Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnflyasiyanı birrəqəmli saxlamaq mümkün olacaqmı? - Hökumət ümid edir, eksperlər isə...



Cari ildə Azərbaycanda inflyasiyanın təkrəqəmli olacağı ilə bağlı müsbət rəylər hələ ötən ildən verilməyə başlamışdı. Ötən ilin noyabr ayında Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, sistemli islahatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın birrəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, 2018-ci ildə ölkədə inflyasiyanın birrəqəmli olacağı ilə bağlı növbəti proqnoz Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan ofisinin rəhbəri İvana Duarte tərəfindən verilib. Bank rəsmisi bildirib ki, bu il Azərbaycanda təkrəqəmli inflyasiya olacaq. O, həmçinin təmsil etdiyi maliyyə qurumunun 2018-ci il üçün Azərbaycanda 2 faizlik iqtisadi artım proqnozlaşdırdığını da qeyd edib.

Cebhe.info xəbər verir ki, müstəqil ekspertlərin fikrincə, reallıqda qiymətlər daha çox artıb. İqtisadçılar xüsusilə ərzaq malları sahəsində 20-30 faiz artım olduğunu bildirirlər. Ekspertlər qiymət artımının ilkin səbəbini manatın məzənnəsinin düşməsi ilə əlaqələndirir. Bahalanmaya daha bir səbəb də istehlak bazarının idxaldan asılılığıdır. Aydın məsələdir ki, Azərbaycan istehsalçı ölkə deyil. Əgər təkcə ticarət mərkəzlərində satılan mallara fikir versək görərik ki, ölkə geyim mallarının təxminən 80-90 faizini idxal edir. Analoji vəziyyəti ərzaq məhsullarına, eləcə də digər sahələrə də şamil etmək olar. Bütün faktorları nəzərə alsaq, Azərbaycanda 2018-ci ildə inflyasiya yenə ikirəqəmli olacaq.

Qiymət artımına daha bir səbəb istehlak bazarını təzyiq altında saxlayan inhisardır. Analitiklərin fikrincə, belə bir situasiyada, hökumətin nəzərdə tutduğu kimi, inflyasiyanı birrəqəmli həddə saxlamaq çox çətin olacaq. Bundan əlavə, 2018-ci ildə enerji daşıyıcılarının, xüsusilə mavi yanacağın qiymətinin yenidən tənzimlənəcəyi (artırılacağı) ehtimal olunur. Əgər bu reallaşarsa, kommunal xərclərin artması inflyasiyanı daha da sürətləndirəcək. Hazırda manatın ucuzlaşması prosesi gedir. Bütün bunlar inflyasiyaya çox ciddi təsir edən amillərdir.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений