Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neft bazarına yeni TƏHDİD



İyunun 23-də OPEK və kartelə daxil olmayan ölkələrin birgə müzakirələri gözlənilir.

Toplantının məqsədi 2018-ci ilin üçüncü rübündə sutkalıq neft hasilatını 1.5 milyon barelə qədər artırmaqdır. Görüşdə OPEK ölkələri neft hasilatının həcminin artırılması ilə bağlı məsələni müzakirəyə çıxaracaqlar. ABŞ bazarda "qara qızıl"ın qiymətinin azaldılması üçün tədbirlər görülməsini dəstəkləyir. Bundan əlavə, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında da hasilatın artırılmasına dair razılaşma əldə olunub. Məlumata görə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və Rusiya prezidenti Vladimir Putin, habelə enerji nazirləri Xalid əl-Falih və Aleksandr Novak arasında mühüm danışıqlar keçirilib.

Moskva və Riyad OPEK ölkələrinin neft istehsalını azaltmasına dair Vyananın razılaşmasının gələcəyi barədə birgə mövqeyi yekunlaşdırıb. Digər tərəfdən, Rusiya və Səudiyyə Ərəbistanı qlobal neft-qaz bazarının gələcəyini müəyyənləşdirəcək koalisiya yaratmağa hazır olduqlarını bəyan edib.

Bu, ciddi bəyanatlardır, çünki iki ölkə hələ də aradan qaldırılmalı fərqli mövqelərə sahibdir. Son Rusiya-Səudiyyə danışıqları OPEK-in neft hasilatında mütləq artım olacağına heç bir şübhə qoymayıb. Moskva və Riyad bu məsələdə razılığa gəlib və neft istehsalının kvotalarının yenidən nəzərdən keçirilməsinin qaçılmaz olduğunu görürlər.

Bununla yanaşı, Novak və Falih istehsal artımının həcminə dair razılığa gəldiklərini OPEK-in digər üzvləri ilə iyun ayının sonunda keçiriləcək iclasda təklif edib-etməyəcəkləri hələ aydın deyil. Ancaq göründüyü kimi, səudilər əvvəlcə gözləniləndən daha yüksək artım həcmini təklif etmək üçün Moskvaya yaşıl işıq yandırıblar.

Falih ilə məsləhətləşmələrindən sonra Novak Rusiyanın başlanğıcda təklif olunan 1 milyon barelin əvəzinə gündəlik 1,5 milyon barel hasilat artımı olacağını söyləyib. Bu, Rusiya maraqlarına tam uyğun gəlir.

Lakin İraq, Venesuela və İran sutkalıq neft hasilatını 1.5 milyon barelə qədər artırılması təklifinə qarşı çıxır. Məsələ ilə bağlı ölkələr arasında yaranmış fikir ayrılığı neft hasilatının artırılması ilə konkret qərara gəlinə biləcəyini şübhə altına alır. 

Beynəlxalq energetika agentliyinin may ayında verdiyi məlumatına görə OPEK-ə daxil olmayan ölkələr özlərinin neft hasilatının faizini ixtisar etmək haqqında öhdəliyi yerinə yetiriblər. OPEK üzvləri isə hasilatın azaldılmasına dair razılaşmaya 158 faiz əməl ediblər. Bundan başqa, Venesuela və bəzi Afrika ölkələrinin hasilatında böyük tənəzzül müşahidə olunub.

Hasilat həcmlərinin artırılmasına münasibət bildirən Rusiya Energetika naziri Aleksandr Novak bildirib ki, neftin qiymətinin yüksəlməsi rəsmi Moskva üçün əlverişlidir. Nazir qeyd edib ki, ancaq qiymətlərin sabit olması daha vacibdir: “Neft sənayesi uzunmüddətlidir. Biz daha az dəyişkənlikdən faydalanırıq. Deyə bilmərəm ki, biz 1 barel neftin qiymətinin 100 dollar və ondan yüksək olmasında maraqlıyıq. Çünki bu halda hər kəs öz neftini təkrar satışa çıxaracaq və qiymətlər yenidən aşağı düşəcək. Bizə isə sabitlik lazımdır”.

Ekspertlər hesab edir ki, iki ildə iki dəfə neft istehsalını artırmağa başlayan Səudiyyə Ərəbistanı üçün də sabitlik lazımdır. ABŞ-da isə dünya bazarında neftin artması və İrana qarşı sanksiyalar səbəbindən yaranmış mümkün defisit nəticəsində benzinin qiyməti bahalaşıb.

Rusiyanın Energetika naziri Aleksandr Novak bəyan edib ki, OPEK+ nazirlərin iyunun 23-də keçiriləcək toplantısında Moskva və Ər-Riyad sutkalıq neft hasilatının 1.5 milyon barelə qədər artırılmasını təklif edəcəklər: “Hazırda üçüncü kvartalda qiymətlərin artırılması mübahisəlidir. Üçüncü rübdə tələbat artacaq, buna görə də bu təklif məqsədəuyğundur. Ancaq hamımız bu fikirləri optimist şəkildə qəbul etməmişik. Hətta müzakirə mərhələsində də neft katirovkaları aşağı səviyyəyə düşüb”.

Lakin İranın Səudiyyə Ərəbistanında əldə olunan bu razılaşmaya reaksiyası özünü çox gözlətmədi. Belə ki, İranın neft naziri Bican Namdar Zənqane bildirib ki, rəsmi Tehran OPEK+ ölkələrinin görüşündə iştirak etməkdən imtina edib. Nazir bəyan edib ki, İran OPEK+ ölkələrinin iyunun 23-də keçiriləcək görüşündə iştirak etməyəcək: "Sözügedən görüş zamanı razılıq əldə edilə biləcəyinə inanmıram. OPEK ABŞ prezidenti Donald Trampın təlimatlarını həyata keçirən təşkilat deyil".

Bloomberg agentliyinin məlumatına görə İraqla Venesuela da bu məsələdə İranı dəstəkləyir. Onlar hasilatı artıra bilməyəcəyini bildiriblər. Həm İraq, həm də Venesuela hasilatı artıra bilməyəcəklərini, lakin qiymətlərin yüksək olaraq qalmasında maraqlı olduqlarını bildiriblər.

Hadisələrin diqqətli analizi onu deməyə əsas verir ki, burada daha çox siyasi motiv var. İran Səudiyyə Ərəbistanının təklifini qəbul etmir. Çünki iki dövlət arasında düşmənçilik münasibətləri və müharibə vəziyyəti olduğuna görə Səudiyyə Ərəbistanının təklifini İran qəbul etmək istəmir.

Ekspertlər hesab edir ki, Venesuelada bu il baş verən uzunmüddətli böhran hasilatı 1.5 milyon barelə qədər aşağı salıb. ABŞ-ın isə İranla olan nüvə müqaviləsindən çıxması ilin sonunda hasilatın 500-600 min barelə qədər düşməsinə gətirib çıxarda bilər. İraq 2017-ci ilin dekabrında İranla imzalanmış sazişə sadiq qalır. Rəsmi Bağdad Kərkük əyalətində çıxarılan sutkada neftin hasilatının 30-60 min barel məhdudlaşdırılmasına razıdır.

“Fitch" beynəlxalq reytinq agentliyinin xammal və təbii ehtiyatlar üzrə qrupunun rəhbəri Dmitri Marinçenkonun sözlərinə görə əgər Səudiyyə Ərəbistanı və Rusiya ayrılıqda hasilatı artırsalar, OPEK+ ölkələri arasındakı saziş dağıla bilər: “Bu halda bazarda kəsir yaranacaq və 2015-ci ildəki vəziyyətə geri qayıdacağıq. Bu ssenari ilə 1 barel neftin qiyməti 60-70 dollar dəhlizində dəyişəcək. Əgər 50-60 dollar Rusiyanın böyük neft hasilatçısı olan şirkətləri üçün qəbulediləndirsə, Səudiyyə Ərəbistanında  büdcənin balansını saxlamaq üçün 1 barel neftin qiyməti 70 dollar olmalıdır. Yəni, 70 dollardan aşağı neft Səudiyyə Ərəbistanının iqtisadiyyatına sərf etmir. Əlavə olaraq, bazarda qiymətlər 60 dollardan aşağı olarsa, şist neftin istehsalı sürətlə artmayacaq. Buna görə də qiymətlər 55-60 dollardan aşağı düşmür”.

Güman edilir ki, Səudiyyə Ərəbistanı OPEK-də artımın qiymətlərdə əhəmiyyətli endirim yaradacağını gözləmir. Səudiyyə qərarına təsir göstərə biləcək digər amil Birləşmiş Ştatlarda şist neft istehsalının artması ilə əlaqədar narahatlıqdır. Ən azı, OPEK+ istehsalının tədricən artması və neft qiymətlərinin aşağı düşməsi ilə tələbatı artıracaq. Nəticədə, ABŞ-da şist neft istehsalının artması neft bazarının OPEK+ payının əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarmayacaq.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən, Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEK Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений