Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İslahatlar icra başçılarından yan keçməyəcək: HƏDƏFDƏ KİM VAR?



Seçkilərdən sonra başlanmış islahat dalğası bir çox məmurları komandadan kənarda qoyub. Yeni hökumətdə gənclərin də yer alması və hakimiyyət təmsilçilərinin verdiyi anonslar islahatların davamlı olacağını deməyə əsas verir. İslahatların “qurbanına” çevrilməyə ən real namizədlər isə indiki zamanda bir sıra icra hakimiyyətlərinin başçılarıdır. Mütəmadi olaraq “balaca padşahlar” haqqında yayılan neqativ məlumatlar onları birbaşa hədəfə gətirir. Ötən gün Xətai rayonu ərazisində yaşıllıqların məhv edilməsi sakinlərin ciddi etirazına səbəb olub. 

Sakinlər Yusif Səfərov 12A ünvanında binaların həyətində olan 6 şam ağacının kəsildiyini və ərazinin obyekt tikintisi üçün hasarlandığını deyiblər. Yaşıllıqların icra başçıları tərəfindən məhv edilməsi faktına o qədər çox rast gəlinir ki, artıq bu adi hala çevrilib.

Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının işdən uşaqlaşdırılmasına səbəb olan qanunsuz tikintiyə icazə verməsi idi. Binəqədi rayon İcra hakimiyyəti başçısının qanunazidd əməlləri ilə bağlı mütəmadi yaıylan məlumatlar, regionlarda sakinlərin incidilməsi və bu kimi digər hallar icra başçılarının dəyişdirilməsini zəruri edir.

İctimai rəydə xalqa xidmət etməli olan icra hakimiyyətlərinin imici heç də yaxşı deyil. Hesablama Palatasının apardığı yoxlamalar zamanı aşkarlanan yeyinti faktları da bunu deməyə əsas verir. Palatanın ötən il apardığı yoxlamalar zamanı Qaradağ, Sabunçu (Bakı), Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdə büdcə vəsaitlərinin aidiyyatı üzrə xərclənmədiyi aşkarlanmışdı.

İcra başçılarına dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıqlar da edilib. Məlumdur ki, icra hakimiyyətləri əhalinin ən çox narazılıq etdiyi qurumlar sırasındadır. Rəsmi məlumatlar da bunu təsdiqləyir. Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən ən çox şikayət olunan İcra hakimiyyətlərinin adlarını açıqlamışdı. Rəsmi məlumata görə, 2016-cı illə müqayisədə icra başçılarından şikayətlərin sayı Beyləqan, Cəbrayıl, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Gözlənilən odur ki, icra başçıları ilə bağlı qərar yaxın zamanlarda veriləcək. Xüsusilə, ən çox narazılıqlar, şikayətlər olan rayonların icra başçıları vəzifədən uzaqlaşdırılacaq. 

Xətai rayonunun keçmiş icra başçısı Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə şərhində icra başçılarının inkişafı əngəlləyən mexanizmin içində olduğunu deyib. Onun sözlərinə görə, islahat xətti davam edərsə, icra başçıları da əvəzlənəcək: “Hakimiyyətdə islahatçı və mühafizəkar xətt var. 

Mühafizəkarlar daha çox Rusiyanın for-postları kimi çıxış edirlər. Son dəyişiklikləri islahatçıların revanşı kimi dəyərləndirirəm. Amma görünür mühafizəkarlar o qədər güclüdür ki, qanunsuzluğa yol verən başçılar cəzalandırılmır. Çünki onları qoruyan mexanizm var. Bu mexanizm qırılmamış başçıların cəzalandırılması mümkün olmayacaq. Mən dəfələrlə Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun istefasını tələb etmiş, onun milli layihələrdən uzaq olduğunu bildirmişdim. İndi deyirlər ki, o, pulları aidiyyatı üzrə xərcləməyib.

Hara xərcləyib deyə bilmərəm, amma o, pulların dövlətin mənafeyi üçün xərclənmədiyini dəqiq bilirəm. Yəni, bu gün enerjilərini, səlahiyyətlərini millətə, dövlətə xərcləməyən kifayət qədər məmur ordusu var. Azərbaycanın inkişafını əngəlləyən mexanizmin içindədirlər. Bunlar isə ilk növbədə icra başçılarıdır. İcra başçıları pul silmək, büdcəni dağıtmaq, insanları incitmək, milli layihələri arxa plana salmaq, hər şeyi alıb satmaq təfəkkürü ilə idarəetmədə olmamalıdırlar. Bu baxımdan bu mexanizm qırılmasa, fayda verməyəcək. Yeni, gənc, enerjili kadrlara, islahatçı təfəkkürə ehtiyac var. Köhnə, paslanmış kadrlarla bunu etmək mümkün deyil. İslahatçı kəsimin genişlənməsini, inkişaf etməsini istəyirəm. Bu xətt davam edərsə, şəxsən buna dəstək verənlərdən biri mən olacam”.

Vilayət

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений