Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

HƏYƏCAN: Qadınlar niyə ölümü seçir?



Heç kimə sirr deyil ki, dünya praktikasında əsasən kişilərin intihar halları üstünlük təşkil edir.Bu Azərbaycanda da belədir.Amma son illər qadınların intihar faizi də kişilərə çatıb.Dünün daha bir intihar faktı qeydə alındı. Səbail rayon Neftçi Qurban küçəsində yerləşən "Enlightment” dil kursları mərkəzinin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı özünü iş yerində asaraq intihar edib. Əldə olunan məlumata görə, Bakıda meyiti tapılan “Enlightenment” dil kursunun müəllimi həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olub.

Bəli, demək olar ki, yerli mətbuatda az qala hər gün qadın intiharı xəbərlərinə rast gəlirik. Heç bir səbəb bilinmədən, heç kimə heç nə demədən insanlar intihar edir... Səbəbi bilinməsə də, bu məsələ ictimaiyyətdə ciddi narahatlıq doğurmağa başlayıb. Əlbəttə ki, səbəbsiz heç kim özünə qəsd etməz. İnsanların canına qəsd etməsi üçün mütləq ciddi amil olmalıdır. Həmin ciddi səbəblər intihar edən insanı sıxır və onu bezdirir... Bəs bu hallara səbəb nədir?Niyə insanlar bilə-bilə canlarına qəsd edirlər?Hansı ciddi əsaslar var ki, insanı həyatdan bezdirir, yaşamaq istəmir, həyatına son qoyur?

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova Cebhe.info-ya açıqlamasında deyir ki, son dövrlər Azərbaycanda qadınların intihara əl atması, ələlxüsus da kişi metodu ilə həyatlarına son qoymaq cəhdi çoxalıb:

“Keçmişdə qadınlar ya özünü yandırar, ya da dərman içərdi. İndi qadınlar intihar edən zaman ya özlərini asırlar, ya da çoxmərtəbəli binadan atırlar.Bunu da adətən, kişilər edir.Bir çoxları düşünür ki, intihar edən adamlar ruhi xəstədir. Təəssüf ki, heç kim bu intiharın arxasında baş verənlərdən xəbər tutmur. İntihar xəbərlərində əksər hallarda hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilmir.Xatırlayırsınızsa, bir müddət öncə saçı keçəl qırxılmış qadın özünü binadan atandan sonra cinayət işi qaldırıldı.Məlum oldu ki, qadın ailə münaqişəsi zəminində intihar edib.Həmçinin Tovuzda gəlinin bakirəlik məsələsi ortaya çıxmışdı və ona görə intihar etmişdi.Burada ailədə baş verən hadisələr onların intiharına səbəb olmuşdu.Əksər intiharların kökündə bəzi hallarda fiziki olmasa da, psixoloji zorakılıq dayanır.Sadəcə olaraq, bu faktla bağlı ciddi araşdırma aparmaq lazımdır ki, insanın hansı zorakılıq faktı əsasında özünə qəsd həddinə çatması ortaya çıxsın”.

M.Zeynalova deyir ki, insan intihara bir anda qərar vermir:

“Bu proses uzun müddət sürür. İntihar etməyini illərlə beynində yetişdirir.İntihar edən adamdan hələ sağ ikən ayrı-ayrı mesajlar da eşidirik.“Həyatdan bezmişəm”, “Ölmək istəyirəm” və sair kimi sözlərə əhəmiyyət vermirik.Düşünürük ki, bu adi işlədilən sözlərdir.Bunun qarşısını vaxtında almaq lazımdır.Təəssüf  ki, biz bunu həmin adamlara münasibətimizdə bir az da artırırıq. İntihardan sonra peşimanlıq keçiririk, dizimizə-başımıza döyrük ki, vaxtında əncam çəkmədik.Ətrafdakılar daha həssas və diqqətli olsalar, intihar hadisəsinin qarısını zamanında almaq olar.Vaxtında mütəxəssisə müraciət olunsa, intiharların sayı da bu qədər çox olmaz”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov hazırda bütün dünyada intihar hallarının çoxaldığını deyir:

“Ailədaxili konflikt, valideyn-övlad münasibəti, yaxud da hər hansı bir duyğusal məqamda qadın uğursuz intihar cəhdi edə bilər. Kişilərin etdiyi intiharların böyük bir qismi isə həyata keçirilir.Bizə elə gəlir ki, intiharlar Azərbaycanda çoxalıb.Bu gün nəinki Azərbaycanda, dünyanın hər yerində intihar hallarının artmasından dolayı həyəcan təbili çalırlar.İntiharların çoxlamasına gəldikdə isə bu gün insanların həyata yanaşması fərqlidir.Deyirlər ki, Azərbaycanda insanların həyat şəraiti aşağıdır.Halbuki, həyat şəraitinə görə Şimali Avropa birinci, intiharda da birinci yerdədir.Bu adamların təminatları varsa, sual yaranır ki, onlar niyə intihar edir?Onlar isə başqa bir məsələ qoyurlar: İnsan həyatında məna görmür. Həyatına anlam verə bilmir.Düşünür ki, boşuna yaşayır, depressiyaya düşür.Depressiyaya düşəndən sonra intihar haqqında düşünür və davam edir.Qadınların intiharları dünən də çox idi. Sadəcə, cəhdlər uğursuz idi... Məsələn, vanna otağına keçib, qazı buraxırdı.Gəlib, onu xilas edirdilər. Yaxud evdə adam olanda dərman içirdi, onu həkimə çatdırırdılar. Əslində, bu cümlələri dilə gətirmək istəmirəm. Bununla camaata yol göstərmiş olmayaq... Ümumiləşdirsək, bunlar uğursuz intihar cəhdləridir.Düzdür, qəbul edək ki, indi ailədaxili konfliktlər də çoxalıb.İnsanlarda psixoloji narahatlıq, stress halları çoxalıb.Bütün bunlar da intihara meyillənməyə təsir edir.Bütün dünyada birmənalı şəkildə psixoloji problemlər və intihar halları artıb.Ailədaxili problemlər, boşanmalar, qərarsızlıq, komforta meyillilik və çox zaman məqsədsiz yaşamaq insanı özünəqəsdə sürükləyir. Tez bir zamanda şeylər əldə eləmək... Yəni adamın evində çörək yoxdur, bundan narahat deyil, amma interneti kəsilibsə, narahatdır... Çox az qisim insan olur ki, intihara anidən qərar verir. Yəni belələrinin faiz nisbəti azdır.İntiharla həyatına son qoyan insanlar təkrar intihara cəhd edən insanlardır.Bir qismi isə depressiyada olan insanlardır.Yəni bu konflikt birdən-birə ortaya çıxmır.İllərlə toparlanır və intiharı həyata keçirir”.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Zəfər Əliyev isə söyləyir ki, intiharlar çoxalmayıb: 

“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən tərcihləri var. Buna əsasən, söyləmək olar ki, bizdə olan intiharların sayı norma çərçəvəsindədir, çox hesab edilmir. Avstriyada belə bir təcrübə aparmışdılar.Özünə sui-qəsdlə bağlı xəbərlərə məhdudiyyət qoyulmuşdu. Bu da çox böyük effekt verdi. İntiharların sayı 2-3 dəfə azaldı.Yerli KİV-də intihar hallarına çox diqqət yetirilir.İnsanın hansı yolla özünə qəsd etdiyi göstərilir. Depressiyada olan adam üçün də bu xəbərlər tətikləyici rol oynayır. İntihar edən adamları xəstə hesab etmək olar. İnsanın özünü ölümə atmağı  yalnız bir halda - müharibədə, vətən uğrunda döyüşdə normal sayılır. Qalan hallarda isə xəstəlikdir.İnsanda özünüqoruma instinkti var. Bu bizim fəaliyyətimizin əsasını təşkil edir.Ölüm qorxusu instinktiv səviyyədə bir hissdir.Bu pozulanda, o deməkdir ki, həmin insanda patologiyadır, xəstəlikdir.İntihar edən insanların 90 faizinin psixi patalogiyası var”.

 

 

 

 

Aytən Həsənova

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений