Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Knyaz qızı Azərbaycanda karton qutuda yaşayır: “Ərimi bu ev öldürdü…” - SƏBUHİ MƏMMƏDLİ YAZIR



- Bax, burada yaşayırıq, bu kartonun içində. Oğlum, mən, qayınanam. Yeməyimiz də burdadı, yatmağımız da. Hələ havalar mülayimdi. Bir azdan yağışlar, soyuqlar başlayacaq. Bizim halımız necə olacaq?
 
Bunu Sabirabad şəhər sakini Şərqiyyə Rzayeva deyir.
 
Sabirabad şəhərinin Qurban Namazəliyev küçəsi, dalan 2, ev 6 ünvanında bir ailə yaşayır: Rzayevlər. Ünvandakı ev sözü sizi aldatmasın. Ev yoxdur, ev uçub. Təxminən 10 il əvvəldən başlayaraq, su sızmaları evin bünövrəsini yuyub aparıb. 6 il Rzayevlər Sabirabad rayon rəhbərliyindən kömək istəyiblər. Əvvəl ev tikilməsini, sonra isə heç olmasa tikinti materialları verilməsini. Rzayevlərə bircə daş belə verilməyib.
 
- Yoldaşım Akif bu dərdə dözmədi. İnfarkt keçirdi, öldü. Qaldıq başsız. Bu gördüyünüz yerdəydi ev. (Əliylə evin yerini göstərir). Əvvəl yandı, sonra isə uçdu. Yaxşı ki, həmin vaxt evdə heç kim olmayıb. Ondan sonra qaldıq küçələrdə. Getməyə yerimiz də yoxdur. Birtəhər kartondan bu daxmanı tikdik. Tikdik deyəndə ki, görürsüz də...


 
***
 
Şərqiyyə xanımla karton evə giririk. 3 metr uzunluğu, metr yarım eni olan bu karton qutuda 3 nəfər yaşayır. Necə deyərlər, hərəyə 1 metr yer düşür. Şərqiyyə xanımın oğlu Səbuhi səhər evdən iş axtarmaq üçün çıxıb.
 
- İş deyəndə, hamballığa. Onun-bunun qapısında işləyir, bazarda yük daşıyır ki, evə heç olmasa yavan çörək gətirsin. Bu arvad isə qayınanamdır. Ağır xəstədir, elə bu kartonun üstündə yatıb-durur, - deyir Şərqiyyə xanım.
 
***
 
Evin digər sakini 102 yaşlı Şuriya nənənin heyrətamiz taleyi ilə bağlı yazını isə illər öncə oxumusunuz Lent.az-da. Ata-babası gürcü knyazları olublar, bir vaxtlar Kutaisi quberniyasında, indiki Oni şəhərində. Gürcüstanda sovet hakimiyyəti qurulanda hamı kimi atası knyaz Simone Qamkrelidzenin də əmlakını, torpaqlarını əlindən alırlar. Malikanələri, üzüm sahələri, dəyirmanları bolşeviklər tərəfindən müsadirə edilir. Knyaz Simone atası Valentini və ailəsini götürüb köçür Tiflisə. Özü isə Türkiyəyə gedir. Qalanını Suriya nənə özü danışır:
 
- Əksər gürcü knyazları müvəqqəti Türkiyəyə keçmişdilər. Qorxurdular ki, bolşeviklər onları güllələyərlər. Biz isə Tiflisdə kiçik bir daxmada yaşayırdıq. Bir ildən sonra babam öldü. Anam knyaginya Sofiya bizi böyütmək üçün işləməyə başladı. Mənim bir qardaşım və iki bacım vardı. Bircə bacım Eteri sağ-salamat qaldı. O biriləri uşaqkən vəfat etdilər. Mənim 12-13 yaşım vardı anama kömək etmək üçün işləməyə başladı. Restoranlarda rəqqasəlik edirdim. Evə çörək qazanırdım.


 
***
 
...Həmin gün 16 yaşlı Şuriya rəfiqələri ilə birgə teatra gedibmiş. Azərbaycan teatrı Tiflisdə qastroldaymış. Şuriya da birinci sırada oturubmuş. Birdən hiss edir ki, baş rolun ifaçısı tamaşada oynaya-oynaya gözünü ondan çəkmir. Fasilədə Tiflis azərbaycanlılarından biri Şuriyaya yaxınlaşıb deyir ki, o aktyor səninlə görüşmək istəyir.
 
- Mənə bir kağız da verdi. Yazılmışdı ki, mənim adım Yəhyadır. Tamaşa bitən kimi teatr binasının arxasında səninlə görüşmək istəyirəm. Rusca yazılmışdı məktub. Mən də elə rusca yazıb qaytardım ki, görüşək. Uşaq idim, xoşuma gəldi. Tamaşa qurtarandan sonra rəfiqələrim çıxıb getdilər, mən isə tanımadığım adamı gözləməyə başladım.
 
Amma bu adi görüş olmur. Azərbaycanlı aktyor Yəhya Rzayev 16 yaşlı Şuriyanı Tiflisdən Bakıya qaçırır. Bakıda isə Yəhyanın anası Şuriyanı qəbul eləmir. Yəhya xahiş edir ki, Şuriya islam dinini qəbul eləsin. Məscidə gedən Şuriya islamı qəbul edir, bundan sonra anası onu gəlin kimi qəbul edir.
 
Cütlük xoşbəxtcəsinə həyatlarını yaşayarkən qəfil müharibə başlayır. Həm Yəhya, həm də Şuriya cəbhəyə getmək üçün ərizə verirlər. Yəhyaya, gələcəyin əməkdar artistinə bron verirlər. O, cəbhə xəttində əsgərlər qarşısında konsertlər, tamaşalar verən truppa rəhbəri təyin olunur. Şuriya isə zenit topunun atıcısı kimi Stalinqraddan tutmuş, düz Yaponiya sərhədinə qədər döyüşlərdə olur. Neçə-neçə orden və medala layiq görülür.  1945-ci ilin oktyabrında o və daha bir neçə qadını Moskvaya çağırırlar. Düz Kremlə, Stalinin qəbuluna. Şuriya nənə deyir ki, bizə xeyli şirniyyat, payladılar, hədiyyə verdilər:
 
- Təxminən 50 nəfərədək qadın döyüşçü idik. Dedilər, indi yoldaş Stalin gələcək. Gəldi. Mən elə bilirdim ki, o, uzunboy adamdır. Amma balacaboy, özü də kobud bir adam idi. Bizi salamladı, təbrik etdi, sonra isə hərəmizə “Faşizm üzərində qələbəyə görə” medal verdilər.


 
***
 
Müharibə qurtaran kimi Yəhya da cəbhədən qayıdır. O, Bakıda iş tapa bilmir. Yəhyanın yaxın qohumu onu Sabirabadda mədəniyyət evində işə düzəldir. Yəhya mədəniyyət evinin direktoru olur, Şuriya isə kinoteatrda kassir işləyir.
 
Bütün bu müddət ərzində Şuriya nənə vur-tut bircə dəfə Tiflisə gedir. O da bacısı Eterinin dəfninə.
 
Bir müddət əvvəl Yəhya vəfat edir. Şuriya evdə tək yaşamağa başlayır. Amma oğlu Akif onu tək qoymur. Ailəsini də götürüb Cavad kəndindən indiki ünvana köçür. 2010-cu ilin may ayında isə sel suları evin bünövrəsini dağıdır. Ev qəzalı vəziyyət düşür.
 
- Rəhmətlik ərimi bu ev çərlətdi öldürdü. Kimlərə müraciət etmədi, yalvarmadı yalvarmırdı ki, bu ev başımıza uçacaq, tikmirsizsə, heç olmasa, material verin özümüz tikək. Rayon icra hakimiyyətindən tutmuş Bakıda elə bir yer qalmadı ki, qapısına getməsin. Heç kim də kömək eləmədi. Yazığın ürəyi partladı bu süründürməçilikdən.
Şərqiyyə xanım bildirdi ki, o özü dəflərlə Sabirabad rayon icra hakimiyyətində olub. Başçının birinci müavini Həsən Həsənovunun qəbulunda olub. Amma heç bir kömək edilməyib. Bundan başqa, bu rayondan deputatı Elçin Quliyevin də qəbulun gedib.


 
- Məni dinlədi, amma dedi ki, sənə ev tikməyə imkanım yoxdur.
 
Bu vaxt oğlu Səbuhi həyətə girir. Deyir səhər tezdən bazara gedib yük daşımağa iş tapa bilməyib.
 
- Nənəmin 140 manat pensiyasıyla dolanırıq. Onun da böyük hissəsi nənəmin dərmanlarına gedir. Yavan çörək tapsaq, buna da şükür. 35 yaşım var, subayam. Hara gəlin gətirim, bura?
 
...Əliylə karton daxmanı göstərir... 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений