Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bahalı neft büdcəni də dəyişir



Azərbaycan Milli Məclisi 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxacaq. Büdcə ilə bağlı sənədə Milli Məclisin iyun ayında nəzərdə tutulmuş növbədənkənar sessiyada baxılması nəzərdə tutur. Büdcə ilə bağlı sənəddə neftin qiymətinə yenidən baxılacaq. Ekspertlər hesab edir ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxmağa ehtiyac var. 2018-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 45 ABŞ dollarından götürülüb. Hazırda isə “AzerLight” markalı neftin 1 bareli 79.90 dollar civarındadır. Buna görə də hesab edilir ki, ilin birinci yarısında gəlir əldə edilib. 

ABŞ-ın Suriyada həyata keçirdiyi raket hücumundan sonra dünya bazarlarında neft qiymətlərində kəskin artım baş verdi. Bundan əlavə bu il mayın 7-də ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən birtərəfli qaydada çıxması və rəsmi Tehrana sanksiyalar tətbiq etməsi ilə bağlı müzakirələr neftin qiymətlərinə təsirsiz ötüşmədi. Ümumiyyətlə, bu ilin ilk 5 ayı ərzində dünya bazarlarında neftin qiyməti 70 dollardan yuxarı olub.

İqtisadçı-ekspertlər büdcəyə yenidən baxılmanı zəruri edən hallardan, eləcə də neftin baza qiymətinin 45 dollardan yuxarı götürülməsindən danışıb.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 21 milyard 47 milyon manat məbləğində təsdiqlənib: “Dünya bazarında hazırda neftin bareli 70-73 dollardan satılır. Bu isə büdcəyə əlavə gəlirlərin daxil olması deməkdir. Həmin əlavə gəlirlərin bölgüsü ilə bağlı olaraq büdcəyə yenidən baxılması gözləniləndir. Neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olaraq dövlət büdcəsinə müəyyən dəyişikliklər aparıla bilər. Büdcə xərclərinə gəlincə, bildiyiniz kimi prezidentin xüsusi sərəncamları ilə 3 milyon nəfərdən artıq insanın əmək haqları, pensiyası və müavinətləri artırıldı. Dövlət büdcəsində həmin istiqamətlər üzrə xərclərin də konkret təyinatı ilə göstərilməsi tələb olunur”.

Analitik 2018-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 dollar səviyyəsində götürüldüyünü xatırladıb: “Qiymət dəyişikliyindən sonra dövlət büdcəsi 1 barel üçün 55 dollar səviyyəsində balanslaşdırıla bilər. Əgər neftin qiyməti bütün il ərzində 60-70 dollar arasında qalarsa, o zaman büdcənin 12 aylıq yekunlara görə bütövlükdə və ya profisitlə tərtib edilməsi gözlənilir. Bundan əlavə, yüksək neft qiymətləri Maliyyə Nazirliyinə büdcə qanunu çərçivəsində ehtiyatları artırmasına imkan verəcək. Xarici valyuta müdaxiləsi həmçinin manatın məzənnəsinin stabilləşdiricisi qismində çıxış edir və il ərzində manatın dəyər itirməsi riskini də azaldır”.

Vüsalə Əhmədova hesab edir ki, OPEC-ə daxil olmayan ölkələrdə və ABŞ-da neft hasilatındakı artımı neft qiymətlərinin gələn ildən enməsinə səbəb ola bilər: “Ehtimal olunur ki, ABŞ 2018-ci ildə hasilatı gündə 11 milyon barelə çatdıracaq. Belə olan halda, 2019-cu ildə dövlət büdcəsinin təkrar 1 barel üçün 40-45 dollar qiymət səviyyəsində balanslaşdırılması məsələsi qaldırılacaq. Neft qiymətlərində enmələr tamamilə böyük oyunçuların qiymət manipulyasiyasından asılıdır. Bir reallıq da var ki, neftin həddindən artıq ucuz olması heç kimə lazım deyil. Neftin yüksək qiyməti bütün bazar iştirakçıları üçün faydalıdır. Barel başına 65-70 dollar qiymət səviyyəsi həm klassik neft istehsalçıları, həm də "şist" neft istehsalçıları üçün konsensus sayıla bilər”.

İqtisadçı-ekspert Ruslan Atakişiyev “Cümhuriyət” qəzetinə bildirib ki, ilin ortasında dövlət büdcəsinə yenidən baxılması bir ənənədir: “Altı aylıq icra olunmuş dövlət büdcəsinin proqnozları əsasında büdcəyə yenidən baxılmaq barədə qərar verilir. Həmçinin növbəti 6 ay üçün dövlət büdcəsində müəyyən düzəlişlər edilir. Bunu zəruri edən bir sıra hallar var. Dövlət büdcəsi hazırlanan zamana verilən iqtisadi proqnozlar çox vaxt ilin ortasında müəyyən dəyişkənliyə uğrayır. Buna görə də növbəti 6 ay üçün yeni proqnoza ehtiyac var. Büdcəyə yenidən baxılma 6 ay ərzində dövlət büdcəsinin icrası ilə bağlı daha detallı informasiya əldə etməyə imkan verir. Bu da növbəti dövr üçün büdcəyə yenidən baxılmağı zəruri edir”.

İqtisadçı qeyd edib ki, dövlət büdcəsində kəsirlər olan zaman bir sıra proritet məsələlər önə çəkilir: “İlin əvvəlində dövlət büdcəsi qəbul olunan zaman maliyyə mənbələrinin qənaətlə sərf olunması strategiyası baxımından yığılan vəsaitlər saxlanmışdı. İlin ortasında büdcəyə yenidən baxılması imkan verir ki, həmin layihələrin içərisində proritet olanlara vəsaitlər yönəldilsin. Hesab edirəm ki, növbəti 6 ay üçün nəzərdə tutulan düzəlişlər həmin strategiyadan irəli gələrək həyata keçiriləcək”. Büdcəyə yenidən baxılarkən neftin baza qiymətinin hansı həddə götürülməsinə gəlincə, Ruslan Atakişiyev qeyd edib ki, müzakirələr zamanı neftin baza qiymətinin dəyişməsi ilə bağlı fikirlərin səslənmə ehtimalı yüksəkdir: “Təbii ki, hazırda neftin qiymətində olan dəyişikliklərin uzunmüddətli davam etməsi məsələsi araşdırma tələb edir. Burada yanaşma o şəkildə olmalıdır ki, ilin sonuna qədər ortaq bir nöqtə tapılmalı və bunun əsasında dəyişiklik həyata keçirilməlidir”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений