Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Komitə rəsmisi boşanmalarla bağlı ilginc mövqeni dəstəklədi: “Nikah və boşanmalar  dövlətin işi deyil...”- MÜSAHİBƏ



Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb.

2017-ci ildə Azərbaycanda  62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 

Boşanmaların sayına gəldikdə,  bu göstərici  2017-ci ildə 14 514 nəfər  təşkil edib. Azərbaycan Dövlət  Statistika Komitəsinin məlumatı son illər Azərbaycanda boşanmalaraın sayının nikahlarla müqayisədə  illər üzrə artdığını göstərir. 

Ancaq ailələrin dağılmasının səbəbləri ilə bağlı rəsmi açıqlamaya rast gəlinmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisİ Aynur Veysəlova isə Cebhe.info-ya  müsahibəsində  Azərbaycanda boşanmaların artmasının səbəblərinin araşdırılaraq müəyyənləşdirildiyini bildirib.  

-Boşanmaların getdikcə artması  sizcə nə ilə bağlıdır? Millət vəkili Hadı Rəcəbli boşanmalara daha çox sosial şəbəkələrin səbəb olduğunu deyir. 

-Biz dövlət komitəsi olaraq, nikah  və boşanmaların dinamikasını izləyirik. Bu məqsədlə müxtəlif dövlət proqramlarının hazırlanması məsləsi gündəmdədir. Eyni zamanda,  boşanmalarla bağlı problemlərin səbəblərini araşdırmaq üçün təhlillər aparırıq. İnsanlar müxtəlif  fikirlər söyləyə bilərlər. Amma fundamental təhlil aparılmalı və dəqiq müllahizələr ortaya çıxarılmalıdır. Bu analizlərin aparılması da dövlət siyasətinin həyata keçirilməsinə köməkdir. Bu baxımdan, Ailə Qadın və Uş.aq Problemləri üzrə Dövlət Komitəsi 2016-cı ildə boşanmaların səbəblərini müəyyənləşdirmək üçün  “ASAN  Xidmət”in  dəstəyi ilə iki min nəfəri əhatə edən “online” sorğu keçirdik. 

Bu sorğuya  ölkəmizdə və xaricdə yaşayan Azərbaycan vətəndaşları qoşulmuşdular.  Həmin sorğunun nəticələri  göstərdi ki, ailələrdə boşanmaların birinci səbəbi xasiyyətlərin uyğun gəlməməsi ilə bağlıdır.  Ümumiyyətlə, ailənin üç mühiti var-ideoloji, fizioloji və psixoterapevtik mühiti. İdeoloji mühiti  qadınla kişinin dünya görüşü ideyaları, idealları, dünyagörüşü  ən azı bir-birinə uyğun gəlməlidir.  İkincisi, ailənin fizioloji  cəhətdən biri digərini tamamlamalıdır. Çünki  ailə təkcə hansısa  münasibətlər çərçivəsində özün doğrulda bilməz.  Ailə çoxölçülü münasibətlər sistemidir və bu sistemdə fizioloji uyğunluq öz yerini tutur. Psixoteravtik cəhətdən insanlar ailə qurmağa hazır olmalıdır. 

İkinci yerdə reproduktiv sağlamlıq dayanır. Bir çox hallarda sonsuzluq boşanmalara gətirib çıxarır.  Uşağın dünyaya gəlməməsi ailələrin dağılmasına səbəb olur. Digər səbəblər sırasına  məişət zorakılığı, tərəflərdən birinin zərərli vərdişlərə, yəni narkomaniya, alkoqolizmə, xoşagəlməz vərdişlərə aludə olması ilə bağlıdır. Maraqlıdır ki, iki min nəfərin rəyi  boşanmaların səbəbləri ilə bağlı Ədliyyə Nazirliyindən aldığımız məlumatlarla üst-üstə düşüb.  Bu gün ola bilsin ki, bu problemin yaşanmasınmda sosial şəbəkələr rol oynayır. Sosial şəbəkələr ailələrin dağılmasında az da olsa öz yerini tutub.  Bir insan öz yerini tapa bilməyəndə başqa mühitə qaçır.  Bu mühit  onu nəinki xoşbəxt edir, əksinə daha qaanlıq və dərin yerlərə çəkə bilər. Ona görə də insanlar gərək həyatda öz yerini tuta bilsinlər.  Çox təəssüflər olsun ki, bu günün insanları virtual dünyaya aiddir. İnsanlar real dünyadan kənarlaşıblar. 

-Son dövrlər ailə həyatını yarımçıq tərk edən və ya qoyub qaçan adamlarla bağlı faktlara rast gəlmək olur. Bu  qeyd etdiyiniz səbəblə bağlıdır? 

-Belə hallar həm qadında, həm kişidə  sosial və mənəvi məsuliyyətin olmamasından irəli gləir. Ailə evlənmək xatirinə qurulmamalıdır. Ailə nə üçün qurulur? Bir kişinin və ya qadın ailə qurarkən öz məsuliyyətini dərk etməlidir. Bu, geyim deyil ki, onu tez-tez dəyişəsən.  

-Bəs boşanmaların artmasında sosial-iqtisadi amillər nə qədər yer tutur? 

- Ailənin maddi durumu ilə bağlı problemlər boşanmaların baş vermə səbəbləri sırasında yer alır. Ancaq  iki min insan arasında apardığımız sorğudan məlum oldu ki, sosial-iqtisadi amillər 7-8-ci yerdə dayanır. Gəlin, 1990-cı illərin əvvəlləri ilə müqayisə edək. Məgər insanlar o zaman var-dövlət içərisində yaşayırdılar?- Xeyr.  Elə isə nə dəyişib? Dəyərlərimizdə dəyişmə gedib. Ona görə də insanlara  çağırış etmək lazımdır ki, ailə sizin üçün primitiv bir şey deyil. Ailə qurmaq məsuliyyət tələb edir.

-Belə problemlər lə bağlı məlumatlar yayılanda yaranan suallardan biri də bu olur ki, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi boşanmaların qarşısını almaq üçün hansı tədbiri görür? 

-Biz bir dəfə Avropa ölkələrində belə bir layihə həyata keçirdik. Üç ay müddətində telekanallarda yalnız xoş xəbərlər,  gözəl nümunələr  təbliğ olunurdu, yazılırdı. Üç ay müddətində cinayətkarlığın, kriminogen durumun səviyyəsi aşağı düşmüşdü. Nikahların sayı artmışdı. Bəzən biz neqativ halları üzə çıxartmaqla özümüz də düşünmədən insanlara pislik edirik. Ona görə də gözəl nümunələrin təbliği çox vacibdir. Biz ailə bayramı keçiririk. Reproduktiv sağlamlıqla bağlı, ər-arvad münasibətləri, valideyn-övlad münasibətləri ilə əlaqədar kən-kənd, oba-oba gəzib təlimlər keçiririk. Amma bunlar bir-iki günün  içərisində nəticə verə bilməız.  Çünki  biz bunları danışırıq digər tərəfdən, sosial şəbəkələr, tok-şoular vasitəsilə aparılan təbliğat,  fəaliyyətlər bir-birilə ziddiyyət təşkil edir.

Məsələn, hansısa bir qadının zorakılığa məruz qalması faktı baş verəndə deyirlər ki, görəsən, onun gecə saat ikidə filan yerdə nə işi var idi? Yaxid belə geyinmək olmaz. Bu düşüncələr ailənin daxilində də, cəmiyyətdə də problemin böyüməsinə gətirib çıxarır. Tükiyədən olan   bir alimin bu yaxınlarda söylədiyi bir fikri çox bəyəndim. O bildirdi ki,  nikah və boşanmalar  dövlətin işi deyil, insanların öz ailəsini qoruması məsələsidir. Həm müəllimlər,  yazıçılar, həkimlər, həm din xadimləri öz sahəsində çalışıb maarifləndirmə aparmalıdır ki, insanlar oyansın və ailənin nə demək olduğunu başa düşsün. Biz Avropa kimi ailə dəyərlərindən uzaqlaşan ölkələrdən fərqlənməliyik. Avropada ailə məfhumu sıradan çıxıb. Onlar Azərbaycan kimi ölkələrə paxıllıqla baxırlar. Hətta Avropa kişiləri ailə dəyərlərini qoruyub saxlayan Azərbaycan, Yaponiya, Çin kimi ölkələrin xanımları ilə evlənirlər ki, ailə institutunu bərpa edə bilsinlər.  Biz bu zəngin sərvətimizi məhv etməməliyik, qorumalıyıq. 

Müşfiq Abdulla   
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений