Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Niyə ancaq komediya? - Nazirlik səbəbi etiraf etdi 



Son zamanlar yerli film istehsalı sahəsində xeyli aktivlik var. Lakin daldabal çəkilən filmlər nədənsə ciddi uğur qazana bilmir. Maraqlıdır ki, son vaxtlar yerli kinematoqraflar daha çox komediya filmlərinə üstünlük verir. Buna səbəb tamaşaçı kütləsinin yerli komediya filmlərini izləməyə maraq göstərməsidir. İnsanlar yeni ərsəyə gətirilən komediya filmlərini izləmək üçün kinoteatrlara üz tuturlar. Bir sözlə, belə bir fikir formalaşıb ki, komediya janrına üstünlük verilməsində tamaşaçının birbaşa rolu var. Bu səbəbdən də yerli kino istehsalçıları belə filmlər çəkməyə daha çox önəm verirlər. 

Telekanalları bürüyən komediya filmləri əslində bir qrup tamaşaçı auditoriyasının marağındadır. Digər kütlə hər zaman tarixi, ciddi filmlərin acıdır. Komediya janrında çəkilən ekran əsərlərində rol alanlar şou-biznes sahəsində tanınan şəxslərdir ki, onların da əhatə dairəsi bəzi kinoşünasların dediyi kimi çox dardır. 

Rejissorların fikrincə, bu gün Azərbaycanda kommersiya məqsədli filmlər məhz kino bazarı üçün nəzərdə tutulub. Bundan əlavə festivallara gedən və kinomuzun qızıl fondu üçün nəzərdə tutulan filmlər də var ki, onların ərsəyə gəlməsinə xüsusi önəm verilir. Bu cür filmlər öncədən düşünülür, ölçülüb-biçilir və o filmlərdə milli mentalitet, digər mənəvi dəyərlər də yüksək mövqedə dayanır. Bu mənada kommersiya filmləri sənət üçün çəkilmiş filmlərdən xeyli fərqlənir.

Kinorejissorlar hesab edir ki, tamaşaçı zövqündən asılı olmayaraq Azərbaycanda tarixi serialların çəkilməsi vacibdir. Bu ilk növbədə gələcək nəslin mənəvi dəyərlər baxımından inkişafı üçün mühümdür. 

Qeyd edək ki, bir müddət əvvəl də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) görkəmli Azərbaycan hökmdarı Şah İsmayıl Xətai haqqında çoxseriyalı filmin cəkilməsi ilə bağlı təklif irəli sürüb. Bununla bağlı AXCP nəzdində fəaliyyət göstərən İctimai Fikir Akademiyasında müzakirələr keçirilib. Müzakirələrdə iştirak edən kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib ki, Şah İsmayıl Xətai haqqında filmin ssenarisi uzun müddətdir ki, hazırdır, ancaq maliyyə problemləri üzündən çəkilmir. Şeyx Əbdül partiyanın bu təklifini yüksək dəyərləndirib. 

Komediya filmləri niyə ciddi, tarixi filmləri üstələyib?

Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov “Cümhuriyət” qəzetinə açıqlamasında komediya janrında çəkilən filmlərin çoxluq təşkil etdiyini deyib:

“Serialları telekanalların özləri çəkirlər. Özəl strukturlar öz vəsaitləri hesabına film çəkirlər. Bu çox bahalı olmayan filmlərdir. İki il əvvəl ancaq komediya filmləri çəkilirdisə, son vaxtlar dramlar, melodramlar, detektiv filmlər çəkilir. Mədəniyyət və Turizm Nazirliyi təbii ki, komediya da çəkir.Amma əsas etibarilə daha səviyyəli, ciddi filmlərin çəkilməsinə üstünlük verir.Yerli tamaşaçılara və xaricdə festivallarda göstərilmək üçün nəzərdə tutulur.Son illərdə bizim filmlər yüzlərlə festivallarda iştirak edib.Ən yaxşı regissor, aktyor işinə görə mükafatlar qazanıb”.

Yusif Şeyxovun sözlərinə görə, bu gün tələbat komediya, əyləncə filmlərinədir:

“Ciddi filmlərə tamaşaçı meyil göstərmir. Buna daha çox imkan olanda televiziyada baxırlar.Bu təkcə bizdə belə deyil.Ciddi film, müəllif kinosu adətən, çox məhdud auditoriyaya hesablanmış filmlərdir.“Bozbash Pictures”in heç zaman xaricdə və ya festivalda uğur qazanmayacağı məlum olduğu kimi, müəllif kinosunun da böyük tamaşaçı uğuru qazanmayacağı bəllidir. O sənət əsəridir, o milli kinonu inkişaf etdirmək məqsədi ilə çəkilir. Tamaşaçının zövqünü formalaşdırmaq, dəyərləri qoruyub saxlamaq məqsədi ilə çəkilən filmlərdir”.

Nazirlik rəsmisi son illərdə çəkilən filmləri də sıralayıb. O, deyib ki, Elçin Musaoğlunun “Nabat” (2014), Qarabağ mövzusu olan Elxan Cəfərovun “Yarımçıq xatirələr” (2015), Asif Rüstəmovun “Axınla aşağı” (2014) dramı, Amil Məmiyevin “Qara bağ” (2016) filmləri festivallarda nümayiş olunub. 

“Tarixi filmlər vəsait tələb edir”

Kinoşünas Aygün Aslanlının fikrincə, komediya janrına, əsasən, kommersiya kinosunun istehsalçıları üstünlük verirlər. Çünki hazırda tamaşaçıların ən çox baxdıqları və az-çox gəlir gətirən filmlər komediyalardı:

“Beləcə, digər janrlar diqqətdən kənarda qalır. Tarixi serial, film müəyyən dövrü əks etdirən dekorasiyalar, kostyumlar, rekvizitlər və s. deməkdi.Bu isə xeyli vəsait tələb eləyir.Yəqin bu cür filmlərə yer verilməməsinə səbəb budur.Təkcə, Şah İsmayıl Xətai haqda deyil, Bəhram Gur və digər tarixi qəhrəmanlar, hadisələr haqqında da filmlər, seriallar çəkilə bilər.Yəqin ki, bununla bağlı istehsalçıların diqqətini cəlb edən sanballı layihə olmayıb”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений