Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hökumət sahibkarlara güzəşt edəcək? - LAYİHƏ



“Neft bumu” bitdikdən sonra hökumət qeyri-neft sektorunun inkişafına diqqət ayırmağa başladı.Bu sahədə müəyyən işlər görülsə də gözlənilən nəticələr hələ də əldə olunmayıb. Bu sahənin inkişafına maneə yaradan əsas amillərdən biri  monopoliyadır. Monopoliyanın varlığı büövlükdə qeyri-neft sektorunu, xüsusilə də orta və kiçik sahibkarlığın inkişafını əngəlləyir.Digər tərəfdən vergi və əlavə maliyyə yükləri bu sahəni inkişafdan saxlayır.

Bu günlərdə Vergilər Nazirliyi yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər və vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsilə bağlı layihə təqdim etdi. Nazirliyin təklifləri bunlardan ibarətdir - Pərakəndə ticarət və ictimai-iaşə fəaliyyətində nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi; Vergi və maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi; İxracatçılara vergi güzəştlərinin tətbiqi -Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla bəzi özəlləşdirilən dövlət müəssisələrinə vergi güzəştlərinin tətbiqi. Güzəştlərin konkret olaraq hansı şərtlərlə və nə qədər olacağı haqqında isə məlumat yoxdur.Ehtimal olunur ki, bir müddətdən sonra bu məsələlərlə bağlı daha konkret və dəqiq informasiyalar veriləcək. Ekspetlər isə hesab edir ki, Vergilər Nazirliyinin bu təklifləri tətbiqi mexanizmi doğru aparılarsa, bu effektli ola bilər. Ancaq məsələ ondadır ki, bu gün sahibkarlıq fəaliyyətinin yoxlanılmasını təkcə Vergilər Nazirliyi aparmır. Bu sahədə Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və digər ümumilikdə 14 adda dövlət qurumu var. Hesab olunur ki, bu sahənin inkişafı üçün ilk öncə bu qurumların sayında müəyyən islahatlara ehtiyac var. Çünki bir qurumun hazırladığı layihə, digər qurumun maraqlarına uyğun olmadığı halda, həmin güzəştlərin tətbiqi sonda heç bir müsbət nəticə vermir. Bu baxımdan sahibkarlığın inkişafı üçün kompleks tətbirlərin görülməsinə ehtiyac var.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Azərbaycanda ən böyük problemlərdən biri də dövlət qurumlarının koordinasiyalı şəkildə işləməməsidir. Bu görə də hər bir qurum daxili maraqları önə çəkərək məsələlərə yanaşır:

“Hər bir qurumun isə öz daxili maraqları var. Vergilər Nazirliyinin atdığı addımlar pozitiv olsa, sahibkarlığın inkişafında şərait yaratmış olsa belə, burada gömrüklə və digər 14 yoxlayıcı ilə bağlı problemlər həll olunmasa, bu zaman görülən işlər heç bir effekt vermir. Yəni, bütün dövlət qurumları koordinasiyalı şəkildə, bir məqsəd üçün çalışmalıdır.Həmin qurumların və ya rəhbərlərinin şəxsi maraqları burada arxa planda olmalıdır.Amma çox zaman Azərbaycanda görürük ki, hətta çox yaxşı qərarlar verildikdə belə, bu qərarın icrasında, mexanizmlərin işlənib hazırlanmasında problemlə var. Bu problemlərin həlli üçün isə gərək bütün dövlət qurumları birgə çalışsınlar.Vergilər Nazirinin son təşəbbüsü normal mexanizmlər tətbiq olunarsa, doğurdan da kifayət qədər ciddi effekt verə biləcək addımlardır.Həm kiçik və orta sahibkarlığın inkişafı, həm nağdsız ödənişlərin aparılması ilə bağlı müəyyən irəliləyişə nail olmaq olar.Amma burada problem ondan ibarətdir ki, bütün atılan addımlar inzibati qaydada, cəzalar yolu ilə tətbiq olunmasına hesablanır.Bəlkə də ilk dəfə olaraq şans yaranıb ki, maraqların idarə olunması yolu ilə məqsədə çatmaq mümkündür.Nağdsız hesablaşmaları artırmaq istəyirsənsə, həm vətəndaşlarda, həm kommersiya qurumlarında buna maraq oyatmalısan.Marağın oyadılmasının isə alətləri var. Məsələn, nağdsız hesablaşma aparan vətəndaşın əldə etdiyi kassa çeki lotereya biletinə çevrilə bilər və ayda bir dəfə Vergilər Nazirliyi və ya digər aidiyyatı qurumlar qalibləri elan edib, bahalı hədiyyələr verə bilər.Bu da vətəndaşda bir maraq oyadacaq və nağdsız hesablaşmaların aparılması üçün stimula çevriləcək.Digər tərəfdən, kommersiya qurumlarının nağdsız hesablaşmalara marağını artırmaq üçün ya əlavə dəyər, ya da gəlir vergisində müəyyən güzəştlər edilə bilər. Əgər kommersiya qurumlarına elan olunsa ki, nağdsız hesablaşmaların dövriyyəsinə görə ödənilən ƏDV 18 deyil, 15 faiz olacaq o, zaman onlarda da maraq yaranacaq. Hətta onlar reklam xarakterli kampaniyalar keçirərək vətəndaşları bu prosesə cəlb edəcək.Yəni insanları, biznesi cəzalandırmaq yolu ilə deyil, onları maraqlandırmaq, maraqların idarə edilməsi yolu ilə müəyyən müsbət nəticələr əldə etmək olar”.

Ekspert hesab edir ki, kommersiya qurumlarını prosesə cəlb etmək üçün onları cəzalandırmaq yox, maraqlandırmaq lazımdır:

“Təbii ki, bu gün bir çox yerlərdə post-terminallar işləmir, nağdsız hesablaşmalar üçün imkanlar məhduddur.Amma bu artıq nəticədir.Bu nəticəni doğuran səbəblərin aradan qaldırılması vacibdir.Bunun üçün də həmin səbəbləri doğuran kommersiya qurumlarının marağını cəlb etmək lazımdır. Təbii ki, kommersiya qurumları rəsmi dövriyyələrini az göstərməyə çalışırlar ki, az da vergi ödəsinlər. Ona görə də nağdsız alış-verişin az olmasında maraqlıdırlar. Bu da ona gətirib çıxarır ki, həm dövriyyənin azaldılması, həm də vergidən yayınma halları baş verir.Amma həmin ticarət obyektlərinə müəyyən güzəştlər olarsa, onları maraqlandırmaq mümkün olsa, hesab edirəm ki, artıq onlar özləri vətəndaşları bu prosesə cəlb edəcək və infrastrukturu quracaqlar”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений