Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlahiyyatçı SOS siqnalı verdi: "Bəzi məscidlərdə..."



“Ölkəmizdə də İslam dininin məhz təhrif olunmuş təbliğatı son zamanlar geniş vüsət alır. Belə ki, cəhalətə və xurafata aludə olmuş ruhanilər başına xaricdən mayalanan dəstələr toplayaraq fanatizm yayırlar. Hətta bu o dərəcədə irəli gedib ki, cəhaləti, xurafatı, radikalizmi tənqid edən millət vəkilini təhdid, təhqir edirlər, xarici ölkələrdəki həmkarları vasitəsi ilə təhdid mesajları ünvanlayırlar. Bu çox ciddi gələcək təhlükədən xəbər verir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Tural İrfan deyib. Onun sözlərinə görə əhz bu problemlərin yaranma səbəblərindən biri də ənənəvi islamın, elmi islamın, orijinal islamın yox, xurafatın, cəhalətin, təriqətçiliyin ölkədə İslam adına təbliğinin qarşısının alınmamasıdır:

“Səmavi dinlər insanları doğru, humanist və ədalətli yola yönəltmək üçün Allah tərəfindən nazil edilir. İlkin yaranma dövründə dinlər bu istiqamətdə irəliləyir. Ancaq zaman keçdikcə insanlar bu dinləri subyektiv fikirlərinə, şəxsi ambissiyalarına, şəxsi mənafelərinə görə maraqlı olduqları istiqamətə yönəldərək təhrif edirlər. Hətta xristianlar və yəhudilər müqəddəs kitablarını belə bu amalla təhrif etməkdən çəkinməyiblər. Bunun nəticəsində də dinlər arasında ixtilaf yaranıb. Lakin İslam dinində Qurani Kərimi dəyişmək, orijinalı təhrif etmək mümkün olmayıb. Bunun nəticəsində də Quranın mənasını, anlamını, ehtiva etdiyi istiqaməti tədricən təhrif ediblər. Yəni ayə və surələrdən öz istəklərinə uyğun məna çıxarıblar, buna bəzi uydurma hədisləri və rəvayətləri də qoşaraq fərqli məzhəblərin, cərəyanların, təriqətlərin yaranmasına, dinin parçalanmasına yol açıblar ki, bundan da maraqlı qüvvələr tarix boyu istifadə edib”. 

Ekspertin sözlərinə görə fərqli qütblərdə fərqli məzhəb nümayəndələri ruhani cildində ortaya çıxır, əks təriqəti və onun inanc yerini təhqir edir, nəticədə də aqressiya və nifaq yaranır: 

“Bu hələ toxumdur, artıq cücərir, bunun məhsul verməsi dövlətimiz üçün ağır nəticələr verə bilər. Bəzi məscidlərdəki ruhanilər başına topladığı Qurandan xəbərsiz, milli mənəvi dəyərlərimizdən xəbərsiz dəstələri sırf xarici kəşfiyyatların maraqlarına uyğun tərbiyə edirlər. Həmin şəxslər təqlid etdikləri, tabe olduqları, xaricdəki müctəhidə və onun əmrlərinə kor-koranə əməl etməyə hazırdırlar. Həmin qüvvələr də bu toplumdan ölkəmizə qarşı təsir rıçaqı kimi istifadə edirlər. Necə ki, müşahidə edirik. Əsasən bu iki istiqamətdə cərəyan edir. Radikalizm və fanatizm. Sələfi-vəhhabi yönümlü cərəyanlar daha çox radikalizmə meyllidirlər. Digər tərəfdə toplanan toplum isə sırf xurafata, fanatizmə yön alıb.

Bir tərəfdə pirləri, qəbirləri ziyarəti haram sayan, əlacı olsa o müqəddəs ziyarətgahları dağıdası, özündən başqalarını dinsiz sayan radikal bir cərəyan, digər tərəfdə də baş yarmağı, zəncir vurmağı, ağlaşmanı elmdən, Qurandan üstün sayan fanatlaşdırılmış ikinci bir zümrə... İkisi də inkişaf edir və bu inkişaf onların bir-birinə rəqabətin nəticəsində inkişaf edir. Nəyin bahasına olursa olsun hər ikisi tərəfdarlarının sayını artırmaq istəyirlər ki, qarşı saydıqları tərəfdən üstün olsunlar. Bunun qarşısı dövlətin aidiyyatı orqanları tərəfindən alınmalıdır. Parçalanmış islamın, xurafata qarışdırılmış islamın deyil, həqiqi, ənənəvi, elmi, mötədil və bütöv islamın təbliğini istiqamətləndirmək lazımdır”.

Tural İrfan əlavə edib ki, ölkədə fərqli dini cərəyanların xurafat və fanatizm içərisində inkişafı və parçalanma yaratmaları, gələcək qarşıdurmaya və milli vəhdətin pozulmasına gətirib çıxara bilər ki, bu da bizə düşmən olanların işinə yarayar:

“Din artıq din funksiyası yox, sanki xarici qüvvələrin və maraqlı dövlətlərin maraqlarını həyata keçirmək üçün bir alətə çevrilir. Sosial şəbəkələrdə bir-birnə zidd səhifələr və qruplar fəaliyyət göstəri ki, bunlar bir-birinin əleyhinə təhqirlər, hədələr, şantaj materialları yayırlar. Bu, həm dinə meylli saf təbəqənin fikrini çaşdırır, dinə ikrah yaradır, həm də həmin zümrələrin öz aralarında ziddiyyəti, kini artırır. Bu baxımdan da Qafqaz Müsəlmanları İdarəsi vahid proqram hazırlamalıdır və məscidlərdə fəaliyyət göstərən ruhanilər xarici dövlətlərin islam modelinə uyğun yox, öz milli mənəvi dəyərlərimizə, xalqımızın tarixən yaşatdığı ənənvi islama uyğun çıxışlar etməlidirlər. hazırda məscidlərdə hətta rəsmi fəaliyyət göstərən elə ruhanilər var ki, nəinki xütbələrində xarici din xadimlərinə istinad edirlər, hətta ləhcələrində, əl hərəkətlərində belə onları təqlid edirlər. Vahid islami istiqamət müəyyən edilməlidir ki, pərakəndə və parçalnma yaradan xurafatçı fanat, radikal qüvvələr öz işini bilsin.

Problemi o qədər dərinləşməyə imkan vermək olmaz ki, sonunda daha ağır nəticələr ortaya çıxsın və işə güc orqanları müdaxilə etməli olsun. Ona görə də hələ ki, özlərinə münbit şərait tapan xurafatçı (əslində bu xurafat da məqsədyönlü şəkildə aparılır və savadsız təbəqəni məhz bu yolla maraqlarına xidmət etdirmiş olurlar) dəstələr rahat fəaliyyətdədirlər, yutubda, feysbukda, hətta məscidlərdəki xütbələrində dövlətimizə, xalqımıza, İslam dininə xələl gətirən nağıllar quraşdırırlar, xaricdən mayalandıqları mənbələrin üstü örtülü, bəzən də açıq təbliğatını aparırlar. Çox ciddi şəkildə bunun qarşısı alınmalıdır. Hansı cərəyan olur-olsun, ümumi fəaliyyət formatı hazırlanmalıdır, ruhanilər, imamlar vahid istiqamətdən kənara çıxmamalıdırlar”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений