Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

HÖKUMƏTDƏN  DƏYİŞİKLİK: Nazirliklər birləşdirilir, yeni qurumlar yaradılır?



“Neft erası” bitdikdən sonra dövlət büdcəsində yaranan kəsirlər hökuməti müəyyən islahatlara getməyə vadar etdi. Neft qiymətlərinin kritik həddə qədər azalması zamanında bir sıra sahələrdə, xüsusilə də büdcə təşkilatlarında gəlir və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atıldı. Nəqliyyat Nazirliyi kimi böyük struktura malik bir qurumun ləğv olunması da bu istiqamətdə atılan addım kimi qiymətləndirilir. 2018-ci il büdcə müzakirələrindən də göründü ki, hökumət növbəti ildə də bu istiqamətdə müəyyən addımlar atmalıdır.  

Ümumiyyətlə, nazirliklərin birləşdirilməsi, paralel strukturların, xüsusilə də heç bir fəaliyyəti ilə yadda qalmayan komitələrin ləğv olunacağı məsələsi artıq 2016-cı ildən gündəmdədir. Hətta müəyyən dövrlərdə hökumət rəsmiləri də bu haqda fikirlər səsləndirib və bəzi qurumların birləşdiriləcəyini istisna etməyiblər. Son günlər isə bu məsələ yenidən aktuallaşıb. Belə ki, Vergilər Nazirliyində kadr dəyişikliyindən, yəni Fazil Məmmədovun istefaya göndərilərək yerinə sabiq təhsil naziri Mikayıl Cabbarovun təyin olunmasından sonra qurumun ümumi strukturunda müəyyən dəyişikliklər olacağı deyilir. İlkin versiyalara görə Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birləşdiriləcək. 

Digər nazirliklərin də struktur islahatları çərçivəsində birləşdiriləcəyi deyilir. Ən ciddi dəyişikliklərin isə Mədəniyyət və Turizm Nazirliyində baş verəcəyi ehtimal olunur. Belə ki, adıçəkilən nazirlikdən turizm sahəsinin  alınaraq müstəqil nazirliyə çevriləcəyi  gözlənilir. Məlumdur ki, turizmin qeyri-neft sektorunda özünəməxsus payı var. Bu sahənin inkişafı üçün müəyyən addımlar atılsa da, gözlənilən nəticəni almaq mümkün olmadı. Xüsusilə, bölgələrdə turizmin inkişafı ləngiyir. Bu sektorun inkişafını stimullaşdırmaq üçün  yeni nazirliyin yaradılmasına ehtiyac var. Ekologiya sahəsinin də yeni yaradılacaq nazirliyə veriləcəyi haqqında məlumatlar var. Yeni nazirlik Turizm və Ekologiya Nazirliyi adlanacaq. Qeyd edək ki, bir sıra ölkələrdə bu iki sahəyə bir nazirlik rəhbərlik edir. Turizm alındıqdan sonra Əbülfəs Qarayeyin rəhbərlik etdiyi hazırkı nazirlik  sırf mədəniyyət sahəsinin inkişafı ilə məşğul olacaq. 

Dəyişikliklərin təhsil sektorundan da yan keçməyəcək.  Məlumdur ki, sabiq nazir Mikayıl Cabbarov vergilər naziri təyin oldunduqdan sonra hələ ki, onun xələfinin adı məlum deyil. Ehtimal olunur ki, yeni təhsil naziri məhz dəyişiklərdən sonra təyin olunacaq. Təhsil Nazirliyinin də adının dəyişdiriləcəyi ehtimal olunur. İlkin versiyalara görə nazirliyin adı Elm və Təhsil Nazirliyi olacaq. Qeyd edək ki, bu qurumun adı müəyyən dövrlərdə bir neçə dəfə dəyişdirilib. Yəni, Azərbaycan artıq belə bir təcrübəyə sahibdir. Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə "Xalq Maarifi və Dini Etiqad Nazirliyi" adı altında yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət olan strukturu təsdiq edilib. Sonradan Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 nömrəli dekreti ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi "Xalq Maarif Komissarlığı" adı ilə yenidən təşkil edilib və respublikadakı bütün təhsil müəssisələri onun tabeliyinə verilib. 1921-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Texniki Peşə Təhsili Komitəsi yaradılıb. Ümumiyyətlə, 1959-1988-ci illərdə təhsillə bağlı Azərbaycanda 2 Nazirlik (Xalq Maarifi Nazirliyi, Ali və Orta-İxtisas Təhsili Nazirliyi) və 1 Komitə (Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç qurum ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb, onun strukturu təsdiq olunub. 3 sentyabr 1993-cü il tarixli sərəncamla Xalq Təhsili Nazirliyi "Təhsil Nazirliyi" adı ilə yenidən təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli 58 nömrəli qərarı ilə Nazirliyin Əsasnaməsi təsdiq olunub. Təhsil Nazirliyinin bu dəfə də adının dəyişəcəyi ehtimalları çox yüksəkdir. Ehtimallara görə bu qurum artıq yaxın zamanlarda yeni adı və yeni rəhbəri ilə fəaliyyət göstərəcək.

Nazirliklərdəki gözlənilən dəyişikliklərdən əlavə bir sıra büdcə təşkilatlarının, komitələrin də aidiyyatı üzrə nazirliklərə birləşdiriləcəyi, bəzilərinin isə ümumiyyətlə, ləğv olunacağı ehtimal olunur. Ehtimallara görə hökumət 2018-ci ilə yeni strukturlarla gedəcək ki, bu da həm idarəetmənin optimallaşdırılması, həm də büdcəyə qənaət etməyə hesablanan addımlardır.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений