunan “Parabank” sonradan kredit təşkilatı kimi lisenziya aldı. Qanunvericiliyə görə isə müflis elan olunan hüquqi şəxs, ikinci dəfə lisenziya ala bilməz.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bunun mümkün olduğunu deyib: 

“Bağlamaq üzrə olan bankları xilas etməyin iki yolu var. Bunlardan biri həmin banklara əlavə vəsaitin verilməsidir. Məsələn, ötən il hökumət Beynəlxalq Bankın timsalında bunu etdi. 10 milyard problemli kreditini aldı və 3.5 milyard xarici borcunu öz üzərinə götürdü. Bununla da Beynəlxalq Bankı xilas etmiş oldu. Ancaq digər banklar üçün bunu etmək o, qədər də asan deyil. Çünki heç kim hazırkı durumda banklara vəsait qoymaq istəmir. Azad məhkəmə, sağlam rəqabət olmadığı bir mühitdə bunu heç kim etməyəcək. Digər bir yol isə banklara kreditlərini yığmaq üçün zamanın verilməsidir. Ancaq bunu da hər banka aid etmək olmaz. Hansı banklar ki, verdikləri kreditləri müxtəlif yollarla, məhkəmə vasitəsilə və ya işçi qaydada yığa biləcək onları bu cür xilas etmək olar. Ancaq bunun üçün Azərbaycan Mərkəzi Bankı həmin banklara pul verməlidir. Görünən odur ki, hələlik bu proses də getmir”.

Əkrəm Həsənov bağlanma prosesində olan bankların da xilas olunmasına toxunub: 

“Ləğvetmə prosesində olan bankları xilas etmək mümkün deyil. Çünki artıq onların bank lisenziyaları ləğv olunub. Həmin bankın yenidən fəaliyyətinin bərpa olunmasına artıq qanunvericilik imkan vermir. Ancaq “Parabank”da bunu etdilər. Əvvəlcə ləğv olundu, ardınca da bank olmayan kredit təşkilatı kimi fəaliyyətini bərpa etdi. Bu isə biabırçılıqdı. Dünya tarixində belə bir hal yoxdur ki, ləğv olunan banka yenidən lisenziya verilsin. Bu yalnız bisavadlığın nəticəsidir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений