Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İqtisadçı: "...Palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil"



Azərbaycanın bank sistemindəki problemlər bu il də həllini tapmadı. Bəzi banklar özlərini müflis elan etməklə vəziyyətdən çıxış yolu axtarıblar. Bankların sağlamlaşdırılması istiqamətində hökumətə verilən bəzi təkliflər isə qəbul olunmayıb. 

İqtisadçı-ekspert Vüqar Bayramov da bank sistemindəki problemlərə toxunub:

“Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var. Əvvəllər də dediyimiz kimi, təcrübə göstərib ki, palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil. Belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta, əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir”. 

İqtisadçı bildirib ki, vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər: 

“Bütövlükdə, apardığımız monitorinq və qiymətləndirmələr göstərir ki, 8 bankın sağlamlaşdırılmasına ehtiyac var. Buna görə də, biz bir müddət öncə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdik. Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da, bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsinin vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür”. 

İqtisadçı bildirir ki, bu proqram ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyli dərəcədə yumşalması, vətəndaşların banklardan borc asılılığının azalması, eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений