Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kimlər əfv olunacaq? - Komissiyanın baxmadığı müraciətlər də var



“Əfv Məsələləri Komissiyasının iclasları davam edir. Komissiyanın katibliyi daimi işləyir. Sənədlərin qəbulu, arayışların hazırlanması, məlumatların təqdim edilməsi hər gün davam edən prosesdir”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Komissiyaya məhkumların özləri və ya onların vəkilləri, QHT-lər, eləcə də ailə üzvləri tərəfindən müraciətlər daxil olur:

“Hər bir müraciətlər diqqətlə araşdırılır və müvafiq qərarlar qəbul edilir. Təbii ki, son söz Azərbaycan prezidenti cənab İlham Əliyevin olacaq. Çünki əfv etmək hüququ prezidentin müstəsna konstitusion səlahiyyətidir”.

Məlumdur ki, barəsində məhkəmə qərarı olmayan şəxslərin əfv olunma ehtimalı azdır. Amma ötən gün həbsdə olan müğənni Fədayə Laçın bağışlanması üçün Əfv Məsələləri Komissiyasına müraciət edib. Onun müraciətinə baxıla bilərmi?

İndiyə qədər yüzlərlə müraciətə baxıldığını deyən komissiya üzvü bu prosesin davam etdiyini qeyd edib:

“Qanunvericiliyin tələblərinə görə, Əfv Məsələləri Komissiyası barəsində məhkəmə hökmü qanuni qüvvəyə minmiş şəxslərin müraciətlərinə baxır. Barələrində istintaq davam edirsə, həmin şəxslərin müraciətinə baxılmır. Çünki bu, Əfv Məsələləri Komissiyasının mandatına aid deyil. Fədayə Laçın barəsində həbs qətimkan tədbirinə baxılması ilə bağlı məsələ müvafiq istintaq orqanlarının və məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də bütün hallarda belə müraciətlər gələndə aidiyyəti üzrə baxılmır”.

Əfv siyahısında nə qədər şəxsin adının olacağına gəlincə, Əliməmməd Nuriyev bu barədə konkret fikir söyləməyin yanlış olduğunu deyib:

“Neçə nəfərin əfv olunması prezident sərəncamı imzalanıb dərc olunandan sonra bilinəcək. Nəzərə alsaq ki, ötən il Əfv Sərəncamında 423 nəfərin adı var idi. Düşünürəm ki, sayla bağlı fikir söyləmək olmaz. Hər halda müraciətlərə baxılır və müvafiq qərar prezident tərəfindən veriləcək”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений