Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İctimaiyyətdən gizlədilən “işsizlik qanunu”: NƏ VERƏCƏK?



Azərbaycanda qeydiyyatsız işləyənlərin sayı hələ də yüksəkdir. 2018-ci ilin ilk rübündə Dövlət Statistika Komitəsi Azərbaycanda 33 minə yaxın rəsmi işsiz statusu alanların olduğunu göstərir, eyni zamanda ölkədə 252 mindən çox işsiz adamın olduğunu vurğulayır. Hər ikisi rəsmi dövlət qurumlarının açıqladığı rəqəmlərdir. Rəqəmlərdəki uyğunsuzluğun səbəbi başqa mövzudur. Ümumiyyətlə, son illərdə hökumət tərəfindən atılan bir sıra addımlara rəğmən, Azərbaycanda qeyri-rəsmi məşğulluğun səviyyəsi yüksək olaraq qalır.

Ötən gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin müzakirə edilib. Komitə sədri Hadi Rəcəbli layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər verildiyini diqqətə çatdırıb. Səsləndirilən fikirlər ikinci oxunuş üçün təqdim olunan sənəddə öz əksini tapıb. Vacib məqamlardan biri layihəyə qeyri-formal məşğulluğa dair ayrıca bir fəslin daxil edilməsidir. Qeyd edilib ki, bütün ölkələrdə sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq mövcuddur. Dünya üzrə bununla bağlı göstərici 65 faiz təşkil edir. Qanunda bu məsələlərin təsbit edilməsi insanların sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığa dəstək və obyektivlik nöqteyi-nəzərindən mütərəqqi yenilikdir.

Qanun layihəsi barədə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib. Bildirilib ki, qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanuna bəzi redaktə xarakterli düzəlişlər edilib. Eyni zamanda, qeyri-formal məşğulluqla bağlı yeni beşinci fəsil əlavə olunub. Bu fəsildə qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı, qeyri-formal məşğulluq sahəsində maarifləndirmə məsələləri ehtiva olunur.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd edib ki, qeyri-formal məşğulluq ölkə iqtisadiyyatına birbaşa zərbə vurur. Vergi, sosial sığorta, digər ödənişlər həyata keçirilmir, bu sektorda çalışanlar normal iş rejimi ilə təmin olunmur. Bu problemlə bütün dünya ölkələri üzləşir və onun aradan qaldırılması istiqamətində araşdırmalar aparılır, müəyyən addımlar atılır. Qanuna əlavə olunan qeyri-formal məşğulluqla bağlı yeni fəsildə göstərilən məsələlər bu sahədə iqtisadi, stimullaşdırıcı və maarifləndirici tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən birgə nəzarət tədbirləri həyata keçirilir. Bu məqsədlə “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə bildirib ki, belə dəyişikliklərin müzakirəsinə ictimaiyyət nümayəndələri, ekspertlər dəvət olunmur: “Müzakirələr, ancaq məmur təfəkkürünün nəticəsi olaraq formalaşır və Milli Məclisə göndərilir. Qanun layihəsini parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli necə var, elə də müzakirəyə təqdim edir.

Dəfələrlə Hadı müəllimin özünə də demişəm ki, bu, yolverilməz haldır. İndi dəyişikliklər heç nəyi həll etməyəcək. Ümumiyyətlə, kənar müşahidələrim onu deməyə əsas verir ki, qeyri-formal əmək bazarının ləğvinə yönələn istənilən tədbirlər səhvdir. Çünki bütün tədbirlər nəticənin aradan qaldırılmasına yönəlib, səbəbinə yox. O vaxta qədər ki, səbəblər müəyyən olunmayacaq və onlar aradan qalxmayacaq, görülən tədbirlər mənfi nəticə verəcək. Məsələn, əmək müqavilələrinin elektron qeydiyyat sistemi başlayanda məsələyə skeptik yanaşmışdım.

O zaman bildirdiyim fikirlərə sosial siyasət komitəsinin üzvü olan millət vəkilləri, eləcə də mütəxəssislər etiraz etmişdilər ki, elektron qeydiyyat effekt verəcək. Nəticə nə oldu? Bir neçə ildə əmək müqavilələrinin sayı artmaq əvəzinə, 250 minə qədər azaldı. İndi müzakirəyə çıxarılacaq “Məşğulluq haqqında” qanun, ondan əvvəl “İşsizlik sığortası haqqında” qanun və.s. kimi sistemlər toplusu qeyri-formal əmək bazarının ləğvinə yox, onun genişlənməsinə xidmət edir.

İctimaiyyətdən gizlədilən “Məşğulluq haqqında” qanun layihəsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin hansısa şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb Milli Məclisə təqdim olunub. Bu qanunun qeyri-formal əmək bazarının həcmini azaldacağına əmin deyiləm. Əksinə, hər bir dəyişiklik bu bazarın hüdudlarının daha da genişlənməsinə səbəb olur. Çünki nəticəyə yönəlib və atılan addımlar səhvdir. Nə vaxta qədər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Məclisin əmək və sosial siyasət komitəsi sövdələşmə əsasında fəaliyyət göstərəcəklər, heç bir dəyişiklikdən söhbət gedə bilməz”.

Əmək haqqından vergi və sosial ayırmaların həcmi azaldılsa, qeyri-formal əməklə məşğul olanların sayı azala bilərmi?

Sahib Məmmədovun fikrincə vergi və sosial ödəmə yükünün azaldılması vəziyyətə bir qədər müsbət təsir edə bilər: “Azərbaycanda vicdanlı işəgötürənlərin cəzalanması sistemi tətbiq olunur. Yəni, kim ki, vicdanla bütün işçilərinə əmək müqaviləsi bağlayır, ikili mühasibatlıq aparmır, onun yükü ilbəil artırıla-artırıla gedir. Məsələn, 2018-ci il yanvarın 1-dən işsizliyə görə Sığorta Fondu 0.5 faiz işəgötürəndən, 0.5 işçidən vergi tutur. Son nəticədə hər iki vergi işəgötürəndən çıxır.

Gələcəkdə tibbi sığorta və digər məsələləri nəzərə alıb qeyri-formal əmək bazarının ləğvinə yönələn ciddi tədbirlər görülməlidir. Bununla bağlı dövlət proqramı qəbul olunub. Amma heç kəs icra etmək fikrində deyil. Altı dövlət orqanına sorğu göndərmişəm heç biri cavab vermir. Belə qənaətə gəlirəm ki, heç kim heç nə etmir. Bəs bu dövlət proqramı niyə qəbul olunub? Vergilər Nazirliyinin də bu istiqamətdə atdığı addımlar qeyri-formal əmək bazarının genişlənməsinə xidmət edir”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений