Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Gürcüstandakı azərbaycanlılar proporsional siyahı üzrə ilk beşliyə də salınmayıb" - MÜSAHİBƏ



Gürcüstan azərbaycanlılarının hüquq və problemləri  üzrə ekspert Kamran Ramazanlı “Cümhuriyət” qəzetinə müsahibə verib.

Suallar Borçalıda və ətraf bölgələrdə yaşayan soydaşlarımızın həllini gözləyən problemlərinin səbəbləri və çıxış yolları ilə bağlı olub.

Cebhe.info müsahibəni təqdim edir.  

- Gürcüstanda yaşayan Azərbaycan türklərinin problemləri barədə çox danışılır. Amma bu problemlər sanki həllolunmaz bir məsələyə çevrilib. Gəlin, bir qədər dəqiqləşdirmə aparaq. Borçalıda və digər bölgələrdə yaşayan soydaşlarımızın əsas problemləri hansılardır və onların başlıca səbəbləri nədir? 
- Gürcüstanlı soydaşlarımız paytaxt Tiflis də daxil olmaqla bu ölkənin 10-15 inzibati ərazi vahidində yaşayır. Azərbaycan türkləri əsasən kompakt şəkildə Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarında yaşayırlar. Saqareco rayonunun Qaraçöp adlanan və səkkiz kəndi birləşdirən ərazisində 25 min azərbaycanlı yaşayır. Gürcüstandakı soydaşlarımızın problemlərini belə qruplaşdırmaq olar: 

-Toponimika, təhsil, mədəniyyət və incəsənət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları sahəsində, dövlət qulluğu sahəsində olan problemlər. Yəni Gürcüstanın dövlət idarəçiliyi sahəsində soydaşlarımızın ciddi problemləri var. Onlar Gürcüstanın aborigen əhalisi olduğuna görə bu məsələlər dövlət səviyyəsində həlll olunmalıdır. Elə problemlər də var ki, onları Azərbaycan və Gürcüstan dövlətləri birgə həll etməlidir. Bu baxımdan iki ölkənin birlikdə çözəcəyi problem təhsil sahəsi ilə bağlıdır. Məsələn, sovet dövründə Gürcüstanda 183 Azərbaycandilli məktəb fəaliyyət göstərib. Hazırda bu məktəblərin sayı 116-ya enib. Bu məktəblərdə də vəziyyət olduqca acınacaqlıdır. Xüsusilə də kadr çatışmazlığı özünü daha çox göstərir. Mən Bolnisi rayonunun timsalında mövcud vəziyyətə aydınlıq gətirmək istərdim. Bolnisidə 18 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. 1992-ci ildə Bolnisidə 43 belə məktəb var idisə, indi onlardan 18-i qalıb. Həmin məktəblərdə 2850 şagird təhsil alır. Halbuki, 1993-cü ildə Azərbaycan dilli məktəblərdə 10 min 50 çagird var idi. 1993-cü ildə 2950 müəllim fəaliyyət göstərirdisə, indii onların sayı 406-a nəfərə düşüb. Həmin müəllimlərin də 81 faizi təqaüdçülər və təqaüd yaşına çatmış şəxslərdir. 

-Azərbaycan dilli məktəblərinin sayının azalmasına onlarıın birləşdirilməsi səbəb olub, yoxsa fəaliyyəti ləğv edilib? 
-Bəzi məktəblər ləğv edilib, bəziləri isə birləşdirilib. Yəni kontingentin sayı azaldığına görə məktəblər birləşdirilib. Yaranmış vəziyyətdən çıxış yolu nədən ibarətdir? İlk növbədə, pedaqoji kadrların hazırlanması üçün Azərbaycan və Gürcüstan hökumətləri birgə fəaliyyət proqramı hazırlamalı və bu istiqamətdə işlər həyata keçirilməlidir. Məsələn, sovet dövründə Gürcüstanda Puşkin adına İnstitut var idi. Həmin institutda Azərbaycan dilli məktəblər üçün müəllim kadrlar hazırlanırdı. Sonra həmin institut bağlandı. İndi belə bir fakültə, yaxud təhsil müəssisəsi fəaliyyət göstərmir. 

- Azərbaycan Təhsil Nazirliyi hər il Gürcüstandakı Azərbaycan dilli məktəblərə dərslik göndərir. Siz isə hesab edirsiniz ki, problem dərslik deyil, daha çox müəllim çatışmazlığı ilə bağlıdır.
-Bəli. Dərsliklə bağlı kiçik çətinlikləri nəzərə almasaq, ciddi problem yoxdur. Dərslik var. Azərbaycan dilli məktəblərin əsas problemi kadr çatışmazlığıdır. İndi işləyən müəllimlərin əksəriyyəti sovet dövründə fəaliyyətə başlamış və orta yaş həddi 60-dan yuxarı olan şəxslərdir. Onlar da müasir təhsil sisteminin qaydalarını, kompüterləri bilmir. 

- Yeni müəllimlərin işə qəbulunda gürcü dilini bilməməsi də əsas maneələrdən biri kimi göstərilir...
-Azərbaycan dilini tədris edən müəllimin gürcü dilini bilməsi vacib deyil. Gürcü dilini tədris edən müəllimlər isə Tiflisdən gəlir və dərsini deyir. Bu sahədə problem yooxdur. 

- Təhsil sahəsindəki problemlərdən danışdınız. Amma qeyd etdiniz ki, digər sahələrdə də çətinliklər var. İndi isə həmin problemlərdən daha ətraflı söz açaq. 
-Həllini tapmayan ən böyük problemlərdən biri gürcüləşdirilmiş yer adları ilə bağlıdır. Bəzi yoldaşlar bu problemlərin Qamsaxurdiyanın prezidentliyi dövründə başladığını deyir. Doğrudur, Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə ad dəyişilməsi prosesi gedib. Əslində, bu problemin kökü xeyli əvvələ gedib çıxır. Belə ki, SSRİ dövründə Borçalı adı kiçildilərək bir rayona qoyulmuşdu. Marneuli rayonu əvvəlcə Borçalı adlandırılıb. 1949-cu ildə bu rayonun adı dəyişdirilərək Marneuli adı verildi. Qamsaxurdiya dövründə soydaşlarımızın yaşadığı ərazilərin adlarının dəyişdirilməsi prosesi davam etdi. Eduard Şevardnadzenin prezident olduğu illərdə isə 34 kəndin tarixi adları tamamilə dəyişdirildi. Hətta çox paradoksal haldır ki, Xram çayının adını dəyişərək ikiləşdiriblər. Çayın Bolnisi rayonundan keçən hissəsinə Kçia adını veriblər. Çayın Marneuli rayonundan axan hissəsi isə Xram çayı adlanır. Demək olar ki, Xram çayı bir rayonda bir adla, digər rayonda isə başqa adla səsləndirilir. Yaxud, əhalisi 5 mindən artıq olan kəndlərin adlarını dəyişiblər. Məsələn, əhalisi 10 min nəfərə yaxın olan Kəpənəkçi kəndinə Kvemo Bolnisi adını veriblər. Böyük kəndlərdən biri olan Faxralı kəndinin adıını dəyişərək Talaveri qoyublar. Arıxlı kəndinə Naxiduri, Saraclı kəndinə Mamxuti adları verilib. Bu məsələlər isə öz həllini tapmayıb. Qamsaxurdiyanın və Şevardnadzenin hakimiyyəti dönəmində kənd sovetlərinin əli ilə guya sakinlərin kəndlərin adını dəyişmək istədiyi barədə əhalinin xəbəri olmadan saxta protokollar tərtib olunub. Beləliklə, kəndlərin adları dəyişdirilib. Halbuki, beynəlxalq konvensiyalara görə, həmin qərarlar yolverilməzdir. 

Digər böyük problemlərdən biri aqrar sahədədir. Sovet dövründə Gürcüstanın kənd təsərrüfatı tədarükünün 30 faizi Borçalı bölgəsinin payına düşürdü. Bu bölgədə əsasən heyvandarlıq inkişaf edib. 1992-ci ildən bəri torpaq islahatı adı altında müəyyən qərarlar və qanunlar qəbul olundu. Bunlardan ikisini xüsusilə, vurğulamaq istəyirəm. 1996-cı il martın 22-də "Torpaq Haqqında" Qanunun qəbulundan sonra Borçalı əhalisinin 70 faizi öz torpaqlarının sahibi deyil və icarədar qismində çıxış edir. Həmin qanunun bir bəndində yazılıb ki, sərhədyanı və sahilyanı ərazilərdə 21 kilometrə qədər məsafədə yerləşən torpaqlar özəlləşdirilə bilməz. Yəni Azərbaycanla Borçalı bölgəsinin sərhədi çox azdır. Bu məntiqlə çıxış etdikdə belə qənaətə gəlmər olar ki, həmin qanun yalnız bizim soydaşlarımız yaşayan əraziyə şamil olundu. Bəzi yerlərdə isə torpaqlar dövlət idarələrininə təşkilatların balansına verildi. Məsələn, Müqəddəs İlya Cəmiyyətinə, Kostava Cəmiyyətinə torpaqlar ayrıldı. Yəni həmin torpaqlar nə özəlləşdirilə, nə də təsərrüfat məqsədilə istifadə oluna bilməz. Bundan başqa, 1993-cü ildə şəhər əhalisi üçün torpaq nəzərdə tutulmuşdu. Əhali də gəlib Borçalıda torpaqları icarəyə götürməyə başladı. Sonra "Torpaq Haqqında" Qanun qəbul olunan zaman orada qeyd edildi ki, torpaq satışa çıxarılan zaman ilk növbədə icarədara təqdim olunur. Əgər o, almaqdan imtina edirsə, o halda digər şəxslər ala bilər. Əslində, 33 min şəhər ailəsi üçün Bolnisidə, Marneulidə, Qardabanidə torpaqlar ayrıldı. Həmin ailələrin də əksəriyyəti gürcülər idi. Sonra da hərraca çıxarılan da gürcülərə təqdim olundu. 

-Yəqin ki, bu qanunsuzluqların başlıca səbəblərindən biri Gürcüstanın hakimiyyət orqanlarında, xüsusilə də parlamentdə azərbaycanlıların sayının az olması ilə bağlıdır. 
- Həmin qanun qəbul olunanda, yəni Şevardnadzenin prezidentliyi dönəmində Gürcüstan parlamentində cəmi altı soydaşımız təmsil olunurdu. Təəssüflər olsun ki, torpaq məsələsi ilə bağlı heç bir münasibət bildirməyib. Hazırda Gürcüstan parlamentindəki azərbaycanlı deputatların sayı dörd nəfərdir. Onların üç nəfəri iqtidar, bir nəfəri isə müxalifət partiyasını təmsil edir. Amma həmin deputatların da torpaq problemini parlamentdə qaldırması barədə heç bir fakt yoxdur. 

-Yəni azərbaycanlıdan alıb azərbaycanlıya veriblər. 
-Bəli, torpaq probleminin həllinə bu cür yanaşılıb. Dövlət idarəçiliyində azərbaycanlıların iştirakına gəldikdə, Rustavi şəhərində texniki işçiləri nəzərə almasaq, qubernatorun müavini və Marneuli rayonunda bir icra başçısı və bir nəfər polis rəisindən başqa azərbaycanlı yüksək vəzifədə çalışmır. Məhkəmə-prokuroluq sisteminin rəhbər heyətində azərbaycanlı işləmir. Gürcüstanda yerli hakimiyyət orqanlarında üstün səlahiyyətlər bələdiyyələrə məxsusdur. Bölgələrin yerli büdcəsinin formalaşması, xərclənməsi bələdiyyələrin səlahiyyətinə aiddir. Amma acınacaqlı vəziyyət ondan ibarətdir ki, Marneuli rayonunda 35 bələdiyyə üzvündən 15-i, Qardabani rayonunda 36 bələdiyyə üzvündən 15-i, Bolnisi rayonunda 28 bələdiyyə üzvündən 12 nəfəri , Dmanisi rayonunda 26 bələdiyyə üzvündən 11-i azərbaycanlıdır. Ermənilərin yaşadığı Ninasminda bölgəsində isə 26 bələdiyyə üzvündən 25-i ermənidir. Axalkalakidə 38 bələdiyyə üzvündən 31-i ermənidir. Sual oluna bilər ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə niyə belə vəziyyət yaranıb? Qeyd edim ki, Gürcüstanın seçki sistemi həm proporsional, həm də majoritar əsaslarla keçirilir. Marneulidə 15 kən sovetliyi üzrə azərbaycanlılar seçilib. Partiyalara gəldikdə, Avropalı Gürcüstan Partiyasından və Saakaşvilinin rəhbərlik etdiyi Milli Hərəkat Partiyasından dörd nəfər bələdiyyə üzvü seçilib. Onların ümumi sayı 15 nəfər təşkil edir. Ancaq təəssüf ki, hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyasının proporsional siyahısında azərbaycanlılar keçərli yerlərdə olmayıb. Digər rayonlarda da proporsional siyahı üzrə ilk beşliyə azərbaycanlılar salınmayıb. Ona görə də bələdiyyə üzvü olan soydaşlarımızn sayı azlıq təşkil edir. İstər, Marneulidə, istər Bolnisidə, Qardabanidə, Dmanisidə indiki hakimiyyəıti kifayət qədər müdafiə edən azərbaycanlılar var. Amma onları seçkilərdə ilk beşliyə heç vaxt daxil etmirlər. Saakaşvilinin prezidentliyi dövründə bu problem mövcud olsa da, belə ağır deyildi. Məsələn, Saakaşvili dönəmində Marneulidə 28 bələdiyyə üzvündən 19-u azərbaycanlı idi. Yəni nisbətən yaxşı idi. Ümumilikdə isə soydaşlarımıza münasibət dəyişmir. 

Gürcüstandakı soydaşlarımızn əsas problemlərindən biri Heydər Əliyevin adını daşıyan Tiflis teatrı ilə bağlıdır. Teatrın binasının ciddi təmirə ehtiyacı var. 

-Gürcüstandakı soydaşlarımızın hüquqları və problmləri ilə bağlı məsələlərdə vətəndaş cəmiyyətinin fəaliyyəti sizcə, qaneedicidirmi?
-Azərbaycanlılar yaşayan bölgələrdə 100-ə yaxın QHT mövcuddur. Amma onların əkəsriyyəti bu sahədə fəaliyyət göstərmir. Bir çox QHT-lər azərbaycanlıların hüquqlarının müdafiəsi və problemlərinin həlli istiqamətində demək olar ki, fəaliyyətsizdir. 

- Soydaşlarımız öz problemlərinin həllində birlik nümayiş etdirə bilmir? 
-Gürcüstan universitetlərində azərbaycanlı tələbələr təhsil alır. Son bir-iki il ərzində gürcü dilində təhsil alan tələbələrin gənclər təşkilatları yaradılıb. Onların gələcəkdə mühüm işlər görəcəyinə şəxsən mənim böyük ümidlərim var. 

- Avropa Şurasının və digər beynəlxalq qurumların qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq, aparılan monitorinqlərdə Gürcüstanda milli azlıqların, o cümlədən, azərbaycanlıların problemləri əksini tapıbmı?
- Bəzi monitorinqlərdə din sahəsində üzləşdiyimiz problemlər öz əksini tapıb. Gürcüstan müsəlmanlarının 300-ə yaxın ibadət evi fəaliyyət göstərir. Onların böyük statusu şəxsi ev statusu daşıyır. Yəni məscid hesab olunmur. Bu problem Gürcüstanın Qafqaz Müsəlmanları İdarəsinin tərkibindən çıxması və Gürcüstan Müsəlmanlar İdarəsi adlı təşkilat yaratmasından sonra meydana çıxdı. Milli Azlıqların Hüquları üzrə Monitorinq Mərkəzi milli azlıqların problemləri, o cümlədən, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara hesabatlar göndərib. 

- Gürcüstanda yaşayan soydaşlarımızın hüquqları və problemləri ilə əlaqədar Gürcüstanla yanaşı, Azərbaycanda müxtəlif təşkilatlar fəaliyyət göstərir. Bəs bu təşkilatlar niyə əlaqəli və koordinasiyalı işləyə bilmir? 
- Gürcüstandakı soydaşlarımızın problemləri ilə bağlı qurumların fəaliyyəti məni qane etmir. Çünki onların fəaliyyəti qaneedici olsaydı, soydaşlarımızın problemlərinin bir çoxu öz həllini tapmış olardı. “Borçalı” çəmiyyəti ilə bağlı problem həllini tapmalıdır. Bütün ambisiyalar kənara qoyulmalı, birləşdirci yığıncaq keçirilməli, tam demokratik seçki yolu ilə rəhbərlik seçilməlidir. 

-Diaspor Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfər edib. Siz bu səfərdən soydaşlarımızın problemləırinin həlli istiqamətində müsbət nəticə gösləyirsinizmi?
- Bəli, bu səfərin müsbət nəticə verəcəyinə ümidimiz var. Fuad Muradov dövlət rəsmiləri və katalikos II İlya ilə görüşüb. Çox güman ki, ziyalılar yerlərdəki problemləri Fuad Muradovun diqqətinə çatdırıblar. Amma buna bir diaspora məsələsi kimi yanaşmaq da olmaz. Çünki Borçalı əhalisi aborigenlərdir. Hətta 1996-cı ildə Heydər Əliyev  Opera və Balet Teatrında soydaşlarımızla görüşən zaman onlara demişdi ki, siz aborigensiniz, öz tarixi torpaqlarınızda yaşayırsınız. Arxanızda böyük Azərbaycan dövləti və Heydər Əliyev dayanır. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений