Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsrail raketlərini İrana tuşladı



Qabil Hüseynli: “Hərbi hava qüvvələri və raket qoşunlarının iştirakı ilə lokal müharibə başlayacaq”

İran Suriyada 10 hərbi bazadan istifadə edərək İsraillə potensial müharibəyə hazırlıq üçün Bəşər Əsədə sadiq qüvvələrə təlim keçir. 

“Times of İsrael” bu açıqlamanı  ABŞ-da  yerləşən beyin mərkəzi “Atlantic Council”a (“Atlantika Şurası”) istinadən yayıb. 

“The New York Times” qəzetində bu barədə dərc olunan məqalədə İran hərbçiləri tərəfindən Suriyada müxtəlif silahlı qruplaşmalardan ibarət 20 minə qədər döyüşçünün yetişdirildiyi və bunun İranın Suriyadakı “əsl əzələsini” təşkil etdiyi bildirilir. 

Məqalədə, Suriyada minlərlə iranlı hərbi zabitin olduğu və “Hizbullah”ın 6 minə yaxın üzvünün İranın təlimlərində iştirak etdiyi əlavə edilib. Mənbə həmçinin qeyd edir ki, İrana məxsus 10  hərbi baza aşkar edilib ki, bunların 7-nin taktiki məqsədlə təşkil olunub.  Həmin bazalar ön cəbhə xəttində yerləşdirilib.  Digər 3 “əsas” baza ölkə daxilində fəaliyyətlərə nəzarət edir. Bunların ikisi Dəməşqin cənubunda, İsraillə sərhədinin yaxınlığındadır. 

Xatırladaq ki, ötən ilin noyabrında İsrailin peyk fotoları İranın Suriyada daimi hərbi baza tikdiyini aşkar edib. Fotoda bunun İsrail-Suriya sərhədindən cəmi 50 kilometr kənarda olduğu görünüb.

İsraillə Suriya və İran arasında müharibə ehtimalını cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, belə bir hadisənin baş verəcəyi gözləniləndir: “Bu xəbərlər xeyli dərəcədə həqiqəti əks etdirir. Çünki bundan əvvəl də məlumat yayılmışdı ki, İranın Suriyada  “Həşti-Şaabi” qüvvələri və İraqdakı könüllüləri ilə birlikdə 70 minə yaxın qoşun kontingenti var. Həmin hərbi və silahlı birləşmələr müxtəlif hərbi bazalarda yerləşdirilib. Buraya İranın İslam İnqilabı Keşikçiləri Korpusundan ibarət hərbçiləri və təlimçiləri də əlavə etsək, sayca böyük qüvvə alınır. Eyni zamanda, İran Dəməşq şəhərinin  yaxınlığında, təxminən 40 km-liyində də  böyük bir raket bazası tikmişdi. İnşaat işləri başa çatmaq ərəfəsində İsrail kəşfiyyatı bunu müəyyən etdi  və hərbi hava qüvvələri aviazərbələr vasitəsilə həmin bazanın böyük hissəsini darmadağın etdi.  İsrail uzun müddət ABŞ-ın İrana hərbi müdaxilə edəcəyinə arxayın idi. Amma bu müddətdə Amerika İranla nüvə proqramının dayandırılması ilə bağlı müqavilə imzaladı, heç bir hərbi müdaxilə də etmədi.

Nəticədə İran İraqı da, Suriyanı da öz təsiri altına ala bildi və demək olar ki, Aralıq dənizinə çıxış yolu əldə etdi. Ona görə də son günlər İsrailin baş naziri Benyamin Netanyahu İranın ünvanına yönəlmiş müharibə ritorikalı bəyanatlar verir. Netanyahu açıq şəkildə İranın  Suriyadakı iştirakına son verəcəklərini bildirib. Görünür, bu məsələlər Birləşmiş Ştatlarla da razılaşdırılıb. Hər halda, İranla genişmiqyaslı müharibə olmasa da İsrail Suriyada hərbi hava qüvvələrinin və raket qoşunlarının geniş iştirakı ilə lokal xarakterli hərbi əməliyyatlar həyata keçirəcək. Bununla da Təl-Əviv İranın Suriyadakı mövqeyinə son  qoymağa çalışacaq. Paralel olaraq, İsrailə qarşı təhlükə yaradan “Hizbullah”a və HƏMAS-a qarşı da hərbi əməliyyatlar başlayacaq.  Artıq bu məsələ kifayət qədər yetişmiş görünür və İsrail vaxt itirmək istəmir”. 

Qabil Hüseynli  hesab edir ki, İran hərbi dəstək versə də zəifləmiş Bəşər Əsəd rejimi İsraillə müharibə aparmaq gücündə deyil. Çünki Suriya dövləti dağılmış və parçalanmış durumdadır. Suriya ərazisində əsasən Rusiya, İran, ABŞ, “Hizbullah”a aid silahlı qüvvələr yerləşdirilib. Bu baxımdan, özünü İran və “Hizbullah” tərəfindən mühasirə vəziyyətinə düşmüş hesab edən İsrail  situasiyanı dəyişmək üçün hərbi əməliyyatlara başlamağa hazırlaşır: “İsrail mühasirəni yarmaq qərarına gəlib və Yaxın Şərqdə hadisələrin mürəkkəbləşməsi  gözlənilir”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений