Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nadir ağaclar Azərbaycandan aparılacaq? - SOS



"Azərbaycan Çinə kənd təsərrüfatı məhsulları ixrac edə bilər". Bunu "Caspian European Club"un tədbirində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə deyib. O qeyd edib ki, 2017-ci ildə Çinə rəsmi səfəri ərəfəsində bu ölkənin müvafiq qurumu ilə dövlətlərarası saziş imzalanıb: "Belə ki, Çinə məhsul göndərilməyə dair icazə alınıb. Biz məhsul göndərə bilərik".

Azərbaycanın bir sıra mallarla təminatında idxaldan asılılıq var. Ölkə kənd təsərrüfatı məhsullarına olan tələbatın bir hissəsini idxal hesabına qarşılayır. Rəsmi məlumatlara əsasən mal əti, süd məhsulları, balıq, meyvə-tərəvəz və sair məhsullar idxalda əsas yer tutur. Rəsmilər vəziyyətin yaxşılaşacağını deyir. Amma ekspertlər hesab edir ki, Azərbaycan özünün ərzaq təhlükəsizliyinin təxminən 15 faizini tam təmin edə bilər. Analitiklərin qənaətincə, ölkənin əsas strateji ərzaq məhsullarının mühüm ixracatçısına çevrilə bilməsi real görünmür. Bunun üçün ilk növbədə Azərbaycanın ərzaq məhsulları ilə təminat sahəsində xarici asılılığı tam aradan qalxmalıdır. Azərbaycan ərzaq təhlükəsizliyində vacib rol oynayan məhsullarla özünü tam təmin etdikdən sonra əlavə məhsulun ixrac edilməsi hesabına iqtisadiyyatını gücləndirmək imkanı qazana bilər. Azərbaycanın Çinə ixrac edəcəyi kənd təsərrüfatı məhsullarının siyahısını əldə etmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz alınmadı.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, çox güman Azərbaycandan ixrac ediləcək kənd təsərrüfatı məhsullarına Çində tələbat var: “Azərbaycan kənd təsərrüfatı məhsullarını idxal edirsə, bu məhsulları başqa bir ölkəyə ixrac edə bilməz. Hətta inkişaf etmiş ölkələrdə belə bu hallara rast gəlmək olur. Azərbaycan çərəz üzrə ön sıralarda olan ölkədir. Belə ki, ölkə fındıq, qoz, şabalıd istehsalı üzrə ilk onluqdadır. Ehtimal ki, rəsmi qurumlar ixrac ediləcək məhsulun çeşidini açıqlamaqdan yayınır. Azərbaycanda nadir oduncaqlar var. Çinin kifayət qədər belə şirkətləri var ki, həmin oduncaqlardan bahalı mebellər hazırlayıb Avropaya ixrac edirlər. Ola bilər ki, Azərbaycandan Çinə nadir ağac materialları ixrac oluna bilər”.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının ixracı barədə düşünürsə, bu, müsbət haldır: “Əgər Azərbaycanda məhdud olan bəzi meşə materiallarını ixrac edəcəklərsə, bu, ölkə florasında tarazlığı poza bilər. Əgər ixrac olunan məhsullar müxtəlif çərəzlər və meyvə-tərəvəzdirsə, bu, müsbət haldır. Amma ixrac olunan məhsullar Azərbaycanın brendi olan sərvətlərdirsə, bu, yolverilməzdir”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений