Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

NATO-suz Türkiyə: Müdafiə oluna biləcəkmi?



Türkiyə ilə NATO arasında gərginlik getdikcə artır. Şimali Atlantika Alyansının noyabrın 18-də Norveçdə keçirilən təlimləri zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və prezident Rəcəb Tayyib Ərdoğanın portretlərinin atəş hədəfi seçilməsindən sonra tərəflər arasındakı ziddiyyətlər yeni mərhələyə daxil olub. AKP hakimiyyəti NATO ilə münasibətlərə yenidən baxmaq niyyətini gizlətmir. Prezident Ərdoğan Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasında NATO-ya ehtiyac olmadığını vurğulayan bəyanatlar verib. Ona görə də Türkiyənin NATO sıralarında qalıb-qalmayacağı məsələsi gündəmə gəlib. Əgər rəsmi Ankara NATO-dan imtina etmək qərarına gələrsə, 1949-cu ildən bəri ilk dəfə olaraq, üzv dövlətin Alyansın sıralarını tərk etməsi baş verə bilər.

Türkiyənin NATO-dan çıxması NATO daxilində mərkəzdənqaçma prosesinin ən yüksək həddə çatması deməkdir. Ancaq Brüsselin belə bir situasiyanın yaranmasında maraqlı olduğu inandırıcı görünmür. Çünki Türkiyə NATO-nun Yaxın və Orta Şərqə çıxışını təmin edən yeganə dövlətdir. Türkiyə eyni zamanda,  NATO-nun Qara dəniz regionunda ən böyük təmsilçisidir. Bu həm də Şimali Atlantika Alyansına Bosfor və Dardanel boğazlarına nəzarət etmək imkanı verir. Son illər NATO-nun Qara dəniz bölgəsində yerləşən digər ölkələrdə hərbi bazalarının sayını artırması müşahidə olunur. NATO-nun daimi dislokasiya məntəqəsi kimi Rumıniya seçilib və bu ölkəyə xüsusi briqada yerləşdirilib. Qara dəniz sahilində yerləşən nə Ukrayna, nə də  Gürcüstan NATO-nun üzvü deyil. Lakin  Alyansın 2016-cı il Varşava sammitinin və ABŞ Senatının qərarlarına uyğun olaraq, hər iki post-sovet ölkəsi ilə münasibətlər xüsusi statusla tənzimlənir. ABŞ  Ukrayna ilə NATO-dan kənar bərabərhüquqlu tərəfdaşlıq haqqında qanun qəbul edib. Bundan başqa, Birləşmiş Ştatlar Ukraynanın Qara dənizdəki “Oçakov” limanında hərbi baza inşa edir. Gürcüstanda NATO Çevik Silahlı Qüvvələrinin təlim bazası yaradılıb. Buna baxmayaraq, Qara dənizdə ərazisinə görə ən böyük sahilyanı NATO ölkəsi Türkiyə sayılır. Türkiyəni itirmək NATO üçün  yüksək geostrateji əhəmiyyətə malik olan bir məkandan məhrum olmaqla yanaşı, Cənub-Şərqi Avropa və Balkan ölkələrinin təhlükəsizlik sistemini zəiflədə bilər. Belə bir şəraitin yaranması Rusiyanın Qara dəniz vasitəsilə Ukraynaya və Gürcüstana qarşı təzyiqlərini gücləndirməsi üçün çox əlverişlidir.

NATO sıralarını tərk etmək qərarı Türkiyənin milli təhlükəsizliyi baxımından da təhdid yaradacaq bir addım hesab edilir. Çünki Türkiyənin bu qurumdan çıxması NATO-nun cənub-şərq cinahında parçalanmaya, bu bölgədə Rusiyanın və İranın həmgeosiyasi, həm də hərbi  təsirlərinin artmasına gətirib çıxara biləcək addım sayılır. Lakin Ərdoğan iqtidarı NATO ilə əməkdaşlıqda maraqlı görünmür. AKP hökuməti daha çox Rusiya, İran və Çinlə hərbi-strateji tərəfdaşlığa meyil edir. Əgər əvvəllər rəsmi Ankaranın qeyd edilən mövqeyi daha çox Qərbdəki müttəfiqlərinə təzyiq vasitəsi kimi şərh olunurdusa, hazırda Türkiyənin Rusiya və Çin kimi fövqəldövlətlərin yanında daha güclü, təhlükəsiz olacağına dair rəylər tez-tez səslənir. Türkiyə rəhbərliyi isə daha çox NATO-nun təsirindən uzaq, müstəqil siyasətə üstünlük verəcəyini bəyan edir. Ancaq həmin fikirlər Türkiyənin NATO-dan çıxacağı anlamına gəlmədiyindən bunu birmənalı şəkildə iddia etmək çətindir.

Siyasi müşahidəçilərin fikrincə, Türkiyə-NATO münasibətlərinin gərginləşməsi bu günün hadisəsi deyil və bir neçə mərhələdən keçib. “Soyuq müharibə”nin başa çatmasından sonra Türkiyənin geostrateji əhəmiyyəti NATO və ABŞ üçün azalmağa başlasa da, mövcud narazılığın əsas hissəsi AKP hakimiyyəti dövrünə təsadüf edir. 2003-ci ildə AKP iqtidarının ABŞ-a Türkiyə ərazisindən İraqa qarşı hərbi əməliyyatlarda istifadəyə icazə verməməsi bu soyuqluğun bünövrəsini qoydu. Növbəti illərdə Türkiyənin Avrointeqrasya siyasətindən yayınaraq ərəb dünyasına və siyasi islamçılığa meyilli siyasi kurs götürməsi, Türkiyə vətəndaşı Rza Sərrafın “Xalqbank” üzərindən sanksiyalar altında olan İrana milyardlarla dollar pul və külli miqdarda qızıl ötürməsi, rəsmi Ankaranın Krımın ilhaqından sonra Qərbin Rusiyaya qarşı sanksiyalaraına qoşulmaqdan imtina etməsi, Moskva ilə enerji və hərbi sahədə əməkdaşlığı dərinləşdirməsi, hətta Şimali İraqda kürd separatizminə qarşı mübarizədə İranla hərbi əməkdaşlıq qurması NATO-dakı müttəfiqlərini narazı salan məqamlardır. ABŞ-da sığınacaq almış Fətullah Gülənin 2016-cı ilin 15 iyul dövlət çevriliş planını təşkil etməsi isə  bu gərginliyin yeni mərhələsinin əsasını qoydu. Eyni zamanda, Almaniya Bundestaqının 2016-cı ildə qondarma erməni soyqırımını tanıması və Merkel hökumətinin F.Gülənin 200 nəfərdən artıq tərəfdarını həbs edərək Türkiyəyə təhvil verməkdən imtina etməsi rəsmi Ankara ilə ziddiyyətləri diplomatik böhran həddinə çatdırdı.

Ərdoğan hakimiyyəti isə son illər bir qayda olaraq, NATO-dakı müttəfiq dövlətlərin deyil, Türkiyənn milli maraqlarına üstünlük verdiyini dilə gətirir. Bu mənada Türkiyə rəhbərliyi ölkənin milli təhlükəsizliyini müstəqil olaraq təmin etmək siyasətini gündəmə gətirib. Ona görə də siyasi ekspertlər indi Türkiyənin NATO-dan, yoxsa NATO-nun Türkiyədən imtina edəcəyi sualına cavab tapmağa çalışır.

Bəzi ekspertlərin fikrincə, NATO-nun nizamnaməsində üzvlüklə bağlı maddələr yer alsa da, təşkilatdan çıxmağın prosedurları göstərilməyib. Belə ki NATO nizamnaməsinin 4-cü bəndində üzvlüyə qəbul üçün lazım olan prosedurlar əks olunmasına rəğmən üzvlükdən çıxmağın şərtləri yer almayıb. Həmin nizamnamənin 10-cu maddəsində də üzvlüyə qəbul olunmaq üçün şərtlər ətraflı qeyd edilib. Lakin 10-cu maddədə təşkilatdan çıxmaq üçün heç bir hüquqi şərt qoyulmayıb. Bu isə üzv ölkənin NATO-dan çıxmasını mümkünsüz edir. Yəni NATO bir ittifaq olaraq dağılmayana qədər üzv dövlətin bu qurumu tərk etməsi mümkünsüz hala çevrilir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda, Türkiyənin NATO-dan çıxacağı o qədər real görünmür

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Türkiyə NATO üzvlüyündə qalıb-qalmamasından asılı olmayaraq, öz milii təhlükəsizliyini təmin etməyə qadirdir:

“Dünyadakı dövlətlərin heç də hamısı NATO-nun üzvü deyil. Amma onların hər biri özünün müdafiəsini həm təkbaşına, həm də kollektiv olaraq təmin edə bilir. Ona görə də ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin Ərdoğan administrasiyasına olan münasibətini nəzərə alsaq, bu cür bəyanatlar anlaşılan qarşılanmalıdır. Həmçinin, NATO daxilində Türkiyənin bu Alyansdan və Avropa Birliyindən uzaqlaşmasında maraqlı olan qüvvələr var. Çünki Türkiyənin güclənməsi onların maraqlarına uyğun deyil. Türkiyənin Avropa və Avroatlantik strukturlardan ayrılması müəyyən problemlər yaratmaqla onun inkişafını ləngidə bilər. Türkiyə böyük dövlətdir və çox güman ki, bu məsələdə düşünülmüş qərarlar verəcək. Mən Türkiyənin NATO ilə bağlı qərar verdiyini və ya buna hazır olduğunu düşünmürəm. Bu, uzun müddət tələb edən məsələdir. Əgər Türkiyə NATO-dan çıxmağa məcbur olsa, alternativ müdafiə vasitələri üzərində düşünə bilər”.

Politoloq bildirdi ki, nə Türkiyə NATO-dan, nə də NATO-nun Türkiyədən imtina edəcəyi inandırıcı görünmür. Türkiyə mövcud situasiyada daha çox təmkinli və səbrli davranmalıdır:

“Geopolitik və geostrateji qarşıdurmanın həlledici mərhələyə daxil olduğu hazırkı dövrdə Türkiyənin düşmənləri onun NATO-dan çıxmasını arzulayır”-deyən S.Əkbərin sözlərinə görə  rəsmi Ankara demokratik Qərb dünyasının yanında yer almalıdır: “Türkiyə NATO-nun daxilində qalmağa çalışmalıdır. Totalitar Çinlə, avtoritar Rusiya ilə uzağa getmək olmaz. Kollektiv təhlükəsizlik müqaviləsi imazalanarkən, yalnız maraqlar deyil, eyni zamanda həmin dövlətlərin bölüşdüyü dəyərlər də nəzərə alınır. Mən Türkiyənin kommunist Çin və avtoritar, post-sovet Rusiyası ilə eyni dəyərləri bölüşdüyünü düşünmürəm”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətincə, “soyuq müharibə”nin başa çatmasından sonra Türkiyənin təhlükəsizliyinin təmin olunmasında NATO-nun rolu olmayıb:

“Türkiyə təkbaşına PKK ilə, İŞİD-lə savaşır Suriya və İraqda da fəal mübarizə aparır. NATO Türkiyəyə ciddi dəstək vermir. Əksinə, PKK-çılar, Gülən və onun tərəfdarları NATO ölkələrində gizlənir. Məncə, Türkiyə NATO-suz da öz təhlükəsizliyini təmin edə bilər. Sadəcə, Türkiyənin NATO-dan çıxmasına müsbət yanaşmıram. Hər halda, bu da bir əməkdaşlıq və təhlükəsizlik müstəvisidir. Bundan istifadə etmək lazımdır. Türkiyə qonşu dövlətlərlə münasibətləri NATO-ya boylanmadan həyata keçirir. Məsələn, raketdən müdafiə sistemlərini əvvəlcə NATO ölkələrindən istəmişdi. Amma vermədikləri üçün Rusiyadan almalı oldu. Bu baxımdan Türkiyənin müdafiəsində NATO-nun heç bir rolu yoxdur”.

Politoloq bildirdi ki, NATO-nun daxilində Türkiyəni bu qurumdan uzaqlaşdırmaqda maraqlı olan təxribatçılar ola bilər. Amma nə Türkiyə, nə də NATO bir-birindən imtina etməməlidir. Ona görə də Türkiyənin NATO üzvlüyündən imtina edəcəyi inandırıcı səslənmir. Ekspert onu da qeyd etdi ki, NATO-nun nizamnaməsi Türkiyəyə bu təşkilatın sıralarını tərk etməyə maneə yaratmır. Əgər rəsmi Ankara istəsə, bu barədə qərar vermək imkanına malikdir.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений