Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İpoteka ilə bağlı yeni MÜƏMMA: Pullar hara yox olur?



İpoteka qaydalarında dəyşikliklər edilib.Belə ki, artıq, təmirsiz evləri də ipoteka kreditləri vasitəsi ilə almaq mümkün olacaq.Əvvəlki qaydalara əsasən ipoteka krediti vasitəsi ilə alınan evlərin təmirli olması əsas şərt idi.Nazirlər Kabineti "İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası"nda dəyişiklik edib. Yeni qaydalara əsasən, evə ehtiyacı olan şəxslər artıq ipoteka krediti vasitəsi ilə təmirsiz ev də ala biləcəklər. Maraqlıdır, ipoteka kreditlərində dəyişiklik şərtləri vətəndaşlara hansı üstünlüklər verəcək?

“Antikollektor” MMC-nin direktoru, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırkı ipoteka kreditlərinin qeyri-şəffaf şəraitdə verilməsini nəzərə alaraq hansısa müsbət dəyişikliyin olmasını gözləmir:

“Yaxınlarda olan ən böyük dəyişikliklərdən biri bu oldu ki, ipoteka krediti üzrə maksimal məbləğ artırıldı.Əgər indiyə qədər ipoteka kreditinin maksimal məbləği 100 min manat idisə, indi 150 min manat oldu.Bilirik ki, dövlətin ipoteka kreditlərinə ayırdığı vəsaitlər azdır.Yəni, hər vətəndaş gedib o krediti ala bilmir.Evin təmirli və ya təmirsiz olması vəziyyəti dəyişmir.Dəfələrlə təklif etmişəm ki, İpoteka Fondunun xətti ilə verilən kreditlər tam şəffaf olmalıdır.Yəni, Fondun internet saytında ipoteka kreditini götürənlər haqqında ətraflı məlumat verilməlidir. Kim hansı məbləğdə kredit götürüb, həmin vəsaitlə hansı evi alıb, ailə tərkibi neçə nəfərdir, əməkhaqqı nə qədərdir və s. kimi məlumatlar saytda öz əksini tapmalıdır. Vətəndaş olaraq bu məlumatları görüb müqayisə etmək bizim üçün mümkün olmalıdır.Əvvəla, görək hansı şərtlərə cavab verən vətəndaş bu krediti ala bildi, hansılar ala bilmədi.Bəzən normal əməkhaqqısı olan vətəndaş ipoteka krediti üçün müraciət etsə də götürə bilmir.Niyə başqa vətəndaşa üstünlük verilir? Digər tərəfdən, həqiqətənmi ipoteka kreditini alan şəxsin o evi almağa ehtiyacı var? Biz bu səbəbləri belə bilmirik. Bəlkə eyni şəxs Fonddan 2-3 dənə ipoteka krediti alıb... Bəlkə o şəxsin bir neçə evi var və yaxud özünün yoxdursa da, ailə üzvlərinin ola bilər... Biz necə müəyyən edək ki, ipoteka kreditini alan şəxs doğrudan da aldığı evdə yaşayır? Bəlkə yaşamır, heç evə ehtiyacı yoxdur...”

Ekspert hesab edir ki, verilən ipoteka kreditləri saxta da ola bilər:

“Məlumdur ki, hazırda Mərkəzi Bank banklara krediti 15 faizlə verir. Banklar da öz növbəsində 20-25, bəzən 30 faizə qədər kredit verir.Halbuki, İpoteka Fondunun xətti ilə verilən kredit ya 4, ya da 8 faizdir.Tutaq ki, hansısa məmur sahibkara ucuz kredit lazımdır.Bu halda formal olaraq öz yaxın dostunun evini alır. İpoteka Fondundan 150 min manat krediti götürüb evi öz adına sənədləşdirir, amma faktiki olaraq evdə kim yaşayırdısa, o da qalır. Məmur sahibkar Fonddan götürdüyü pulu isə biznesində istifadə edir.Bəzən heç biznesində də istifadə etmir. 4 faizlə götürdüyü ipoteka kreditini banka 15 faizlə kredit qoyur. Bu halda haradan bilə bilərik ki, cavabdeh şəxslər bu cür  sövdələşmələrdə iştirak etmir? Niyə inanmalıyıq?Bunun üçün nəzarət mexanizmi olmalıdır.Birinci növbədə Fondun saytında ipoteka kreditini əldə etmiş şəxs haqqında məlumatlar ətraflı dərc edilməlidir.Bütün bu neqativ hallara ictimai nəzarət olmalıdır”.

Bəs, bank sirri?

Əkrəm Həsənov qeyd edib ki, vətəndaş bankdan kredit götürürsə, onun haqqında məlumatlar sirr olmalıdır:

“Dəfələrlə təklif etmişəm ki, ipoteka krediti üzrə bank sirri ləğv edilməlidir. Çünki bu kreditlər dövlət xətti ilə verilir və ucuzdur.Burada korrupsiya üçün tam şərait var. Bunun qarşısını almaq üçün bank sirri olmamalıdır.Əgər ipoteka kreditini götürən şəxs özü haqqında məlumatın ictimailəşməsini istəmirsə, o zaman götürməsin.Hazırda banklar öz vəsaiti hesabına 20-25 faizlə ipoteka krediti verir.Həmin şəxslər ora müraciət edə bilər.Əgər şəxs dövlət vəsaitini götürürsə, onun haqqında məlumat ictimaiyyətə açıq olmalıdır”.

Evlərin təmirsiz olmasına gəlincə, hüquqşünas bunun vətəndaşların xeyrinə olmadığını deyib:

“Hazırda hündürmərtəbəli binalarda xeyli sayda boş mənzillər var. Burada evi tikən sahibkar da ipoteka krediti götürmək istəyən şəxsin dostu ola bilər. Müxtəlif maxinasiyalar etməklə burada da korrupsiyaya tam şərait yaratmış olurlar”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений