Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kreml Sarkisyanla bağlı qərar verdi: Qarabağ danışıqlarından sonrakı GƏLİŞMƏ 



Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Karen Karapetyan gözlənilən kadr dəyişikliyi ilə bağlı konsensusa gəlib.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistanın "Jamanax" qəzeti məlumat yayıb. Qeyd edilir ki, 2018-ci ilin aprel ayında prezident səlahiyyətləri başa çatan Serj Sarkisyan baş nazir vəzifəsinə iddiasını təmin etmək üçün Karen Karapetyanla razılığa gəlib. Daha doğrusu, hökumətin hazırki rəhbəri prezidentə güzəştə gedib.

Mənbənin yazdığına görə, S. Sarkisyan oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan qayıtdıqdan sonra baş nazir Karapetyanla görüşüb. Ermənistan prezidenti Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqların gedişi barədə vəziyyəti K.Karapetyana izah edib. Serj Sarkisyan bildirib ki, güclü siyasi hazırlıq olmadan danışıqlar prosesinin yükünü daşıya bilməz.  Məsələ burasındadır ki,2018-ci ilin aprel ayında Ermənistan parlamentli üsul-idarəetmə sisteminə keçdikdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqları baş nazir aparmalıdır. Bu baxımdan, S.Sarkisyan  ali icra hakimiyyətinin rəhbəri kimi baş nazir postuna seçilməklə həm də Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqları  aparmaq səlahiyyətini də özündə saxlamaq istəyir.  Serj Sarkisyanın Karen Karapetyana baş nazirin müavini postunu təklif etdiyi qeyd edilir. Lakin o, faktiki olaraq hökumətə rəhbərlik etmək səlahiyyətinə malik olacaq. Belə ki, Ermənistanın maliyyə-iqtisadi və sosial sahələr K.Karapetyanın tabeliyinə veriləcək. 

Sarkisyan özü isə baş nazir kimi siyasi və təhlükəsizlik məsələlərini idarə edəcək. "Serj Sarkisyan anlayır ki, baş nazirlikdən aşağı  post tam səlahiyyətlə danışıqlar aparmaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Ermənistanın təhlükəsizliyinə dair qərar qəbul etmək üçün ona mandat vermir.  Bu əsaslandırma ilə Karen Karapetyanın baş nazirin müavini kimi vəzifə funksiyaları dəyişmir. O, hökumətin iclasını keçirməkdə davam edəcək, kadr dəyişikliyini həyata keçirməkdə müstəqil olacaq. Serj Sarkisyan isə baş nazir vəzifəsini "Baqramyan 26 “ ünvanda yerləşən prezident sarayından icra edəcək. Hazırda Ermənistan prezidenti üçün saray axtarılır. Ancaq yeni seçilmiş dövlət başçısının prezident sarayını S.Sarkisyanla böləcəyi də istisna olunmur". 

Ermənistan Konstitusiyasına görə, S.Sarkisyan iki dəfə prezident seçildiyi üçün üçüncü müddətə namizədliyini irəli sürə bilməz. Sarkisyandan sonra prezident bir dəfə olmaqla 7 il müddətinə parlament tərəfindən seçiləcək. Yeni prezidentin səlahiyyətləri isə çox məhdud, hökumət daha geniş funksiyaya malik olacaq. Ali icra hakimiyyətinin rəhbəri isə baş nazir sayılacaq.  Lakin S.Sarkisyanın prezidentlik müddəti hələ başa çatmadığından   konstitusiyanın yeni tələbləri tam qüvvəyə minməyib.  2018-ci ildə yeni prezidentin seçilməsi ilə paralel olaraq yeni hökumət formalaşmalıdır.  Bu baxımdan, Serj Sarkisyan dövlət başçısı kimi vəzifəsini təhvil verdikdən sonra baş nazir postuna yiyələnməklə hakimiyyəti yenidən əlində saxlamağa çalışır. Bir müddət əvvəl Ermənistan mediasının yaydığı məlumatda isə qeyd edilirdi ki, S.Sarkisyan Milli Təhlükəsizlik Şurasına rəhbərlik edəcək. Bundan başqa, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti də baş nazir kimi Sarkisyanın tabeliyində olacaq. Daxili İşlər Nazirliyi isə Karen Karapetyanın idarəçiliyinə veriləcək. 

Siyasi ekspertlərin fikrincə, Ermənistanda hakimiyyətin formalaşmasının əsas ssenari müəllifi olan Rusiya S.Sarkisyanın baş nazir olmasına etiraz etməyəcək. Çünki Kreml Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil.  Bu baxımdan, S.Sarkisyan Rusiyanın Ermənistandakı geosiyasi və hərbi maraqlarını təmin etməklə yanaşı, Azərbaycanla müharibədə mövcud status-kvonu qoruyub saxlaya bilir.  Yəni, Serj Sarkisyanın artıq Kremlin xeyir-duasını aldığını söyləmək olar. Çox güman ki, hazırki baş nazir K.Karapetyan da Moskvanın bu mövqeyindən xəbərdar olduğu üçün bir addım geri çəkilməyə razılıq vermək məcburiyyətində qalıb. 

Müşfiq Abdulla  
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений