Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İşsizlik Ərdoğanı da işsiz qoya bilər 



Türkiyədə prezident və parlament seçkilərinə sayılı günlər qalıb. Prezident seçkilərində əsas yarışın indiki prezident Rəcəb Tayyib Ərdoğan, İYİ Partiyanın sədri Meral Akşenər və Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə arasında gedəcəyi şübhə doğurmur. Hakim Ədalət və İnkişaf Partiyasının lideri Ərdoğan rəqibi M.İncəni seçki qutusuna “gömməklə” hədələyir. Bir sıra analitiklər seçkilərdə ikinci turun qaçılmaz olacağını proqnozlaşdırırlar. İkinci tura Ərdoğanla Akşenərin keçəcəyi gözlənilir və hətta iddia edilir ki, İYİ Partiyanın namizədi bütün müxalifətin dəstəyini qazanaraq qalib gələ bilər. 

Parlament seçkilərində də müxalifətin AKP-MHP cütlüyü “dördlük koalisiyası”na qarşı mübarizə aparacaq. Hakimiyyət siyasi uğur qazanmaq üçün son iki ildə bir sıra addımlar atııb. Söhbət ilk növbədə, Suriyanın şimalının terrorçulardan təmizlənməsindən gedir. Seçkilər ərəfəsində türk ordusunun Afrindəki möhtəşəm qələbəsi, Menbicin PKK-dan azad edilməsi ilə bağlı ABŞ-la razılaşmanın əldə olunması təbii ki, AKP-yə səs gətirəcək. Son günlər Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda keçirdiyi genişmiqyaslı hərbi əməliyyatların da məhz seçkilərə hesablanmış bir siyasi gediş olduğunu söyləmək olar. Bunlar daha çox məsələnin siyasi tərəfləridir. 

Ancaq müxalifətin də mitinqləri zəif keçmir. İstər M.İncənin, istərsə də xanım Akşenərin çıxışlarına baxsaq, görərik ki, müxalifətin namizədləri diqqəti əsasən daxili sosial-iqtisadi problemlərə yönəldir və hakimiyyətə gələcəkləri təqdirdə işsizliyin aradan qaldırılması, inflyasiya probleminin həlli, minimum əmək haqqının artırılması, aqrar sektorda islahatlar və digər məsələlərə dair vədlər verirlər. 

Hələlik bu problemlərdən sadəcə, birinə diqqət yetirməklə seçkilərin Ərdoğan iqtidarı üçün heç də asan keçməyəcəyini söyləmək olar. Ekspertlərin fikrincə, Türkiyədə işsizliyin artması hazırda AKP-nin siyasi mövqelərini laxladan əsas səbəblərdən birinə çevrilib. Çünki Rəcəb Tayyib Ərdoğan 2002-ci ildən bəri soaial-iqtisadi sferada bir sıra çatışmazlıqları aradan qaldıra bilsə də (Türkiyənin kredit borcların bağlanması, valyuta ehtiyatlarının 5 dəfədən çox artırılması, bir sıra makroiqtisadi layihələrin həyata keçirilməsi, ümumdaxili məhsulun artımı və iqtisadiyyatın böyüməsi) işsizlik problemini aradan qaldıra bilməyib. Bu baxımdan, son üç ilin göstəricilərinə nəzər salsaq, işsizlərin sayının artdığını görmək olar. Ona görə də ekspertlər seçkilərdə işsizlərin daha çox müxalifətə səs verəcəyini proqnozlaşdırır. 

2015-ci ildə Türkiyədə işsizliyin səviyyəsi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə artaraq 9,9 faiz təşkil edib. Türkiyə Statistika Qurumunun 2016-cı ilə dair açıqlamasında işsizliyin 12,1 faizə qədər artıdğı göstərilir. Türkiyə Statistika Qurumunun 2018-ci ilin yanvar ayında açıqladığı rəsmi məlumata görə, Türkiyədə 15 yaşdan yuxarı işsizlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 546 min nəfər azalaraq 3 milyon 354 min nəfər təşkil edib. Dövlət qurumu 2018-ci ilin fevral ayında Türkiyədə 15-64 yaş arası işsizlik səviyyəsinin 10,9 faiz olduğunu bildirib. Ən çox işsizlik faktı isə gənclər arasında qeydə alınıb. 2017-ci ilin mart ayında açıqlanmış rəsmi statistikaya görə, Türkiyədə 15-25 yaş arasında işsizlik səviyyəsi 4,8 faiz artaraq 24 faizə çatıb. Göründüyü kimi, 2014-cü illə müqayisədə işsizlik hökumət üçün həllini tapmayan başlıca problem olaraq qalır. İqtisadçı professor Murad Demirözün sözlərinə görə, bu, 2010-cu ildən bəri Türkiyədə ən yüksək işsizlik səviyyəsidir. Hökumət işə ehtiyacı olanların sayının 3,5 milyon civarında olduğunu bildirir. Türkiyə İnqilabçı Fəhlə Həmkarlar Konfederasiyası Araşdırmalar İnstitutunun 2017-ci ilin may ayında verdiyi məlumatda real işsizlərin sayının əslində, 6 milyon 611 min nəfər və ya 20 faiz təşkil etdiyini qeyd edib. Adıçəkilən institut 2017-ci ildə 982 min nəfər ali təhsilli gəncin əlində diplom iş axtardığını bildirir. 

Prezidentliyə namizəd Meral Akşenər isə Türkiyədə işsizlərin sayının 10 milyon nəfərdən artıq olduğunu, onların 26 faizini gənclərin təşkil etdiyini deyib. Akşenər iddia edir ki, işsizliyin başlıca səbəbi ölkəyə sərmayələrin cəlb edilməsi əvəzinə son 16 ildə fabrik və səhmdar cəmiyyətlərin satılaraq 70 milyard dollar pul mənimsənilməsidir. Akşenər hakimiyyəti Türkiyənin xarici borclarını 450 milyard dollara çatdırmaqda itiham edib. 

CXP-nin namizədi Məhərrəm İncə isə Türkiyədə işsizliyin 20 faiz təşkil etdiyini, idxalın 250 milyard dollara, dolların məzənnəsinin 5 lirəyə çatdığını, qiymətlərin 30 faiz bahalaşdığını deyib. Ona görə də M.İncə belə vəziyyətdə işsizlik göstəricisinin bir neçə faiz də artacağını istisna etməyib. “Cümhuriyət” qəzeti xəbər verir ki, ekspertlərin apardığı araşdırmalara görə, hazırda Türkiyədə işsizlik daha çox sənayedə və inşaat sektorunda müşahidə olunur. 2017-ci ildə sənayedə çalışanların sayı 2016-cı illə müqayisədə 51 min nəfər, inşaatdakılar 28 min nəfər azalıb. Məşğulluq probleminin əsas səbəbləri kimi muzdla işləyənlərin sayının sənaye, inşaat sektoru və iaşə sahəsində üstünlük təşkil etməsi, şəhərləşmənin artması, devalvasiyanın real sektora mənfi təsir göstərməsi, miqrasiya problemi, işçi qüvvəsinin müasir sənaye texnologiyalarının tələblərini zəif bilməsi kimi hallar göstərilir. Bundan başqa, Türkiyədə gizli işsizlik də geniş yayılıb. Bu kateqoriyaya əsasən reallıqda işsiz olmasına baxmayaraq, istehsalla heç bir əlaqəsi olmayan insanlar aid edilir. 

Murad Demiröz qeyd edir ki, Türkiyədə hökumət makroiqtisadi islahatlarla 12,7 faizlik işsizliyin 2,7 faizini aradan qaldıra bilər. Yerdə qalan 10 faizlik problemi necə həll edəcəyi isə sual olaraq qalır. İqtisadçı hesab edir ki, Türkiyədə işsizliyin əsas səbəblərindən biri bölgələr arasında inkişaf səviyyəsinin fərqli olması ilə bağlıdır. Ümumilikdə isə məşğulluq problemini aradan qaldırmaq üçün sənaye gücləndirilməli, kənd təsərrüfatı modernləşdirlməli, təhsil sistemi tamamilə yenidən qurulmalıdır. 

Onu da qeyd edək ki, AKP iqtidarı dövründə Türkiyənin Qərblə siyasi münasibətlərində gərginliyin yaranması investisiyaların da ölkəyə axınını zəiflədib. Doğrudur, 2017-ci ildə ölkə iqtisadiyyatı 7,4 faiz böyüyüb. 2018-ci ildə isə Türkiyə iqtisadiyyatının 5,5 faiz böyüyəcəyi gözlənilir. Bu, G-20 ölkələri arasında ən sürətli göstəricidir. Lakin 2016-cı ilin sonunda Türkiyə iqtisadiyyatında qeydə alınan defisit 33,7 milyard dollar və ya milli gəlirin 4,7 faizi qədər idisə, 2018-ci ilin birinci rübündə bu göstərici 41, 9 milyard dollara çatıb. Xarici investisiyaların həcmi 50 faiz aşağı düşüb. Borclanmaya gedən şirkətlər isə daha çox Çinə üz tutur. Bu da xarici iqtisadi təzyiqlərdən özünü qorumağa çalışan Çinin gəlir əldə etməsinə şərait yaradır. 

Buna baxmayaraq, 2018-ci ilin birinci rübündə mal və xidmətlərin ixracatın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz təşkil etdiyi halda, idxalat göstəricisi 15,6 faiz olub. 

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyədə işsizlik probleminin həllini tapmaması bu ölkənin iqtisadiyyatındakı fundamental problemlərlə bağlıdır: “Türkiyə iqtisadiyyatı doymamış iqtisadiyyatdır. İqtisadiyyatın böyüməsi tempinin neçə faiz təşkil etməsi o qədər də ciddi amil deyil. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələrin səviyyələri arasında fərqlər, yığılıb qalmış fundamental problemlər var. 

Bunlardan biri də işsizlikdir.Türkiyədə əhalinin təbii artım sürətinin inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksək olmasıdır. Braziliyada, yaxud Çində demoqrafik artım sürəti Türkiyədəki qədər deyil. Bu da son nəticədə işsizliyi artıran məqamlardan biri hesab olunur. Türkiyə optimal iqtisadiyyata malik ölkə deyil. Məsələn, Türkiyənin ərazisi İtaliyadan təxminən dörd dəfə böyükdür. Amma Türkiyə iqtisadiyyatı İtaliyadan kiçikdir. Eyni zamanda, son dövrlər qurulan istehsalat müəssisələrində müasir texnologiyaların tətbiqilə əlaqədar əməyə ehtiyacın az, yüksək ixtisaslı əmək qabiliyyətli əhalinin sayının aşağı olması bəzi hallarda hazırkı işsizliyin yaranmasının əsas səbəblərindən biri hesab olunur. 

Eləcə də Türkiyədə həyata keçirilən siyasətin özü də işsizlik yaradan amillərdən birinə çevrilib. Suriyadan Türkiyəyə 3 milyona yaxın qaçqın gəlib. Həmin insanlar bu gün Türkiyənin əmək bazarında ucuz işçi qüvvəsinə çevrilib. Eyni zamanda, regionun başqa ölkələrindən, o cümlədən, Azərbaycandan Türkiyəyə çoxsaylı əmək miqrantı gedir. Nəzarət mexanizmlərinin zəif olması, müəyyən qədər leqal işçi qüvvəsinin artıqlığı sahibkarların əmək bazarına müraciət etmək imkanlarını genişləndirir və nəticədə yerli əhali arasında işsizlik ciddi problem olaraq qalır”.

Ekspert onu da bildirdi ki, Türkiyədə dövlət quruluşunun dəyişilməsi və prezidentli respublika üsul-idarəsinə keçid nəticəsində hakimiyyət bölgüsü ciddi risk altına düşüb. Məhkəmə hakimiyyətinin, ədliyyə sistenminin və hətta parlamentin də müstəqilliyinin zəifləməsi ölkəni bir nəfərin iradəsindən asılı edən siyasi struktura çevirib: “Bu günlərdə prezident Ərdoğanın Böyük Britaniyada “Bloomberg” agentliyinə müsahibə verərkən Mərkəzi Bankn müstəqilliyini şübhə altına salan ifadələr işlətməsi həmin andan etibarən Türkiyədən kapital axınının başlanmasına səbəb oldu. Yəni, demokratik idarəetmə mühitinin risk altına düşdüyü ölkələrdə xarici investisiyanın olması ehtimalları azalır. Ona görə də xarici investorlar ən az zərərlə ölkədən qaçmağa çalışır.Türkiyənin üzərində formalaşan təzyiqlərin səbəblərindən biri də bununla bağlıdır”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений