Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İcbari tibbi sığorta: Müşkülə çevirən səbəblər



Azərbaycanda icbari tibbi sığorta hələ də ləngiyir. “İcbarı tibbi sığorta haqqında” Qanun hələ 1999-cu ildə qəbul olunub. 2007-ci ildə bu qanuna əlavə və dəyişikliklər edilib. 2008-ci ildə isə İcbarı Tibbi Sığorta Agentliyi yaradılıb. Hər il dövlət büdcəsindən İcbari Tibbi Sığorta Agentliyinə bu sahə üzrə iri məbləğdə pul ayrılır. Amma problem aktuallığını qoruyub saxlayır. Qanunun qəbul olunmasından 19 il keçsə, də məsələ tam olaraq həllini tapmayıb.

Məlumat üçün bildirək ki, hazırda bu qanun Gürcüstan, Ukrayna və Moldovada icra olunur. Azərbaycanda isə bu iş hələ də kağız üzərində qalmaqda davam edir. Qeyd edək ki, icbari tibbi sığortanın ilkin sınaq tətbiqi Mingəçevir və Yevlax rayonlarında sınanıldı. Amma yerli icra orqanlarından yayılan məlumata görə bu pilot layihə həmin bölgələrdə heç də uğurlu alınmadı. Hərçənd ki, rəsmi dairələr bu uğursuz tətbiqdən söz açmırlar. Bu günlərdə Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində bu istiqamətdə 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanına dəyişikliklər etdi.

Fərmanda qeyd olunur ki, əsas məqsəd ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq , müasir tələblərə uyğunlaşdırmaq və bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaqdır. Bunun ardınca icbari tibbi sığortanın tətbiqinin pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi nəzərdə tutulub. Amma Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində də bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, hər üç rayonda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar dövlət büdcəsindən 1 560 000,0 manat və 16 760 000,0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılıb. Bir müddət əvvəl də Milli Məclisin plenar iclaslarından birində "Tibbi sığorta haqqında" qanunda dəyişikliklər müzakirə olundu və bəzi dəyişikliklər təsdiqini tapdı. Bu dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, icbari tibbi sığortanın həyata keçirilməsi elə bir çətin proses deyil:

“Qonşu ölkələrdən bunun nümunələrini götürüb, Azərbaycanda tətbiq eləmək olar. Sadəcə, Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən problemlər mövcuddur. Əsasən səhiyyə sisteminin idarə olunması ilə bağlı müəyyən məsələlərdə köhnə stereotiplərdən çəkinmək bir az çətinlik törədir. Ona görə də onu tətbiq etmək bizim ölkədə bir qədər çətinlik yaradır. İnsanların idarə və müəssisələrdə işləməsi, yaxud da hardasa işləməsində müəyyən problemlər var. Bəzən insanların iş yerləri var, amma qeydiyyatı yoxdur. Müxtəlif proseslər həyata keçirilmir. Bu insanlardan sığorta ilə bağlı müəyyən miqdarda əmək haqqının tutulması, yaxud həyata keçirilməsi çox çətinlik törədir. Bu insanlar sığorta ilə bağlı qeydiyyata düşməkdən ötrü müəyyən miqdarda pul köçürməlidirlər. Pul köçürmələri əgər konkret maaşla bağlı olsa, onu həyata keçirmək mümkündür. Amma əhalinin böyük əksəriyyəti elə yerlərdə işləyirlər ki, onların əmək müqaviləsi yoxdur. Əvvəllər bunu müəyyən idarə və müəssisələrdə tətbiq etdilər. Bu proses o zaman yaxşı gedirdi və xəstələrin müayinəsi baxımından hər şey qaydasında idi. Sonradan bu prosesdə də pozuntu yarandı. Xəstələrə o qədər məhdudiyyətlər verildi ki, onlar lazimi səviyyədə müayinə oluna bilmədi. Bununla da müəyyən nöqsanlar və problemlər baş verdi. Bu baxımdan Azərbaycanda icbari tibbi sığortanın tətbiqi baş tutmur”.

Alçina








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений