Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lirə o qədər ucuzlaşıb ki: Artıq ondan imtina edilir



“Türk lirəsi o qədər sürətlə ucuzlaşır ki, artıq Quzey Kıbrıs hökuməti TL-dən imtina etmək məsələsini nəzərdən keçirməyə başlayıb”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Türkiyədə milli valyutanın dəyərsizləşməsinin bir-birinə bağlı olan çoxlu səbəbləri var:

“Burada həm Türkiyə daxilindəki siyasi və sosial-iqtisadi amillər, həm də beynəlxalq konyuktur rol oynayır. Burada siyasi amilləri önə çəkərək qeyd edim ki, fövqəladə vəziyyət rejiminin tətbiqindən (2016-cı il 15 iyul) əvvəl dollar 3,02 lirə idi, bu gün 4,6 lirəni keçib. Faktiki olaraq, elan edilməyən devalvasiya baş verib. Avtoritarizmin törətdiyi fəsadların bədəlini türk xalqı ödəyir və bundan sonra da ödəyəcək.

Söz və mətbuat azadlığının məhdudlaşdırılması, məhkəmə müstəqilliyinə son qoyulması, Qərblə münasibətlərdə yaranmış problemlər ölkədən kapital çıxışının əsas səbəbidir. Daxil olan sərmayələrdə isə ciddi azalma var. Beynəlxalq konyuktur əvvəlki kimi əlverişli deyil, artıq ucuz dollar tapıb gətirmək mümkün olmur, ölkənin kredit reytinqlərinin aşağı salınması da bu sahədə əlavə çətinlik yaradır. Xaricdən sərmayə gəlməyəndə və ucuz borc tapmaq mümkün olmayanda mövcud xarici borclara xidmət göstərilməsində problemlər yaranır, nəticədə daxili bazarda valyutaya tələb təklifi üstələməyə başlayır. Belə vəziyyətdə Türkiyənin xroniki problemi olan xarici ticarət kəsiri də (cari açık) lirəyə təzyiqi artırır. (2017-ci ilin yekunlarına əsasən toplam xarici borc 453 milyard dollar olub).”

Şahin Cəfərli hesab edir k, Mərkəzi Bank əlindəki əsas alət olan faiz artımına gedərək maliyyə bazarındakı yanğının böyüməsinin qarşısını ala bilər:

“Lakin prezident Ərdoğan nəinki faizləri artırmağa imkan vermir, hətta aşağı salınmasını tələb edir. MB-ın digər aləti olan valyuta intervensiyaları üçün ehtiyatlar yetərli deyil. Ərdoğanın Londonda investorlarla görüşündə söylədikləri isə vəziyyəti daha da qəlizləşdirib. “Reuters”in bu barədə yaydığı xəbərdə bildirilirdi ki, investorlar Türkiyə prezidentinin sözlərindən şoka düşüblər, onlar deyiblər ki, Ərdoğan maliyyə bazarlarına qarşı müharibəyə hazırlaşır. Halbuki bu müharibədən qalib ayrılması mümkün deyil”.

Politoloq onu da vurğulayıb ki, Ərdoğan dövründə Türkiyənin çox inkişaf etdiyi barədə geniş yayılmış təsəvvürlər zahirən doğru kimi görünsə də, əslində yanlış idi:

“Çünki inkişaf dayanıqlı deyildi, zəruri struktur-sistem islahatları (yapısal reform) aparılmamışdı. İndi Türkiyədə bir çox müxalifət tərəfdarı yarızarafat-yarıciddi bildirir ki, qarşıdakı seçkilərdə Ərdoğanın yenə qalib gəlməsini istəyirik, çünki ölkə sürətlə iqtisadi böhrana yuvarlanır və 24 iyundan sonra çox ağır sosial-iqtisadi problemlər həllini gözləyir. Müxalifət hakimiyyətə gəlsə, xalq onların yaxasından yapışacaq ki, Tayyibin dövründə belə deyildi, siz gəlib ölkəni batırdınız”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений