Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Konstitusiyaya uyğun olaraq yeni qanun layihəsində Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib



Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”  yeni qanun layihəsi hazırlanıb.
 
Konstitusiyaya uyğun olaraq Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.
 
APA -nın məlumatına görə, qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Qeyd edək ki, indiyədək ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi funksiyasını digər güc strukturları ilə yanaşı, DİN-in Daxili Qoşunlar yerinə yetirirdi. Konstitusiyaya son dəyişikliklərdən sonra Daxili Qoşunlar da Silahlı Qüvvələrə aid edildiyindən "Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir" maddəsi məhz Daxili Qoşunların funksiyası kimi anlaşılmalıdır.
 
İlk növbədə qeyd etmək lazımdır ki, 1991-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan Ordusunun hüquqi əsaslarını müəyyən edirdi.
 
Yeni Qanun layihəsində isə ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və onun tərkib hissəsi olan Azərbaycan Ordusu və Azərbaycan Respublikasının başqa silahlı birləşmələrinin anlayışı verilir.
 
Azərbaycan Ordusunun fəaliyyəti Müdafiə Nazirliyi tərəfindən təşkil edilir, başqa silahlı birləşmələr dedikdə isə ölkənin təhlükəsizliyini və milli maraqlarının təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar, dövlət sərhədinin qorunmasını təmin edən sərhəd mühafizə orqanları, mülki müdafiəni təşkil edən hərbi birləşmə, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini və mühafizə olunan obyektlərin qorunmasını təmin edən qurum və digərləri başa düşülür.
 
Qanun layihəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
 
Qanun layihəsində başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq ediləcəyi müəyyən olunur.
 
Layihədə Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir.
 
Öz növbəsində, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla, yəni “Azərbaycan Ordusu haqqında” “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Daxili Qoşunlar haqqında” “Sərhəd mühafizə orqanları haqqında” və digər hərbi qanunlarla tənzimlənəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений