Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nağdlaşma vergisi: Ciddi problemlər yaradır



Nağdlaşdırmaya görə tutulan 1 faizlik vergi ciddi narazılıqlar yaradır. Ekspertlər də bu məsələdə müəyyən çatışmazlıqların olduğunu qeyd edir. Belə ki, ekspertlər hesab edir ki, tətbiq olunan vergi əslində müştərilərin banklara olan marağını azaldır. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nağdsız hesablaşmaların kütləvi şəkil alması üçün hökumət təşviq proqramları hazırlamalıdır:

“Əslində nağdlaşdırma ilə bağlı problemlər ötən ilin sonu, bu ilin əvvəlində daha da kəskinləşdi. Azərbaycan Mərkəzi Bankı və xüsusilə də Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi qərarlar verməklə, nağdıladırmanın qarşısını almağa çalışdı. Bunun da manatın məzənnəsinin sabitləşməsində mühüm rol oynayacağını düşünərək, bu cür qərarlar verdilər. Əslində bu da biznesin illərlə öyrəşdiyi işləmə qaydalarına mənfi təsir göstərdi. Dolayısı ilə bütün bu qərarlar sonuc etibarı ilə vətəndaşın cibinə təsir etdi. Nə qədər vergi və ödənişlər artırsa, nəticədə mal və xidmətlərin qiyməti artır. Bunu da son zamanlar hər kəs görür. Hər kəs təəccüblə qarşılayır ki, niyə uzun müddətdir manat-dollar münasibətləri sabitdir, ancaq nəzərəçarpacaq bahalaşma müşahidə olunur? Əslində bu bahalaşmanın səbəbi də məhz bu cür qərarlardır. Nağdlaşma ilə bağlı əgər hökumətin hansısa planları varsa, bunun təşviqi üçün müəyyən addımlar atılmalıdır. Həm vətəndaşlar, həm də dövlət qurumları qeyri-nağd ödənişlərin həyata keçirilməsində maraqlı olmalıdır. Bunun təşviqi proqramları haqqında dəfələrlə təkliflər verilib. Məsələn, vətəndaş kartla etdiyi alış-veriş zamanı ona verilən ödəniş çeki lotereya biletinə çevrilə bilər. Ayda bir dəfə həmin çeklər uduşa çıxarıla və bahalı hədiyyələr verilə bilər. Bu zaman təqaüdçüsündən tutmuş tələbəsinə qədər bankomatların qarşısında növbə yaranmazdı və hər kəs alış-verişini kartla edərdi”.

Natiq Cəfərli hesab edir ki, biznes sahəsində də analoji addımlar atmaq mümkündür. Ekspertin fikrincə, nağdsız hesablaşmalar aparan kommersiya qurumlarına ciddi vergi güzəştləri tətbiq olunmalıdır: “Əlavə dəyər, mənfəət vergisini 2-3 faiz azaltmaq olar. İnsanların, şirkətlərin maraqlarını idarə etmək lazımdır. Azərbaycanda təəssüf ki, hələ də maraqlar deyil, inzibati qaydada qərarlar verməklə idarəetməyə çalışırlar ki, bu da effekt vermir. Bu da son zamanlar ciddi narazılıqlar doğurur. Vətəndaş öz şəxsi hesabından vəsait çıxaran zaman əlavə pul ödəməyə məcbur olur. Bu da doğru yanaşma deyil. Hesab edirəm ki, bu qərarlara yenidən baxmağa ehtiyac var. Banklar isə çox pis vəziyyətdədir. Bu cür qərarlarla əlavə gəlir əldə etməyi düşünürlər. Amma bu da əslində müştəriləri bankdan uzaqlaşdıran amilə çevrilir”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений