Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Moskvanın Qarabağ şərti: Paketdə nələr var? 



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.

“Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Lavrov münaqişənin həlli prosesində irəliləyişin olmadığını deyərək, Azərbaycanda səfərdə olarkən verdiyi açıqlamaların üzərindən xətt çəkib.

“Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı nikbinliyə əsas yoxdur. İndi biz amerikalı və fransalı həmkarlarımızla təhlil etməliyik ki, görək prosesinin hansı nöqtəsindəyik. Bundan sonra biz həllin olması üçün şəraitin yaradılması istiqamətində müəyyən addımlar atmağa çalışacağıq. Amma mən həddən artıq nikbin olmaq istəməzdim. Bu çox çətin bir məsələdir və danışıqlar təcrübəmizdən bilirik ki, bu danışıqlar tez bir zamanda başa çatmayacaq”, - deyə S.Lavrov qeyd edib.

Rusiyanın şərtləri

Qeyd edək ki, Sergey Lavrov Azərbaycanda səfərdə olarkən İrəvanda səsləndirdiyi fikirləri tamamilə təkzib edən açıqlama vermişdi. O, Rusiyanın münaqişə tərəflərinin hər ikisi üçün məqbul sayılan sülh planının olduğunu açıqlamışdı. Lakin Ermənistana səfər edən Lavrov öz dili ilə öz dediklərinin üzərindən xətt çəkərək, münaqişənin həllində heç bir irəliləyişin və nikbinliyə əsasın olmadığını dedi.

Rusiyanın baş diplomatının ziddiyyətli fikirlərindən yaranan ehtimal budur ki, Kremlin hazırladığı plan Azərbaycan üçün nəzərdə tutulub və bu plan ilk növbədə rəsmi Bakı tərəfindən qəbul edilməlidir. Ekspertlərə görə bu təkliflərin özündə 5 rayonun qaytarılması müqabilində Azərbaycanın Rusiyanın rəhbərlik etdiyi ittifaqlara (Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Gömrük İttifaqı) qoşulmasını ehtiva edir. Amma bu nöqtədə Rusiya və Azərbaycan arasında anlaşılmazlıq var. Bakının rəsmi mövqeyi budur ki, ətraf rayonlar qaytarıldıqdan və Dağlıq Qarabağın statusu müəyyən edildikdən sonra Azərbaycanın bu ittifaqlara qoşulması məsələsi nəzərdən keçirilə bilər. Hətta bir sıra hallarda Azərbaycandan olan diplomatlar və bir sıra siyasi dairələr də həll prosesi başa çatdıqdan sonra sözügedən birliklərə qoşulmağı istisna etməyiblər. Lakin Rusiyanın son zamanlarda yaratdığı təəssürat Azərbaycanın bu mövqeyinə tamamilə zidd olduğunu göstərir. Hesab etmək olar ki, Rusiya Azərbaycanın bu ittifaqlara qoşulmasından sonra münaqişənin həlli məsələsinə baxmağı nəzərdən keçirə bilər. Yəni əvvəlcə Azərbaycan Rusiyanın şərtlərini qeyd-şərtsiz qəbul edir, sonra Qarabağ problemini  həlli uyğun variantlar üzərində müzakirəyə çıxarılır.

Rusiyanın Azərbaycan planı

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Qarabağ münaqişəsini həll etməklə bağlı planı Azərbaycanı tamamilə işğal etməyi nəzərdə tutur. ADP sədri qeyd edib ki, Rusiya uzun illərdir ölkəmizi nəzarətə alıb özünə birləşdirməyə çalışır: “Lavrovun hansı açıqlamanı verməsinin və hansısa iddia irəli sürməsinin heç bir əhəmiyyəti yoxdur. Yekaterina dönəmində Azərbaycan ruslar tərəfindən işğal edilib. Azərbaycan ərazilərində yerləşən Ermənistan ruslar tərəfindən yaradılıb. Dağlıq Qarabağa muxtariyyətin verilməsi və ermənilərin bu bölgəyə köçürülməsi ruslar tərəfindən həyata keçirilib. SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilər rusların təhriki ilə Azərbaycana qarşı ərazi iddiası qaldırdılar. 30 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi də Rusiya ilə bağlıdır. Rusiya ordusu Qarabağı işğal edərək Ermənistana verib. Həmin dönəmdə ermənilər işğal həyata keçirəcək gücdə deyildilər, silahları və kifayət qədər canlı qüvvələri yox idi. Yəni, Rusiya Dağlıq Qarabağı işğal etdi və erməniləri ora yerləşdirdi, indi də Ermənistanla ittifaq yaradıb.

Faktiki olaraq, Ermənistanın Azərbaycana qarşı olan iddialarının müəllifi Rusiyadır. Buna görə də Rusiya Azərbaycanı tamamilə öz nəzarətinə almadan, Dağlıq Qarabağ probleminin həllinə diqqət ayırmayacaq. Bu vaxta qədər də heç bir proqnoz özünü doğrultmayacaq. Çar dönəmində də Rusiya Azərbaycana nəzarət edirdi və torpaqlarımızı ermənilərə verirdi. Yeni dönəmdə də Azərbaycan Rusiyanın təsirinə düşsə, Dağlıq Qarabağı ermənilərə verəcək”. Sərdar Cəlaloğlunun sözlərinə görə, indiki halda Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçə bilməməsinin yeganə səbəbi budur ki, Azərbaycan tamamilə Rusiyanın təsir dairəsində deyil: “Azərbaycanda müəyyən qədər ABŞ, Avropa, Türkiyə, Rusiya və digər dövlətlərin də təsir dairələri var. Bu baxımdan Lavrov əslində ermənilərə bunu demək istəyir ki, Rusiya Azərbaycanı nəzarət altında aldıqdan sonra Dağlıq Qarabağı sizə verəcək”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений