Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvan Türkiyəni “Qarabağ oyun”undan uzaqlaşdırır



Ermənistan Sürix protokollarını ləğv etməyə hazırlaşır. "2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə bir açıqlama ilə çıxış edib. Xatırladaq ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normalllaşdırılmasına dair niyyət protokolu 2009-cu il oktyabrın 10-da hər iki ölkənin xarici işlər nazirləri tərəfindən İsveçrənin Sürix şəhərində imzalanıb. Ermənistanla Türkiyənin barışdırılması ilə bağlı qapalı gedən danışıqların baş tutmasında ABŞ, Rusiya, Fransa və İsveçrə vasitəçilik edib. 

Lakin 2010-cu il aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan sözügedən protokolların ratifikasiyasının dayandırılmasına dair fərman imzalayıb. Sarkisyan bu mövqeyini Türkiyənin başlanmış prosesi davam etdirməyə hazır olmaması ilə əsaslandırmışdı. Erməni tərəfin bu addımı Türkiyəni də Sürix protokollarını hüquqi təsdiqini dayandırmağa vadar etdi. 8 ildən artıq ötən dövrdə Sürix protokolları artıq əhəmiyyətini itirmiş bir razılaşmaya çevrilib. Demək olar ki, unudulmuş protokolları indi Ermənistanın gündəmə gətirərək ləğv etmək qərarına gəlməsi əsasən iki səbəblə izah oluna bilər. 

Birinci amil geosiyasi proseslərin gedişi ilə əlaqədardır. Yəni son zamanlar Yaxın və Orta Şərqdə, o cümlədən, Cənubi Qafqazda Rusiyanın geosiyası təsirinin güclənməsindən istifadə edən Ermənistanı Türkiyəyə, dolayısı ilə də Azərbaycana qarşı daha radikal qərarlar qəbul etmək niyyətini nümayiş etdirir. Türkiyənin Rusiya ilə taktiki müttəfiqlik qurması Ərdoğan iqtidarını Cənubi Qafqazda Rusiya ilə rəqabətdən çəkindirir. Azərbaycanın əsas strateji müttəfiqi olan Türkiyənin geosiyasi fəallığının aşağı düşməsi Ermənistanın daha sərt yanaşma nümayiş etdirməsi ilə müşahidə olunur. Buna baxmayaraq, Türkiyənin Dağlıq Qarabağ probleminin həllinə dair son bir ayda müzakirələrə qatılması Ermənistan tərəfindən narahatlıqla qarşılanıb. Çox güman ki, rəsmi İrəvan Sürix protokollarından birdəfəlik imtina etməklə Türkiyənin yer aldığı hər hansı nizamlanma prosesinə qatılmayacağına dair mesaj verir. 
Digər tərəfdən, axır vaxtlar Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması Türkiyənin Qərblə münasibətlərindəki gərginliyin artması fonunda baş verir. Görünür, mövcud situasiya İrəvana yeni manevr imkanları açıb. Sarkisyan hakimiyyəti Sürix protokollarını ləğv etməklə Qərbin Türkiyəyə təzyiq vasitələrini bir qədər də artırmaq istəyir.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koşaryanın dekabrın əvvəlində Türkiyəyə qarşı yönələn ittihamları da bunu deməyə əsas verir: "Türkiyə ilə münasibətlərin qaydaya salınmasının yolları yaxşı məlumdur. Bu 2009-cu ildə Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokolları və onun ratifikasiyasıdır. Türkiyə protokolların ratifikasiyasından imtina etdikcə, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması kanalları bağlı qalacaq". 

Göründüyü kimi, Ermənistan protokolları ləğv edən ilk tərəf olsa da, məsuliyyəti Türkiyənin üzərinə yönəldir. Əgər İrəvan Sürix protokollarını ləğv edərsə, rəsmi Ankaranın da dərhal analoji addım atacağı şübhə doğurmur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə erməni diasporu vasitəsilə İrəvanın bütün barışıq yollarını qapatdığını, nəticədə Errmənistanın bölgədəki nəqliyyat və energetika layihələrindən kənarda qaldığını deyib. 

Ermənistanı protokolları "zibil yeşiyinə" atmağa sövq edən ikinci səbəb daxili amil ola bilər. Belə ki, 2018-ci ilin aprel ayında Ermənistanda baş nazir seçiləcək. Hazırda bu posta ən iddialı şəxs prezident Sarkisyan olduğundan onun ictimai rəydə mövqelərini gücləndirmək üçün sərt qərarlar qəbul etməsi gözləniləndir. Bu arada erməni politoloq Suren Sarkisyan Ermənistanla Türkiyəni çox səviyyəli və açıq diplomatiya yolu ilə barışdırmaq üçün facebook vasitəsilə ABŞ-ın sabiq dövlət katibi Henri Kissencerə müraciət edib. Kissencerin isə bu təklifi qəbul etdiyi bildirilsə də, amerikalı diplomt tərəfindən hələlik konkret addım atılmayıb.

Edvard Nalbandyanın son bəyanatını şərh edən politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistan Türkiyəyə və Azərbaycana qarşı iddialarından əl çəkməyənə qədər Sürix protokolları da heç bir əhəmiyyət daşımayacaq: "Ermənistan Sürix protokollarını ləğv etsə də, etməsə də o, heç bir məna daşımayan sənədə çevrilib. Çünki Türkiyə 2009-cu ildə Ermənistana çox geniş imkanlar yaratmışdı. Türkiyə təklif edirdi ki, Ermənistan protokollara imza atsın, əvəzində də rəsmi Ankara sərhədləri açıb, diplomatik münasibətlər qura bilər. Eyni zamanda, Ermənistan beynəlxalq layihələrə qoşula bilər. Amma bunun üçün Türkiyə bəzi şərtlər irəli sürdü. Birincisi, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Həmçinin, Ermənistan 1915-ci il hadisələrini soyqırım kimi yalandan təbliğ etməkdən əl çəkməlidir. Üçüncüsü, Ermənistan Türkiyəyə ərazi iddiasından imtina etməlidir. Lakin görünür, bu şərtlər erməni siyasətçilərin ya yadına düşməyib, ya da sadəcə olaraq, bunu inkar edirlər.

Beləliklə, Sürix protokolları birmənalı şəkildə həyata keçirilə bilməzdi. Ona görə ki, bu həm beynəlxalq hüquqa, həm siyasi reallığa və məntiqə zidd bir sənəd ola bilərdi. Türkiyə təbii ki, bu protokolları təsdiq edə bilməzdi. Görünür, Ermənistan indiyə qədər gözləməklə Türkiyədən kiminsə gəlib bu məsələyə yenidən baxacağına, yaxud Türkiyə prezidentinin mövqeyini dəyişəcəyinə ümid edib. Amma gördülər ki, heç bir dəyişiklik baş vermədi, Türkiyənin mövqeyi qətidir, Azərbaycan da eyni mövqedən çıxış edir. Azərbaycan Sürix protokollarına qarşı öz sərt mövqeyini hələ 2009-cu ildə bildirib. İndi isə Ermənistan onu formal şəkildə gündəmdən çıxarır. Onlar bunu etsələr də, etməsələr də Sürix protokolları nə siyasi, nə də hüquqi məna daşıyan bir sənəd deyil". 

Fikrət Sadıqov onu da vurğuladı ki, Henri Kissencerin vasitəçilik missiyasının Türkiyə ilə Ermənistan arasında barışığa gətirib çıxaracağı inandırıcı görünmür: "Kissencerin və ya başqa şəxsin vasitəçiliyi o zaman müsbət nəticə verər ki, tərəflərdən biri öz iddiasından əl çəksin. Türkiyənin Ermənistana qarşı heç bir iddiası yoxdur. Türkiyə sadəcə olaraq, Ermənistanın işğal etdiyi əraziləri azad etməsini və saxta ittihamlardan əl çəkməsini istəyir. Bu halda, Kissencerin vasitəçiliyi olmadan da Türkiyə-Ermənistan münasibətləri normallaşa bilər. Ermənistan isə buna əməl etmir. Henri Kissencer müdrik siyasətçidir və düşünmürəm ki, ahıl yaşında vasitəçiliklə məşğul olsun. Çünki onlar vəziyyəti yaxşı bilir".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Ermənistanın Sürix protokollarını ləğv etmək niyyəti daha çox daxili ictimai rəyə hesablanıb: "Yəqin ki, bu prosesin uzun müddətdir getmədiyini, asılı vəziyyətdə olduğunu görüb bu addımı atıblar. Bunun əsasən erməni daxili ictimai rəyinə hesablandığını düşünürəm".

Henri Kissencerin vasitəçiliyi ilə bağlı təklifə politoloqun münasibəti belə oldu: "İndiki halda Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsində Kissencer deyil, daha çox Vladimir Putin iş görə bilər. Ona görə də ermənilər Kissencerə yox, Putinə müraciət etsələr, daha yaxşı olar".

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений